Dünya Səhiyyə Təşkilatının məlumatı

Dünya Səhiyyə Təşkilatının (DST) üzvləri olan dövlətlər doktor Tedros Adxanom Qebreyesusu DST-nin yeni baş direktoru vəzifəsinə seçiblər.Azərtac DST-nin saytına istinadla xəbər verir ki, Tedros Adxanom Qebreyesusun namizədliyi Efiopiya hökuməti tərəfindən irəli sürülüb. Yeni baş katibin beş illik səlahiyyət müddəti 2017-ci il iyulun 1-dən başlanacaq.DST-nin baş direktoru seçilənə qədər Tedros Adxanom Qebreyesus Efiopiyanın xarici işlər naziri (2012-2016-cı illər), Efiopiyanın səhiyyə naziri (2005-2012-ci illər) vəzifələrində çalışıb. Bu, həmçinin QİÇS, vərəm və malyariyaya qarşı mübarizə üzrə Qlobal Fondun və “Malyariyanı məhv edək!” (MME) Tərəfdaşlığının rəhbər orqanlarına başçılıq edib, Anaların, körpələrin və uşaqların mühafizəsi üzrə Tərəfdaşlığın idarə heyətinin sədri vəzifələrini tutub.Tedros Adxanom Qebreyesus Efiopiyanın səhiyyə naziri vəzifəsində işləyərkən ölkənin səhiyyə sistemində kompleks islahat aparılıb. Bu islahat çərçivəsində Efiopiyanın tibbi-sanitariya infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilib, 3500 tibbi mərkəz istifadəyə verilib, 16.000 iş yeri yaradılıb. 38.000 yardımçı tibbi-sanitariya işçisi hesabına səhiyyə sahəsində əmək ehtiyatları güclənib, tibbi sığortanın əhatə dairəsini genişləndirməyə imkan verən maliyyə mexanizmləri işə salınıb.Xarici işlər naziri kimi Əddis-Əbəbə fəaliyyət proqramının razılaşdırılması səylərinə rəhbərik edib. Bu proqram çərçivəsində Davamlı inkişaf sahəsində hədəflərə nail olmaq üçün 193 ölkə zəruri maliyyə öhdəlikləri götürüb.Qlobal Fondun və MME Tərəfdaşlığının sədri olduğu müddətdə bu iki təşkilat üçün rekord məbləğdə maliyyə ayrılmasını təmin edib, malyariyaya qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planı hazırlayıb. Bu plan çərçivəsində fəaliyyət Afrika hüdudlarını aşaraq Asiya və latın Amerikası ölkələrini əhatə edib.Tedros Adxanom Qebreyesus DST-nin baş direktoru vəzifəsində 2007-ci il yanvarın 1-dən bu vəzifədə çalışan Marqaret Çeni əvəz edəcək.xeber100.com

May 24, 2017 1:32

Səhiyyə Nazirliyinin məlumatı

Respublika QİCS-lə Mübarizə Mərkəzində keçirilən bugünkü mətbuat konfransı hər il mayın üçüncü istirahət günü qeyd edilən QİÇS-dən dünyasını dəyişənlərin Ümumdünya Xatirə Gününə həsr olunub.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, QİÇS-dən vəfat edənlərin yad olunması cəmiyyət üzvlərini bu xəstəliyə yoluxma təhlükəsi haqqında düşünməyə, sosial mənşəyindən asılı olmayaraq hər kəsi bu təhlükəli virusdan qorunmağa çağırır.Tədbirdə çıxış edən Mərkəzin direktoru Esmira Alməmmədova bildirib ki, bu ilin üç ayı ərzində ölkəmizdə 108 nəfər İİV-ə yeni yoluxan aşkar edilib. Onlardan 107-si ölkə vətəndaşı, 1 nəfəri isə əcnəbi, o cümlədən 71-i kişi, 36-sı qadındır. Həmin dövrdə QİÇS mərhələsinə keçənlərin sayı 31 nəfər, İİV-infeksiyasından vəfat edənlərin sayı 19 nəfər olub.Onlardan 10 nəfər parenteral kontakt, 51 nəfər heteroseksual kontakt, 4 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər anadan uşağa ötürülməklə, 39 nəfər isə yoluxma yolu ilə infeksiyaya tutulub.Ölkəmizdə ilk dəfə infeksiya aşkar edildiyi 1987-ci ildən bu il martın axırlarınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər rəsmi qeydiyyatdadır. Onlardan 73,2 faizi kişi, 26,8 faizi qadındır. QİÇS mərhələsində olanların sayı 1383 nəfər, İİV-infeksiyasından vəfat edənlərin sayı isə 828 nəfər olub.İİV-lə yaşayanlardan 45,5 faizində yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2 faizində heteroseksual, 2 faizində isə homoseksual kontakt nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 0,03 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 7,4 faizində yoluxma yolu müəyyən edilməyib.Mətbuat konfransında QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayanlara profilaktika, müalicə, qulluq və dəstək göstərilməsinin təmin edilməsi barədə məlumat verilib.2006-cı ilin noyabrından tətbiq edilən antiretrovirus müalicəsinə İİV-lə yaşayan 3,6 min nəfər cəlb edilib, onlardan 115 nəfərin müalicəsinə bu ilin əvvəllərindən başlanılib.2017-ci ilin I rübü ərzində nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi çərçivəsində 30,4 min nəfərdən artıq vətəndaş İİV-ə görə müayinəyə cəlb olunub və onlardan 11 nəfərdə İİV-ə yoluxma halı aşkar edilib.Mətbuat konfransının sonunda İİV-ə yoluxma halları və ondan qorunma üsullarına dair hazırlanmış film nümayiş olunub.xeber100.com

May 20, 2017 7:47

Tibb Universitetinin məlumatı

Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsində yeni növ treninqlər keçirilir.ATU-nun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, aprelin ilk həftəsindən başlayaraq, universitetin tibbi profilaktika fakültəsində Obyektiv Strukturlaşdırılmış Praktik İmtahan (OSPİ) üsulu ilə treninqlər aparılır.Fakültənin dekanı Anar Ağayev OSPİ üsulunun yenilik olduğunu qeyd edib.Dekan bildirib: “Bu üsulla ilk dəfədir ki, fakültəmizdə imtahan olacaq. Tələbələrdə praktiki bacarıqlar əsasən peşə vərdişlərin formalaşması ilə müşayiət olunur. Tələbələr təhsil müddətində təcrübi bacarıqlara da yiyələnməlidirlər. Nəzəri biliklərin təcrübi bacarıqlara inteqrasiyası tibb sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan buraxılış kurslarına şamil olunan bu treninqləri tələbələr çox bəyənib, razılıq edirlər. Bacarıqların qiymətləndirilməsi üçün ən yaxşı üsullardan biri də son illərdə dünyanın əksər ölkələrində geniş tətbiq edilən, müasir tələblərə cavab verən OSPİ imtahan üsuludur. Bu üsul tələbələrin praktik və təcrübi bacarıqlarını eyni sınaqla ədalətli qiymətləndirməyə imkan verir”.Qeyd edək ki, fakültədəki treninqlər dekan Anar Ağayev və ATU-nun təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri Akif Qurbanovun nəzarəti altında keçirilib.xeber100.com

May 19, 2017 1:00