“Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişi keçirilib

Hindistanın Bakıdakı səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə avqustun 31-də “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan səfirliyi tərəfindən Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə həyata keçirilən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.Tədbirə çoxlu sayda hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media işçiləri qatılıblar.Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan iştirak ediblər. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, şalvar və kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri nümayiş zamanı tamaşaçıların diqqətini cəlb edib.Tədbirdə çıxış edən V.Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. Toxuculuq və geyim sənayesi Hindistan ÜDM-in 2,3 faizini və ixracının 12 faizini təşkil edir. Hindistanın tekstil və geyim ixracı (əl işləri daxil olmaqla) ötən maliyyə ilində illik 41 faiz artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.V.Kumar, həmçinin Hindistan və Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.O, tamaşaçılardan sentyabrın 2-dən 12-sinə kimi Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksəkkeyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər, həmçinin sərginin ilk üç günü saat 13:00-da və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız olaraq izləyə biləcəklər.xeber100.com

Sentyabr 1, 2022 3:47

Xalq artisti Yusif Muxtarovun dünyaya göz açdığı gündür

Bu gün Azərbaycan radiosunun görkəmli diktoru, Xalq artisti Yusif Muxtarovun dünyaya göz açdığı gündür, yaşasaydı 81 yaşını qeyd edəcəkdi. Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində təhsil alıb. Ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində fəaliyyət göstərməyə başlayıb, eyni zamanda bir çox televiziya tamaşalarında da – S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Xoşbəxtlər”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İ. Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, M. Bayciyevin “Duel” və s.  uğurlu çıxışları olub. Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı. Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Y.Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. O, xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir. Yeri gəlmişkən, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Onun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar. Görkəmli sənətkar Yusif Muxtarovu ad günündə böyük hörmət və ehtiramla yad edirik!        

İyul 21, 2022 10:19

“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Xarrat Qulu Məhəmməd oğluna həsr olunub. Xarrat Qulu Məhəmməd oğlu 1823-cü ildə Şuşa şəhərində anadan olub. O, bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur. XIX əsrin sonunda Şuşa musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Məşhur musiqişünas Xarrat Qulu Şuşada musiqi məktəbinin yaradıcısı olub. O, məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. O zaman dini ənənələrdən başlıcası məhərrəmlik təziyəsi idi. Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü. Xarrat Qulunun öz şagirdlərini dini mərasimlərdə çıxış etməyə sövq etdirməsinə baxmayaraq, onlara şərq musiqisinin əsaslarını - muğamları, Azərbaycan xalq nəğmələrini də öyrədərdi. Onun məktəbində xanəndələrin oxumaq tərzləri belə bir ümumi qayda və ənənəyə əsaslanırdı: Xanəndə dizi üstə oturub oxuyardı. Onlar çox gözəl qaval vurar, oxuyarkən tərpənməz, bəzən isə gözlərini də yumardılar. Xarrat Qulunun musiqi məktəbi dinə xidmət məqsədi güdsə də, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynamış, bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), məşhur tarzən Sadıqcan həmin məktəbin yetişdirmələridirlər. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.xeber100.com

İyul 20, 2022 4:08