“Psixoloji yardım haqqında” qanun layihəsi müzakirə edilib

Fevralın 28-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. İclasda elm və təhsil komitəsinin üzvləri də iştirak ediblər.Azərtac xəbər verir ki, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəlik barədə məlumat verib.İclasda “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının qanun layihəsi müzakirə edilib. Komitə sədri bildirib ki, bu qanun layihəsi Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə nazirliklərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Ombudsman Aparatına rəy üçün göndərilib. Qanun psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.Komitə sədrinin müavini Musa Quliyev qanun layihəsi barədə geniş məlumat verib. Bildirib ki, layihə 6 fəsil, 23 maddədən ibarətdir. Qeyd edilib ki, psixoloji yardım tətbiqi psixologiyanın bir sahəsi olub, insanın sosial-psixoloji rifahının yüksəlməsinə xidmət edir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Bu qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də qanun layihəsi barədə fikir və təkliflərini bildirib, onun vacibliyini vurğulayıb.İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, psixologiya sahəsini tənzimləmək və bu qanun layihəsini qəbul etmək çox vacibdir.Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Fevral 28, 2017 1:51

Kardiologiya üzrə təlim kursları keçirilib

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anadangəlmə ürək qüsurlarına dair növbəti təlim keçirilib.İnstitutdan Azərtac-a bildirilib ki, təlim kursları səhiyyə nazirinin 2016-cı il 16 mart tarixli sərəncamına əsasən Respublika Perinatal Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Bakı şəhər Uşaq Klinik Xəstəxanasının iştirakı ilə həyata keçirilən xüsusi neonatal skrininq proqramı çərçivəsində təşkil edilib.Skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarının yoxlanması məqsədilə “skrininq nəbz oksimetriyası” aparılaraq, ürək qüsuru, xüsusilə də kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülməkdədir.“Rostropoviç-Vişnevskaya Fondu”nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi bu pilot skrininq proqramı çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya və neonatologiya üzrə təkmilləşdirmə kurslarında 2016-cı ildən başlayaraq neonatoloqlar, pediatrlar, uşaq kardioloqları və reanimatoloqlar üçün "Neonatal kardiologiya" mövzusunda xüsusi təlim kursları keçirilir.xeber100.com

Fevral 21, 2017 1:28

“Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə”…

Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalanıb. “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən imzalanıb.Əmrin müzakirəsi, icra mexanizminin hazırlanması məqsədi ilə Səhiyyə Nazirliyində müvafiq şöbələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, iclasda əmrin vacibliyi qeyd olunaraq, zəruri addımların atılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün müzakirələr aparılıb və qərarlar qəbul edilib.Əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb.Əmrdə Səhiyyə Nazirliyinin səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.xeber100.com

Fevral 20, 2017 12:10