Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib

Oktyabrın 29-da Nizami Kino Mərkəzində rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.Azərtac xəbər verir ki, yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb.Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən fotoslayd nümayiş olunub.“Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin olduğunu bildirib. O deyib: “Görkəmli rejissor müharibə dövrü keçib, bir neçə ölkənin azad olunmasında iştirak edib. Sonradan o, kino sahəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Vyetnama göndərilib. Vyetnam kinematoqrafiyasının məşhur rejissorları məhz onun emalatxanasında çalışıblar. Xalq artisti Vyetnam kinosuna böyük töhfələr verib. Ə.İbrahimovun fəaliyyəti “Mosfilm”lə də bağlı olub. O, bu kinostudiyada sıravi işçi deyil, böyük birliyin rəhbəri kimi çalışıb. İndiki bir sıra məşhur rus rejissorları vaxtilə Əjdər İbrahimovun dəstəyindən yararlanıblar. SSRİ-nin Xalq artisti, həmçinin Rusiya ilə Türkiyə arasında mədəni körpünün qurulmasında iştirak edib”.Rejissorun həyat yoldaşı Marqarita Maleyevna bildirib ki, hamını onların bir yerdə necə yaşadıqları sualı maraqlandırırdı. Qeyd edib ki, o, həyat yoldaşının böyük şəxsiyyət olduğunu bilirdi və hər zaman ona bənzəməyə çalışırdı. Ə.İbrahimov ssenarinin sirlərini həyat yoldaşına öyrədib və onun kinoya gəlməsinə kömək göstərib.Əməkdar mədəniyyət işçisi kinooperator Rafiq Qəmbərov rejissorla birgə çəkdikləri filmdən söhbət açıb. Bildirib ki, o zamanlar gənc bir operatorun Ə.İbrahimov kimi sənətkarla çalışması onun üçün şərəf idi.Rusiyalı rejissor Boris Blank rejissorla birgə qazandığı təcrübəsini bölüşərək deyib ki, Ə.İbrahimov hər zaman insanlarla mehriban davranır, işinə isə çox məsuliyyətlə yanaşırdı.xeber100.com

Oktyabr 30, 2019 1:08

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş festival keçiriləcək

Oktyabrın 25–dən 28-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.Bəstəkarlar İttifaqından Azərtac-a bildirilib ki, oktyabrın 25-də festival iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.Festivalın açılışı elə həmin gün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – M.Mehmandarov) iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.Festival çərçivəsində Kamera və orqan musiqisi zalında orqan musiqisi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Bəstəkarlar İttifaqında “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, R.Behbudov adına Dövlət Mahnı Teatrında Zabitlər Evinin “Sərhədçi” İnstrumental Ansamblının konserti və Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental və vokal musiqisindən ibarət konsert təqdim ediləcək.xeber100.com  

Oktyabr 24, 2019 2:59