Azərbaycan kinosu FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək

“Şollerin arxivi” bədii filmi Braziliyanın Rio-de-Janeyro şəhərində FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri festivalda gələn il martın 31-də birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.xeber100.com

Dekabr 7, 2020 1:34

Film sənayesində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Özbəkistanın ölkəmizdəki səfirliyi və “Özbəkkino” Milli Agentliyi arasında "Film sənayesində əməkdaşlığın gücləndirilməsi" mövzusunda videokonfrans keçirilib.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, onlayn görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, “Özbəkkino” Milli Agentliyi direktorunun birinci müavini Şuxrat Rizayev, tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri İsa Məmmədov, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.Videokonfrans film sənayesi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, bu sahə üzrə mütəxəssislərin yeni tərəfdaş imkanları ilə tanış edilməsi və birgə istehsal üçün açıq olan layihələrin təqdimatı məqsədilə təşkil edilib.Görüş zamanı hər iki ölkədə qarşılıqlı kino həftələrinin keçirilməsi, Azərbaycan və Özbəkistan filmlərinin festivallarda iştirakı, milli dəyərlər, ənənələr və mədəniyyət tarixinə əsaslanan birgə kommersiya filmlərinin çəkilməsi və beynəlxalq səviyyəyə çıxarılması barədə söhbət açılıb.Ortaq layihələrin müzakirəsi zamanı Özbəkistan tərəfi iki qardaş xalqın şairi və yazıçısı Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin, Azərbaycan tərəfi isə Molla (Xoca) Nəsrəddin haqqında birgə filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib.Videokonfransda 2021-ci ildə böyük özbək şair Əlişir Nəvainin 580 illik və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileylərinin qeyd olunması ilə bağlı bu söz ustadlarının əsərlərinə ictimai marağın, xüsusən də gənclərin marağının artırılmasına xidmət edəcək filmlərin nümayişinin təşkili barədə də danışılıb.Sonda tərəflər səmərəli fikir mübadiləsindən məmnun olduqlarını, səslənən təşəbbüsləri dəstəklədiklərini və hədəflərin mərhələli şəkildə həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasının vacibliyini qeyd ediblər.xeber100.com

Dekabr 1, 2020 9:01

Mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, görüşdə Anar Kərimov bu günlərdə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən söz açıb, işğaldan azad olunan əzəli yurd yerimiz Qarabağın zəngin tarixi-mədəni irsə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulayıb. Eyni zamanda, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə məlumat verib.Azərbaycan ilə Meksika arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən A.Kərimov ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.Səmimi qəbula görə təşəkkürünü bildirən səfir öz növbəsində fəaliyyəti dövründə Azərbaycan ilə Meksika arasında iqtisadi, siyasi və digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”ə də toxunulub, mədəniyyət sahəsində mövcud əlaqələrə töhfə olaraq qarşılıqlı mədəniyyət günlərinin təşkili, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə birgə layihələrin icrası məsələləri müzakirə olunub.Sonda müvafiq sahədə inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.xeber100.com

Noyabr 27, 2020 2:49