Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə…

Helsinkidə Dünya Səhiyyə Təşkilatının dəstəyi və Finlandiyanın Milli Sağlamlıq və Rifah İnstitutunun təşkilatçılığı ilə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda beş gün davam edən nəzəri və təcrübi seminar keçirilib.Azərtac xəbər verir ki, MDB, Mərkəzi Asiya ölkələri və Türkiyə Respublikasının ictimai səhiyyə mütəxəssisləri, səhiyyə nazirliklərinin müvafiq mütəxəssisləri üçün nəzərdə tutulan seminarda ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirləri Lütfi Qafarov və Nabil Seyidov təmsil ediblər.Seminarda iştirakçılara qeyri-infeksion xəstəliklərin profilaktikası sahəsində qlobal səviyyədə görülən işlər barədə məlumatlar verilib, Finlandiya və digər ölkələrdən olan mütəxəssislər ürək-damar, xərçəng, diabet və tənəffüs yolları xəstəliklərinin profilaktikası sahəsində qabaqcıl təcrübələrini bölüşüblər. Ölkəmizdən olan mütəxəssislər Azərbaycanda 2015-ci ildən başlayaraq "Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya"nın qəbul edilməsindən sonra görülən işlər barədə təqdimat ediblər. Bununla yanaşı seminar zamanı təşkil olunan poster-sessiyada 2015 və 2016-cı illərdə İlkin Səhiyyə səviyyəsində çalışan tibb işçilərinin qeyri-infeksion xəstəliklərin risk faktorlarının aşkarlanması və aradan qaldırılmasına yönəldilmiş təlim-tədris proqramına dair təqdimat edilib.xeber100.com

Mart 28, 2017 7:52

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

24 mart - Dünya Vərəmlə Mübarizə Günüdür. Dünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Günün təsisində məqsəd dünya ictimaiyyətinin diqqətini vərəm probleminə cəlb etməkdir.Azərtac xəbər verir ki, Azərbaycanda vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri işləri aparılıb.Vərəm hava-damcı yolu ilə ötürülən yoluxucu xəstəlikdir. Vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalır və əsasən əhalinin əmək qabiliyyətli hissəsinə öz təsirini göstərir. Dünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var. Onların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insanların 20 faizi vərəmdən ölüb.xeber100.com

Mart 24, 2017 2:15

BMT-nin Baş Assambleyasının qərarına əsasən…

21 Mart - Beynəlxalq Daun Sindromlu İnsanların günüdür (World Down Syndrome Day). Bu təqvim Daun sindromuna həsr olunmuş VI simpoziumun iştirakçılarının təşəbbüsü ilə 2005-ci ildən etibarən qeyd olunmağa başlayıb. Tarixin rəsmən qeyd olunması isə 2012-ci il martın 21-nə təsadüf edir. Qeyd olunması ilə bağlı rəsmi qərar isə 2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib.Azərtac xəbər verir ki, günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyətı orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu problemə diqqətin çəkilməsi istiqamətində bir sıra tədbirlər görürlər.Xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri də Daun sindromudur. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur. Həkimlərin qənaətinə görə, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Belə ki, yaşı 35-dən artıq olan qadınlarda körpələrin bu sindromla doğulma ehtimalı 10 dəfə, 40-dan artıq olan qadınlarda isə 25 dəfə artıqdır.xeber100.com

Mart 21, 2017 2:31

Tədqiqatçıların araşdırmasına əsasən…

Danimarkada aparılan bir araşdırma ağrıkəsici dərmanların zərərli olduğunu üzə çıxarıb. Belə ki, tez-tez istifadə edilən və çox vaxt zərərsiz hesab edilən bu dərman preparatları ürəyin dayanması riskini artırır. “European Heart Journal-Cardiovascular Pharmacotherapy” jurnalında dərc edilən bir məqalədə ibuprofen, naproksen və diklofenak kimi ağrıkəsicilərin ürəktutma riskini 31 faiz artırdığı bildirilir.Tədqiqatçılar Danimarkada xəstəxanalardan kənarda ürəktutması olan xəstələr və 1995-ci ildən bəri istifadə edilən ağrıkəsicilərlə bağlı bütün məlumatları toplayıblar. Bundan başqa, xəstəxanadan kənarda ürəyi dayanan 29 minə yaxın xəstə barədə araşdırma aparılıb və məlum olub ki, onlardan 3 min 400-ə yaxını ürəktutmadan bir ay əvvəl ağrıkəsici qəbul edib. Alimlər ağrıkəsicilərin istifadəsi ilə ürəyin dayanması arasında əlaqəni öyrənmək üçün ürəktutmasından öncəki 30 gün ərzində bu dərmanların istifadəsi ilə ürəktutma olmadan bir ay ərzində həmin preparatlardan istifadənin bağlılığını araşdırıblar. Nəticədə ağrıkəsicilərin istifadəsinin 31 faizi ürəyin dayanmasına səbəb olduğu müəyyənləşdirilib. Diklofenak ürək dayanması riskini 50 faiz, ibupofren isə 31 faiz artırır. Naproksenin isə belə riski artırmadığı məlum olub.xeber100.com

Mart 19, 2017 11:22