BMT bütün dünya ölkələrini uşaqları qızılcadan qorumaq üçün immunlaşdırma üzrə fəaliyyətlərini gücləndirməyə çağırıb. BMT-nin saytı xəbər verir ki, 2000-ci ildən 2015-ci ilədək qızılcadan ölüm halları 79 faiz azalsa da, hələ də bu təhlükəli virusdan hər gün təxminən 400 uşaq ölür. “Qızılcanın qarşısının alınması mümkündür. Bizdə vasitələr və biliklər bu məqsədin həyata keçirilməsi üçün yetərlidir. Yalnız siyasi iradə və hər bir uşağa kömək etmək istəyi çatışmır. Uşaqlar belə bir iradənin təzahürü olmadan bu xəstəlikdən yenə də öləcəklər. Böyük xərclər çəkmədən xəstəliyin qarşısını asanlıqla almaq olar”, - deyə UNICEF-in nümayəndəsi Robin Nandi bildirib.2000-ci ildən 2015-ci ilədək vaksinasiya üzrə aparılan kütləvi kampaniya sayəsində 20,3 milyon insanın həyatını xilas etmək mümkün olub. Lakin bu hamını əhatə etməyib. Ötən il 20 milyon uşaq qızılcaya qarşı peyvənd almayıb. Təxminən 134 min uşaq bu xəstəlikdən ölüb. Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Konqo Demokratik Respublikasında uşaqların yarısı peyvənd almadığı üçün onların ölüm hallarının 75 faizi qızılcanın payına düşüb. “Hər il milyonlarla uşaq peyvənd olunmur, vəziyyət tamamilə qəbuledilməzdir. Bizim etibarlı və yüksək keyfiyyətli vaksinlər bu uşaqların həyatını xilas edə bilər”, - deyə Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndəsi Jan-Mari Okva-Bele bəyan edib. O bildirib ki, bu il Şimali və Cənubi Amerika qızılcadan azad bölgələr elan edilib. Son illərdə dünyanın bir çox ölkələrində uşaqların qızılca əleyhinə peyvəndlə əhatə səviyyəsi xeyli azalıb. Ekspertlər əmindirlər ki, məhz bu tendensiya Misir, Efiopiya, Almaniya, Qırğızıstan və Monqolustanda qızılca xəstəliyinin baş verməsinə gətirib çıxarıb.xeber100.com