Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçiriləcək

Dünya Səhiyyə Təşkilatı (DST) bu il noyabrın 13-dən 19-dək Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçiriləcəyini elan edib.Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, kampaniya “Antibiotikləri qəbul etməzdən əvvəl ixtisaslaşmış səhiyyə mütəxəssisi ilə məsləhətləşin” devizi altında keçəcək.Antibiotiklər dəyərli vasitədir, ona görə də onları qəbul etməzdən əvvəl düzgün tövsiyə almaq vacibdir. Antibiotiklərdən məsuliyyətlə istifadə həm daha yaxşı müalicə olunmağa, həm də antibiotiklərə davamlılığın inkişaf etməsinin azaldılmasına kömək edəcək.Kampaniyanın məqsədi antibiotiklərə davamlılığı səhiyyədə qlobal miqyasda tanınmış problem elan etmək, antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanmasına dair maarifləndirmə işlərini fəallaşdırmaqdır. Bir faktı etiraf etmək lazımdır ki, antibiotiklərə davamlılığın inkişaf etməsinə qarşı mübarizədə hamı iştirak etməlidir - ayrı-ayrı adamlar da, səhiyyə və kənd təsərrüfatı mütəxəssisləri də, hökumətlər də.DST BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Heyvan Sağlamlığı Təşkilatı ilə birgə məlumat xarakterli bir sıra materiallar hazırlayır. Kampaniyanın gedişində təhsil müəssisələrində və sosial şəbəkələrdə maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.Təşkilatın ekspertləri antibiotikləri yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunan zaman qəbul etməyi, əllərin lazımi gigiyenasına riayət etməyi, istifadə olunmamış qalan antibiotikləri heç kimə təklif etməməyi və onlardan istifadə etməməyi məsləhət görürlər.xeber100.com

Oktyabr 27, 2017 12:54

Dünya Səhiyyə Təşkilatının STEPS metodologiyası əsasında…

Dünya Səhiyyə Təşkilatının (DST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair ölkə ərazisində aparılan tədqiqatın səyyar işləri yekunlaşıb. Sorğuda Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası (Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan) üzrə təyin olunan 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı iştirak edib.Bu ilin avqustun 24-dən başlanmış sorğu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqata xüsusi olaraq cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib. Sahə işləri əvvəlcədən müəyyən olunan marşrut üzrə aparılıb. Hər bir marşrut üzrə komandalar sorğu öncəsi müəyyənləşdirilmiş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla, əhalinin maarifləndirilməsi məqsədilə sorğu üçün xüsusi hazırlanmış bukletlər, sorğunun keçirilməsi üçün əldə edilmiş avadanlıqla təmin olunublar.Bu barədə Azərtac-a İSİM-in mətbuat xidmətindən bildirilib.Sorğu zamanı respondentlərdən sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amillərini öyrənilib. Onların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunub. Verilən məlumatların dəqiqliyini təmin etmək üçün biokimyəvi nümunələrin analizi, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürülüb. Bütün analizlər DST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılıb.xeber100.com  

Oktyabr 26, 2017 3:01

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

Ümumdünya Görmə Günü Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı qeyd edilir. Həmin tarix kor, görmə pozğunluğu və görmə zəifliyi olanların problemlərinə ictimai diqqəti yönəltmək üçün təqvimə salınıb.Azərtac xəbər verir ki, Ümumdünya Görmə Gününə həsr olunan tədbirlərdə həmin problemlə əlaqədar olan müxtəlif təşkilatlar iştirak edir. Həmçinin həmin günün qeyd olunması Dünya Səhiyyə Təşkilatı və korluğun profilaktikası üzrə "Baxış 2020: görmə haqqı" beynəlxalq təşkilatı üçün də əhəmiyyətli hadisədir.Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitaminin çatışmazlığı daxil edilir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb.Korluğun profilaktikası üzrə beynəlxalq agentliyin məlumatına görə, dünyada təxminən 285 milyon nəfərin görmə problemləri var, onlardan 39 milyonu görmə qabiliyyətini tamamilə itirib, 246 milyon nəfərin isə yüngül və ağır görmə pozuntusu var. Göz xəstəlikləri 19 milyondan çox uşağa da xətər yetirib. Görmə pozuntusu ilə üzləşənlərin 65 faizi yaşı 50 və daha yuxarı olanlardır. Bununla belə, vaxtında müalicəyə cəlb edilməklə 80 faiz halda korluqdan yaxa qurtarmaq mümkündür.Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifçilik və profilaktika tədbirləri aparılır, oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Vaxtaşırı həkim müayinəsindən keçmək və xəstəliyin erkən vaxtlarında aşkar edilməsi nəticəsində görmə ilə əlaqədar daha ciddi problemlərin qarşısını almaq mümkündür. Həkim məsləhətlərinə və sağlam həyat sürməyin ən sadə qaydalarına əməl etməklə görmə qabiliyyətini uzun müddət saxlamaq olar.xeber100.com

