Kinematoqrafçılar İttifaqının Konfransı keçirildi

Nəhayət ki, gözlənilən an çatdı, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı baş tutdu. 16 iyul tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri bir araya gələrək konfransın gündəliyi, yeni nizamnamə, idarə heyətinin üzvlərini  seçilməsi məsələsini müzakirə etdilər. Konfransı açıq elan edən AKİ katibi Əli İsa Cabbarov neçə illik fasilədən sonra üzvlərin bir araya gəlməsinin və uğurlu bir dönəmin başlanmasını elan etdi və ilk sözü Azərbaycan Kinmatoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova verdi. İttifaq üzvlərini salamlayan R.İbrahimbəyov öz çıxışında bildirdi ki, AKİ yenidən  aktiv fəaliyyətinə start verdi: “Böyük bir tarixə malik Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti hər zaman diqqət mərkəzində dayanıb. Bu da o deməkdir ki. AKİ öz fəaliyyəti, gördüyü işlərlə diqqətdədir. Bu gün bir araya gəlməyimizin səbəbi: biz hər zaman olduğu kimi, yenə də öz işimizin başındayıq və hər zamankı kimi Azərbaycan kinosunun inkişafında görəcəyimiz işlərlə böyük rol oynayacağıq”.R.İbrahimbəyovun çıxışından sonra AKİ katibi Əli İsa Cabbarov konfransın nizamnaməsini təqdim etdi, təkliflər irəli sürüldü, qurultayın neçə ildən bir keçirilmə məsələsi müzakrə edildi. Müzakirədən sonra səsvermə yolu ilə AKİ-nin yeni sədri seçildi, Rüstəm İbrahimbəyov yenidən sədr oldu.Daha sonra idarə heyətinin üzvləri və katibliyin də seçiminə səs verildi. Yeni heyət aşağıdakılardan ibarətdir -Əli İsa Cabbarov (kinorejissor, ssenarist, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi) -Cəmil Fərəcov (rejissor, əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi) -Rüstəm İbrahimbəyov (Xalq yazıçısı, “Şöhrət” ordenli, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri -Firəngiz Qurbanova (quruluşçu rejissor, əməkdar artist) -Baba Məsimov(şair, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi) -Məbud Məhərrəmov (aktyor, xalq artisti) -Anar Rzayev (Xalq yazıçısı, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi -Şükufə Yusupova (aktrisa, xalq artisti) -Əsəd Əsədov(səs rejissoru, əməkdar mədəniyyət işçisi) -Həmidə Ömərova (aktrisa, xalq artisti) -Nizami Abbas (operator, rejissor, əməkdar incəsənət xadimi -Rasim Balayev (aktyor, Xalq artisti, prezident təqaüdçüsü) -Tahir Əliyev (kinorejissor, prodüser) -Lalə Əfəndiyeva (prodüser, “Azəbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru) -Ziya Şıxlinski (rejissor, əməkdar incəsənət xadimi) -Oleq Səfərəliyev (rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi).xeber100.com  

İyul 18, 2019 2:04

Rüstəm İbrahimbəyov: “Azərbaycanda gənc kinematoqrafçılar ordusu yaranıb”

