Mədəniyyət və turizm nazirliyinin məlumatı

Dekabrın 7-də Mədəniyyət və turizm naziri Ə.Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirlikdən Azərtac-a bildirilib ki, TÜRKSOY-un nümayəndə heyəti Molla Pənah Vaqifin 300 illik yubileyi və Kabardin-Balkar şairi Qaysın Quliyevin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə gəlib.Qonaqları salamlayan nazir Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.Düsen Kaseinovu yenidən təşkilatın rəhbəri seçilməyi münasibətilə təbrik edən nazir qurumun səmərəli fəaliyyətinin bundan sonra da davamlı olacağına ümidvar olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, UNESCO və ISESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir: “2017-ci il təşkilat üçün çox aktiv il olmuşdur. Çoxsaylı tədbirlər həyata keçirilmiş, görkəmli şəxsiyyətlərin yubiley tədbirləri, mədəniyyət paytaxtları elan olunmuş şəhərlərdə türk tarixinin araşdırılması istiqamətində, türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş tədbirlər reallaşdırılmışdır”.xeber100.com

Dekabr 7, 2017 2:51

UNESCO-nun Hökumətlərarası Komitəsinin 12-ci sessiyası işə başlayıb

Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası işə başlayıb.Dekabrın 9-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO üzrə Milli Komissiyanın nümayəndəsi və milli ekspertlər təmsil edir.İclas çərçivəsində 2016-cı ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyanın hesabatının, cari 12-ci sessiyanın gündəliyinin, eləcə də Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibliyinin hesabatının qəbul edilməsi gözlənilir. Sessiya çərçivəsində QHT-lərin Forumu keçiriləcək, 2018-ci il üçün Qiymətləndirici Orqanın tərkibi təyin ediləcək, eləcə də Qeyri-Maddi Mədəni İrs Fondunun resurslarının 2018-2019-cu illərdə istifadəsi planının layihəsi, üzv dövlətlərin Konvensiyanın həyata keçirilməsi ilə bağlı hesabatları və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş faylların vəziyyəti müzakirə olunacaq.Sessiyada ölkələrin təqdim etdiyi qeyri-maddi mədəni irs nümunələri-namizədlik faylları, eləcə də Azərbaycanın “Dolma” milli faylı və İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança” çoxmillətli faylının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.xeber100.com

Dekabr 4, 2017 12:01