Oktyabr 12, 2017 1:21

Səhiyyə Nazirliyinin məlumatına əsasən…

Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin və bir sıra ictimai təşkilatların nümayəndələri iştirak ediblər.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, konfrans Dünya Səhiyyə Təşkilatı nümayəndəsinin Psixi Sağlamlıq Gününə dair müraciəti ilə açılıb. Dünya Səhiyyə Təşkilatının təklifi ilə bu il “İş yerində psixi sağlamlıq” mövzusu seçilib.Konfrans iştirakçıları Ümumdünya Psixi Sağlamlıq Günündə psixi sağlamlıq sahəsinə ayrılan böyük dövlət qayğısını xüsusi vurğulayıb və müzakirə olunan mövzu ilə əlaqədar geniş məlumatlar təqdim ediblər. Tədbirdə psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin yaxşılaşdırılması üçün görülən və nəzərdə tutulan planlar müzakirə olunub. Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri ötən il ərzində və bu ilin doqquz ayında görülən işlər, yeni pilot proqramları və digər ölkə mütəxəssisləri ilə birgə keçirilmiş layihələr barədə tədbir iştirakçılarına məlumat veriblər.Uşaqlara göstərilən psixiatriya yardımında yeniliklər, həmçinin yeni reabilitasiya növləri, psixoloji maarifləndirmə və sosial bacarıqların inkişaf proqramları barədə ətraflı söhbət gedib.Konfrans iştirakçıları həm də psixi sağlamlıq sahəsinin gələcək inkişaf perspektivlərini və ölkəmizdə psixi xəstəliklərdən əziyyət çəkənlərin hüquqlarının qorunması məsələsini və onların sosial inteqrasiyasını də müzakirə ediblər.xeber100.com

Oktyabr 11, 2017 1:38

Dünya Səhiyyə Təşkilatının konfransı keçiriləcək

Noyabrın 16-17-də Moskvada Dünya Səhiyyə Təşkilatının (DST) “Davamlı inkişaf dövründə vərəmin məhv edilməsi: çox sektorlu yanaşma” mövzusunda Birinci qlobal konfransı keçiriləcək.Azərtac DST-nin saytına istinadla xəbər verir ki, nazirlər səviyyəsində keçiriləcək bu konfransın məqsədi DST-nin vərəmin ləğv edilməsi strategiyasının dünya ölkələrində həyata keçirilməsini, tibbi-sanitariya yardımından istifadə imkanının məhdudluğu və çoxsaylı dərmanlara davamlı vərəmin (ÇDDV) geniş yayılması ilə əlaqədar yaranmış böhranlı vəziyyətin aradan qaldırılmasını təmin etməyə yönəlmiş təxirəsalınmaz tədbirləri sürətləndirməkdir.Konfransda nazirlər deklarasiyası imzalanacaq, həmin sənəddə 2030-cu ilə qədər vərəmin ləğv edilməsi və davamlı inkişaf oriyentirlərinə nail olmaq tədbirlərini sürətləndirmək üçün dünya ölkələrinin dəqiq öhdəlikləri göstəriləcək. Bu deklarasiya 2018-ci ildə BMT Baş Məclisinin vərəmə həsr edilmiş yüksək səviyyəli müşavirəsində nəzərə alınacaq.Qeyd edək ki, hazırda vərəm bütün dünyada insanların həyatına son qoyan, çox ciddi iqtisadi və sosial nəticələr doğuran təhlükəli yoluxucu xəstəlikdir. ÇDDV nəticəsində ictimai səhiyyədə yaranmış böhran davam edir.2000-ci ildən indiyə qədər göstərilən səylər sayəsində dünyada 49 milyon insanı xilas etmək mümkün olub, lakin vərəm epidemiyasına son qoymaq üçün görülən tədbirlər və sərf edilən sərmayələr hələ çox cüzidir.xeber100.com

Oktyabr 1, 2017 1:44

Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə…

1999-cu ildən Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə Ümumdünya Ürək Günü keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və digər beynəlxalq təşkilatlar da həmin təşəbbüsə tərəfdar çıxıblar.Azərtac xəbər verir ki, 2011-ci ildən hər il sentyabrın 29-da Ümumdünya Ürək Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.Ürək bütün orqanizmin işini təmin edən, onun sağlamlığı və normal fəaliyyəti üçün çox vacib orqandır. Həmin gün ürək-damar xəstəliklərinin epidemiyası təhlükəsini ictimaiyyətə çatdırmaq və məlumatlandırmaq, bu sahədə profilaktika işlərini genişləndirmək məqsədilə keçirilir.Hazırda bütün dünyada insan orqanizminə çox böyük zərbə vuran işemik xəstəliklər, baş beyin insultları və infarktlar son dərəcə geniş yayılıb. Ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəbi olaraq qalır. Hər il dünyada 15 milyon nəfərdən çox sakin ürək-damar xəstəliklərindən vəfat edir.Xəstəliyin əsas səbəbi yüksək təzyiq, qanda xolesterin və qlükozanın səviyyəsinin enib-qalxması, qidalanma zamanı təbii mənşəli vitaminlərdən azlığı, piylənmə və digər səbəblərdir.Hər il Ümumdünya Ürək Günü çərçivəsində "Həyat üçün ürək" şüarı altında keçirilən tədbirlər ürəyin sağlamlığı ilə əlaqədar müəyyən mövzuya həsr edilir. Ürək Günü ilə əlaqədar keçirilən tədbirlərin proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir.xeber100.com

Sentyabr 29, 2017 3:23