VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı açılıb

Rusiyanın Orenburq şəhərində VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı Jorj Bizenin “Karmen” operasının tamaşası ilə açılıb.TASS agentliyi xəbər verir ki, səhnədə Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri və İtaliyadan gəlmiş maestro Marko Boeminin dirijorluğu ilə orkestr çıxış edib.Mstislav Rostropoviçin qızı, festivalın təşkilatçısı və bədii rəhbəri Olqa Rostropoviç deyib: “Möhtəşəm operadır, hətta Pyotr Çaykovski də belə hesab edirdi. Onu bütün ölkələrdə, müxtəlif dillərdə, habelə yaponca ifa edirlər. Biz operanı orijinalda - fransızca ifa edəcəyik”.İtaliyalı maestro bildirib ki, festivala gəlməzdən əvvəl Moskvanın Novodeviçye qəbiristanlığında Mstislav Rostropoviç və Qalina Vişnevskayanın məzarlarını ziyarət edib. O əlavə edib ki, Mstislav Rostropoviç onun üçün həm musiqiçi, həm də insanlıq örnəyidir.VII Beynəlxalq Mstislav Rostropoviç Festivalının ikinci günündə Orenburq Vilayət Filarmoniyasında opera-qala olacaq. Konsertdə Qalina Vişnevskayanın adını daşıyan Beynəlxalq Opera Müsabiqəsinin laureatları çıxış edəcəklər.Qeyd edək ki, Orenburq Mstislav Rostropoviç üçün əziz yer olub. Böyük Vətən müharibəsi illərində onun ailəsini Moskvadan məhz bu şəhərə evakuasiya ediblər. Maestro musiqi təhsilini də Orenburqda davam etdirib, ilk konsertlərini burada verib. Hazırda Orenburq Dövlət İncəsənət İnstitutu onun adını daşıyır.xeber100.com

Noyabr 30, 2019 8:06

Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü tamam olur

Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü tamam olur.Azərtac xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, yaxınları ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub. Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun filmləri həmişə yaşayacaq. Mərhum sənətkar deyirdi: “Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan”. İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır.xeber100.com

Noyabr 22, 2019 1:31

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı həftəsi” keçiriləcək

Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı həftəsi" keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanmış və həmin tamaşaların noyabrın 23-dən 30-dək həftə çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulur.Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.xeber100.com

Noyabr 19, 2019 3:48