“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Dekabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “YARAT” rezidentləri - Janna Qladko (Belarus), Gelare Xoşgözaran (İran/ABŞ), Ritz Monet (İtaliya), habelə Diana Hacıyeva və Şəlalə Salamzadənin (hər ikisi Azərbaycan) əsərlərindən ibarət “Emprik zaman” adlı qrup sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgi öz ilhamını ümumi mənada “Zəmanənin hökmü” adlı Azərbaycan nağılından götürüb. Bu nağıl, müdrik ilanın canavarlar, qılınclar və insanlıq kimi müxtəlif dövrlərlə bağlı “öncə görmələrindən” yararlanan kasıb bir kişinin hekayəsindən bəhs edir. Kişi zəmanəyə uyğun olaraq, gah fırıldaqçılıq, gah zorakılıq, gah da alicənablıqla məşğul olur. Bu isə belə bir sual doğurur: görəsən biz zaman (zəmanə) və onun tələblərini özümüz yaradırıq, yaxud, bizim davranışımız, yaşadığımız dövrün (zəmanənin) nəticəsidir? Rəssamlar, bizim bölgəmizin keçmişini, tarixini, mifologiyasını və keçmişin bu günə, yəni, "indiki zaman" adlandırdığımız dövrə təsirini izləməklə, rezidentura ərzində yaşadıqları şəxsi “empirik zamanı” araşdırırlar.Rəssamların əsərləri ambivalentlik (ikilik), dönüş, dəyişiklik və birgə mövcudluq anlarını araşdırmaqla yanaşı, insanın mənəvi və rəqəmsal xüsusiyyətlər vasitəsilə gələcəyi öncədən görməklə bağlı fundamental arzularına nəzər salır.xeber100.com

Dekabr 9, 2019 12:41

“Apple” şirkəti musiqi mükafatlarının laureatlarını elan edib

“Apple” şirkəti özünün ilk musiqi mükafatlarının laureatlarının adlarını elan edib. “Apple Music Awards” mükafatları beş nominasiya - “İlin artisti”, “İlin ən yaxşı mahnı müəllifi”, “İlin kəşfi”, “İlin albomu” və “İlin mahnısı” üzrə təsis edilib.Azərtac CNN telekanalına istinadla xəbər verir ki, ilk üç nominasiya üzrə qalibləri “Apple Music” beynəlxalq redaktorlar komandası seçir. İlin albomu və mahnısı isə dinləyicilərin say göstəricisi üzrə striminqin nəticələrinə görə müəyyən edilir.“Apple Music” komandasının və beynəlxalq kontentin vitse-prezidenti Oliver Şusser bildirib ki, “Apple Music Awards” mükafatları mükəmməlliyə can atdıqlarına, musiqi şövqü və heyrətamiz yaradıcılığına görə dünyanın ən yaxşı artistlərinə verilir. Onun sözlərinə görə, ilk laureatlar arasında müxtəlif musiqi janrlarının təmsilçiləri var. Onların yaradıcılığında və ifasında aktual problemlər öz əksini tapıb, həmin musiqilər mədəniyyətin inkişafına öz təsirini göstərib və dünyanın bütün ölkələrində dinləyicilər üçün bir örnək olub.“İlin artisti” nominasiyasının qalibi Billi Ayliş olub. Onun "When We All Fall Asleep, Where Do We Go?" debüt albomuna isə bir milyarddan çox dinləyici qulaq asıb. Müğənni, həmçinin FINNEAS kimi tanınan qardaşı O”Konnel ilə birlikdə “İlin ən yaxşı mahnı müəllifi” mükafatını bölüşüb. “İlin kəşfi” nominasiyasında solo-ifaçı Lizzo qalib gəlib, “Ən yaxşı mahnı” isə reper Lil Nas X-in ifa etdiyi "Old Town Roa" elan edilib.Mükafatların təqdimatı mərasimi dekabrın 5-də Stiv Jobs Teatrında keçiriləcək. Billi Ayliş burada xüsusi konsert proqramı ilə çıxış edəcək.xeber100.com

Dekabr 3, 2019 2:43

VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı açılıb

Rusiyanın Orenburq şəhərində VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı Jorj Bizenin “Karmen” operasının tamaşası ilə açılıb.TASS agentliyi xəbər verir ki, səhnədə Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri və İtaliyadan gəlmiş maestro Marko Boeminin dirijorluğu ilə orkestr çıxış edib.Mstislav Rostropoviçin qızı, festivalın təşkilatçısı və bədii rəhbəri Olqa Rostropoviç deyib: “Möhtəşəm operadır, hətta Pyotr Çaykovski də belə hesab edirdi. Onu bütün ölkələrdə, müxtəlif dillərdə, habelə yaponca ifa edirlər. Biz operanı orijinalda - fransızca ifa edəcəyik”.İtaliyalı maestro bildirib ki, festivala gəlməzdən əvvəl Moskvanın Novodeviçye qəbiristanlığında Mstislav Rostropoviç və Qalina Vişnevskayanın məzarlarını ziyarət edib. O əlavə edib ki, Mstislav Rostropoviç onun üçün həm musiqiçi, həm də insanlıq örnəyidir.VII Beynəlxalq Mstislav Rostropoviç Festivalının ikinci günündə Orenburq Vilayət Filarmoniyasında opera-qala olacaq. Konsertdə Qalina Vişnevskayanın adını daşıyan Beynəlxalq Opera Müsabiqəsinin laureatları çıxış edəcəklər.Qeyd edək ki, Orenburq Mstislav Rostropoviç üçün əziz yer olub. Böyük Vətən müharibəsi illərində onun ailəsini Moskvadan məhz bu şəhərə evakuasiya ediblər. Maestro musiqi təhsilini də Orenburqda davam etdirib, ilk konsertlərini burada verib. Hazırda Orenburq Dövlət İncəsənət İnstitutu onun adını daşıyır.xeber100.com

Noyabr 30, 2019 8:06

Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü tamam olur

Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü tamam olur.Azərtac xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, yaxınları ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub. Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun filmləri həmişə yaşayacaq. Mərhum sənətkar deyirdi: “Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan”. İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır.xeber100.com

Noyabr 22, 2019 1:31