Ölkələr qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə öhdəlikləri necə yerinə yetirir? Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) yeni məruzəsi bu sualın cavabına həsr olunub. Söhbət ürək-damar, onkoloji, xroniki respirator xəstəlikləri və şəkərli diabetlə mübarizədən gedir. Bu xəstəliklər dünyada 70 yaşdan aşağı insanların ölümünün əsas səbəbidir. Məruzədə bildirilir ki, bir çox ölkələr siqaret və həddindən artıq spirtli içkilərin istehlakı səviyyəsinin azaldılması, fəal həyat tərzinin təbliği, sağlam qidalanma üzrə tədbirlər hesabına böyük uğurlara nail ola bilib. Bəzi yerlərdə tütün məmulatları üçün verginin artırılması sayəsində ictimai səhiyyə sisteminin maliyyələşdirilməsi möhkəmlənib. “Bir çox dövlətlər, o cümlədən bəzi yoxsul ölkələr sübut edir ki, irəliləyişə nail olmaq və qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarını azaltmaq tamamilə realdır. Amma bu uğurlar orta və aşağı gəliri olan dövlətlərdə kifayət deyil və dəyişkən xarakter daşıyır”, - deyə DST-nin baş direktorunun köməkçisi Oleq Çestnov bildirib. DST-nin məlumatına görə, Yer üzündə bütün ölüm hallarının 60 faizi xroniki xəstəliklərlə əlaqədardır. Təkcə 2012-ci ildə qeyri-yoluxucu xəstəliklər dünyada 38 milyon insanın həyatına son qoyub. BMT Baş Assambleyasının 2011-ci ildə keçirilən yüksək səviyyəli ilk iclası qeyri-yoluxucu xəstəliklər probleminə həsr edilib. Bunun nəticəsi olan siyasi bəyannamədə bu xəstəliklərin profilaktikası və nəzarəti məsələləri prioritet olub. Bu problemlə bağlı ikinci iclas 2014-cü ildə keçirilib. Nəticə olaraq xroniki xəstəliklərlə mübarizə sahəsində BMT-yə üzv ölkələrə milli məqsədlər hazırlamaq tapşırılıb. Baş Assambleya üçüncü yüksək səviyyəli iclasını 2018-ci ildə keçirməyi planlaşdırır. İclasda 2025-ci ilədək dövrdə milli məqsədlərin yerinə yetirilməsində irəliləyişin qiymətləndirilməsi nəzərdə tutulur.xeber100.com