Əməkdaşlıq memorandumu imzalanıb

Dekabrın 14-də Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında Cənubi Qafqaz boru kəmərlərinin genişləndirilməsi işləri zamanı aşkar edilmiş mühüm arxeoloji tapıntıların tam təhlil edilməsi üzrə əməkdaşlıq üçün qarşılıqlı anlaşma memorandumu imzalanıb.Azərtac xəbər verir ki, imzalanma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Goranboy rayonunun Kərpiclitəpə ərazisində aşkar edilmiş tarixi əhəmiyyətli tapıntı ilə bağlı işlərin maliyyələşdirilməsinə göstərdiyi dəstəyə görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counza təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün imzalanan sənəd hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkar edilmiş tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir. Qeyd edilib ki, bu sənəd çərçivəsində yerinə yetiriləcək işlərə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunu təmsil edən altı arxeoloq tərəfindən iki ay müddətində əlavə qazıntı işlərinin aparılması daxildir. Görüləcək işlər nəticəsində arxeoloji sahənin üçölçülü modelinin hazırlanması imkanına da baxılacaq. Aşkar edilmiş bütün arxeoloji faktlar müvafiq qaydada qeydiyyata alınacaq və qorunub saxlanılacaq.xeber100.com

Dekabr 14, 2017 3:02

Mədəniyyət və turizm nazirliyinin məlumatı

Dekabrın 7-də Mədəniyyət və turizm naziri Ə.Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirlikdən Azərtac-a bildirilib ki, TÜRKSOY-un nümayəndə heyəti Molla Pənah Vaqifin 300 illik yubileyi və Kabardin-Balkar şairi Qaysın Quliyevin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə gəlib.Qonaqları salamlayan nazir Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.Düsen Kaseinovu yenidən təşkilatın rəhbəri seçilməyi münasibətilə təbrik edən nazir qurumun səmərəli fəaliyyətinin bundan sonra da davamlı olacağına ümidvar olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, UNESCO və ISESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir: “2017-ci il təşkilat üçün çox aktiv il olmuşdur. Çoxsaylı tədbirlər həyata keçirilmiş, görkəmli şəxsiyyətlərin yubiley tədbirləri, mədəniyyət paytaxtları elan olunmuş şəhərlərdə türk tarixinin araşdırılması istiqamətində, türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş tədbirlər reallaşdırılmışdır”.xeber100.com

Dekabr 7, 2017 2:51