XIV Daşkənd Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib

Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, festival çərçivəsində Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri Özbəkistanın Daşkənd və Buxara şəhərlərində nümayiş etdirilib. Sözügedən filmlər festival çərçivəsində keçirilən “Azərbaycan kino günləri”ndə təqdim olunub.Mərasimdə festivalın qonaqları, kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan dəvət olunan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.Çıxış edən Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov ölkə başçısının təşəbbüsü ilə keçirilən Daşkənd Beynəlxalq Kinofestivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini söyləyib.Özbəkistan kinematoqrafiya agentliyinin rəhbəri Firdavs Abduxolikov ölkədə kinematoqrafiyanın inkişafının birbaşa dövlət başçısının diqqətində olduğunu qeyd edib. O, 1968-ci ildə əsası qoyulmuş Daşkənd Beynəlxalq Kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olduğunu söyləyib.Bağlanış mərasimində, həmçinin “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycanlı gənc kinorejissor Aleksandr Hacıyevskinin “Turan” adlı qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.Qeyd edək ki, sentyabrın 13-dən 18-dək keçirilən “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalında dünyanın 40 ölkəsindən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanadadan 500-dən çox kinematoqrafçı iştirak edib. Kinofestival çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı filmlər təqdim edilib.xeber100.com

Sentyabr 19, 2022 11:04

“İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının açılış mərasimi keçirilib

Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının təntənəli açılış mərasimi keçirilib.1968-ci ildən keçirilən beynəlxalq festival ötən il Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yenidən bərpa olunub.Dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissorlar, tanınmış artistlər, kino sahəsinin mütəxəssisləri kinofestivalda iştirak edirlər.Əvvəlcə iştirakçılar, festivalın fəxri qonaqları qırmızı xalıdan keçərək, mətbuat nümayəndələri ilə görüşüblər.Tədbirin əvvəlində Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov dövlət başçısı Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub.Ölkəmizi bu kino bayramında “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev, rejissor və kinoşünas Ayaz Salayev, rejissor və prodüserlər Oleq Səfərəliyev, Asif Rüstəmov, İlqar Nəcəf, Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova təmsil edir. Festivalda Azərbaycandan Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdiriləcək.Açılış mərasimində bildirilib ki, kinofestival çərçivəsində dünyanın müxtəlif ölkələrinin 150 bədii və sənədli filmi nümayiş olunacaq. Daşkənddə və Özbəkistanın regionlarında 100-dən çox yaradıcılıq tədbirlərinin, müzakirə və görüşlərin keçirilməsi nəzərdə tutulur.Daşkənddəki Kinematoqrafiya evində 1500-dən artıq gənc kinematoqrafçıları birləşdirən kinoklaster yaradılıb və istedadlı gənclər bu istiqamətdə biliklərə yiyələnirlər.Qeyd edək ki, “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinin açılışı da keçiriləcək.xeber100.com

Sentyabr 15, 2022 2:05

“Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişi keçirilib

Hindistanın Bakıdakı səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə avqustun 31-də “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan səfirliyi tərəfindən Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə həyata keçirilən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.Tədbirə çoxlu sayda hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media işçiləri qatılıblar.Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan iştirak ediblər. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, şalvar və kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri nümayiş zamanı tamaşaçıların diqqətini cəlb edib.Tədbirdə çıxış edən V.Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. Toxuculuq və geyim sənayesi Hindistan ÜDM-in 2,3 faizini və ixracının 12 faizini təşkil edir. Hindistanın tekstil və geyim ixracı (əl işləri daxil olmaqla) ötən maliyyə ilində illik 41 faiz artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.V.Kumar, həmçinin Hindistan və Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.O, tamaşaçılardan sentyabrın 2-dən 12-sinə kimi Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksəkkeyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər, həmçinin sərginin ilk üç günü saat 13:00-da və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız olaraq izləyə biləcəklər.xeber100.com

Sentyabr 1, 2022 3:47