Əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması…

Sentyabrın 30-da Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və peşəkar kadrların hazırlanmasına istiqamətlənən tədbirlərə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında qeyd olunub ki, son illər ölkəmizin səhiyyə sahəsində zəruri islahatlar həyata keçirilir, tibb müəssisələri müasir avadanlıqla təchiz edilir, bu avadanlıqla işləyən tibb heyətinin bilik və təcrübə səviyyəsinə xüsusi diqqət yetirilir. Azərtac xəbər verir ki, Azərbaycanda həkimlərin sertifikasiyası prosesi 2011-ci ilin yanvar ayından başlayıb. İmtahanlar icbari qaydada aparılır. Sertifikasiyadan keçən mütəxəssislər və orta tibb işçiləri beş il ərzində tibbi praktika ilə məşğul olmaq hüququna malikdirlər. Vurğulanıb ki, bu prosesdə heç bir yaş senzi, habelə tibbi təhsilin alındığı ölkəyə tələblər yoxdur. Xarici ölkənin ali tibb məktəbinin məzunu olan vətəndaşların diplomları sertifikasiyadan əvvəl Təhsil Nazirliyinin nostrifikasiyasından keçməlidir. Sonra onlar sertifikat almaq üçün imtahana buraxılırlar. Test bazası hər il 20 faiz yenilənir. Sertifikasiya prosesini daha da təkmilləşdirmək və şəffaflığını təmin etmək üçün Nazirlər Kabineti 2015-ci il 1 dekabr tarixli 371 nömrəli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na sənəd qəbulu və imtahan proseduru ilə bağlı müəyyən dəyişikliklər edib. Sertifikasiyadan keçməyən şəxslərin tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olması qadağandır. Qeyd olunub ki, imtahanlar yalnız Azərbaycan dilində aparılır. Bu günə qədər 22614 ali və 32272 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib.xeber100.com

Oktyabr 2, 2016 7:15

Almaniyanın təcrübəsindən istifadə…

Səhiyyə naziri Oqtay Şirəliyevin Almaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabla görüşündə hər iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində mövcud əlaqələrdən söhbət açılıb və gələcək perspektivlər müzakirə edilib. Səhiyyə Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Oqtay Şirəliyev hazırda ölkələrimiz arasında əməkdaşlığın ən məhsuldar səviyyədə davam etdiyini bildirib. Qeyd olunub ki, onlarla azərbaycanlı müdavim hər il Almaniyanın ən nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına göndərilir. Eyni zamanda, Almaniyanın nüfuzlu universitet klinikalarından gələn professor və müəllim heyəti ölkəmizdə keçirilən seminarlarda, elmi konfranslarda iştirak edirlər. Ölkəmizdə yeni tikilən klinikaların planlaşdırılması və layihələrinin hazırlanmasında Almaniyanın müsbət təcrübəsindən istifadə olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Almaniyada istehsal olunan bir çox dərman vasitələri ölkəmizdə dövlət qeydiyyatından keçirilib və əczaçılıq marketlərinə çıxarılıb. Bundan əlavə, onlarla rezident təhsilini Almaniyanın universitet klinikalarında davam etdirib. M.Kinsqrab Azərbaycanda uğurla aparılan səhiyyə islahatlardan məmnunluqla danışıb. Qeyd edib ki, hazırda təcili tibbi yardım xidmətində istifadə edilən ambulansların Almaniyadan gətirilməsi böyük etimad və xoş münasibətlərin nəticəsidir. Görüşdə, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Almaniyadan mütəxəssislərin Azərbaycana dəvət olunması məsələsi də gündəmə gətirilib.xeber100.com

Sentyabr 23, 2016 3:30

“EstePerio-2016” beynəlxalq konqresi keçiriləcək

Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) oktyabrın 28-29-da "EstePerio-2016" ikinci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, konqres Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının birgə əməkdaşlığı ilə təşkil ediləcək. Konqresin məqsədi Azərbaycanda parodontologiya və estetik stomatologiya sahəsinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq onların bilik və təcrübələrini təkmilləşdirməkdir. Tədbirə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və digər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider kimi tanınmış mütəxəssislər dəvət olunublar. Bu mütəxəssislərlə yanaşı, ölkəmizdə və xaricdə təhsil almış Azərbaycan alimləri və stomatoloqları da konqresin işində iştirak edəcəklər. Konqresdə elmi proqramla yanaşı, həkimlərimizin bu sahədəki praktik biliklərinin təkmilləşdirilməsi məqsədilə ustad dərsləri də keçiriləcək.xeber100.com

Sentyabr 22, 2016 11:16