Azərbaycan Kinematoqrafçılar İttifaqı noyabr qurultayına hazırlığı davam etdirir. Kino Məktəbi, Kino Evinin bərpası prosesi gedir, Bakı haqqında Filmlər Muzeyi yaradılır, gənc kinematoqrafçılara dəstək proqramı hazırlanır. Kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a bunlar haqda danışıb: "Son illər Azərbaycanda gənc kinematoqrafçılar ordusu yaranıb. Onların çəkdiyi tammetrajlı və qısametrajlı filmlər nüfuzlu beynəlxalq festivallarda mükafat alıb. Bu gün onların əksəriyyəti Azərbaycandan kənarda yaşayır, çünki burada özlərini reallaşdıra bilmirlər. Kinematoqrafçılar İttifaqının vəzifələrindən biri bu insanların öz ölkəsində işləməsinə imkan yaratmaqdır. Yeni kino istehsalı modelinin tətbiqi ümid verir. Dövlət tərəfindən xüsusi komissiya yaradılıb və bunun üzərində işləyir. Yaxşı olardı ki, elə bir struktur yaradılsın ki, özündə ssenariləri, rejissorluğu və istehsalat işini birləşdirən layihələr üçün dövlət dəstəyini almağa imkan yarada bilsin. Qonşu Gürcüstanda, Rusiyada və digər ölkələrdə oxşar sistem mövcuddur. Bu, müstəqil studiyalara və yaradıcı birliklərə böyük yaradıcılıq azadlığı verir", - o bildirib. "Yeni struktur kimin tabeliyində olacaq?" sualına kinodramaturq cavab verib ki, "çox güman ki, Mədəniyyət Nazirliyinin. Qarşıdakı qurultayda bütün bu məsələlər hərtərəfli və predmetli şəkildə müzakirə olunacaq. Dövlət nəzarəti yaradıcılıq maraqlarına xələl gətirməməlidir. Dövlət vətənpərvərlik, tarixi, uşaq kinoları sifariş verməklə filmin kino istehsalının ümumi siyasətini müəyyən etməlidir. Yəni, kinematoqrafçılar yaradıcılıq təşəbbüsü ilə eyni vaxtda dövlət tapşırıqlarını yerinə yetirməlidirlər", - R.İbrahimbəyov vurğulayıb."Özünü belə bir kino strukturunun rəhbəri rolunda görürmü" sualına kinodramaturq mənfi cavab verib. "Mən 1967-ci ildən Kinematoqrafçılar İttifaqında çalışıram və əminəm ki, ictimaiyyətin kinematoqrafiya rəyini ifadə edən bu yaradıcı təşkilat dövlət qurumları ilə konstruktiv dialoq vasitəsilə milli kinoda vəziyyətə mühüm təsir göstərə bilər. Ümumiyyətlə, mən ölkə həyatına ictimai təsirin artmasının tərəfdarıyam. Məhz bu məqsədlə bir neçə il əvvəl öllkənin mədəniyyət və elm xadimlərini bir arada birləşdirən Ziyalılar Forumu yaradıldı. Biz hakimiyyətin bu gün müzakirə etdiyi problemləri orada müzakirə edirdik. Təəssüflər olsun ki, o zaman bizim təşəbbüsümüz bəzi adamlarda mənfi reaksiya yaradırdı. Həmin şəxslər indiyədək dövlət orqanlarında mühüm mövqe tuturlar", - R.İbrahimbəyov bildirib."Hazırda vəziyyət dəyişibmi?" sualının cavabında R.İbrahimbəyov deyib ki, bu suala zamanla cavab verə biləcək. "Atılan addımlar məni sevindirməyə bilməz. Onlar sistemli xarakter alacaqmı? Bunu zaman göstərəcək", - dramaturq vurğulayıb.R.İbrahimbəyov Azərbaycanda iki Kino İttifaqının olmasını ölkənin ölçüsünü və film istehsalının həcmini nəzərə alaraq çox adlandırıb. "Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildə bizim kinonun görkəmli xadimləri tərəfindən yaradılıb. İkinci qurumu bir neçə il əvvəl süni şəkildə yaratdılar".Eyni zamanda, o deyib ki, kimsə ilə münasibətləri aydınlaşdırmaq niyyətində deyil. "Biz öz vəzifəmizi kino sənəti maraqlarının və hər yaşdan olan istedadlı kino xadimlərinin müdafiəsində görürük. Lakin gənclər xüsusi diqqət tələb edirlər, onlar hiss etməlidirlər ki, Vətən onlara dəstəkdə və onların uğurlarında maraqlıdır. Biz onları Kino Məktəbi ilə işə cəlb edəcəyik. Bu məktəb bədii, sənədli və cizgi filmləri üçün rejissorlar və ssenaristlər, həmçinin aktyorlar hazırlayacaq. Ümid edirəm ki, planlarımızı həyata keçirməyə gücümüz yetəcək. Ancaq dövlət dəstəyi olmadan mümkün deyil. Təkrar edirəm ki, biz bunu hiss edirik və mən ümid edirəm ki, bu yaxınlara qədər mətbuatda mənə qarşı geniş təbliğat kampaniyası təşkil edən insanlar buna mane olmayacaqlar", - Rüstəm İbrahimbəyov fikrini yekunlaşdırıb.xeber100.com

İyul 8, 2019 11:53