Səhiyyə Nazirliyində COVID-19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İşçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində COVID-19 virusuna yoluxmuş şəxsləri yoluxma dərəcələrinə əsasən təsnifatlandırıb: koronavirus infeksiyasına yoluxmuş simptomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.Bu barədə Azərtac-a nazirliyin mətbuat xidmətindən bildirilib.Səbinə Babazadə qeyd edib ki, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstəliyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır: "Simptomsuz xəstələrin yalnız COVID-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə həmin xəstə, ilk növbədə, hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdıqdan sonra xəstədə başağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur".Onun sözlərinə görə, ağır simptomlu xəstələrdə isə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və təngnəfəslik xəstəliyin əlamətləridir: "Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir. Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər".Onlayn müsahibədə, həmçinin qeyd olundu ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətəndaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.xeber100.com