14 iyun – Ümumdünya Qan Donoru Günüdür

Ölkəmizdə qan donorluğunun inkişafında yaxından iştirak edən Qan Donorları Assosiasiyası hər il olduğu kimi, bu il də 14 iyun – Ümumdünya Qan Donoru Günü ilə əlaqədar qan donorlarının iştirakı ilə tədbir keçirib. Assosiasiyanın mətbuat katibliyindən Azərtac-a bildirilib ki, Ümumdünya Qan Donoru Gününün qeyd olunmasında əsas məqsəd qanvermənin əhəmiyyəti barədə insanları məlumatlandırmaq və daha çox insanı könüllü donorluğa həvəsləndirməkdir. Tədbirdə çıxış edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib ki, bu müqəddəs missiyanı həyata keçirməkdə illər ərzində fəaliyyətimizə dəstək olanlar arasında “Park Bulvar” xüsusi xidmətləri ilə seçilir. “Park Bulvar” hər zaman qan donorluğunun inkişafında yaxından iştirak edərək övladlarımızın sağlam gələcəyi üçün bizimlə birgə mübarizə aparıb. Qeyd edilib ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün donor qanı əvəzsiz rol oynayır. Müxtəlif travmalar, mürəkkəb cərrahiyyə əməliyyatları və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji və daxili orqanların xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Bu isə qana olan tələbatı artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Tədbirin sonunda öz qanını təmənnasız bağışlayan bir qrup şəxsə Assosiasiya və “Park Bulvar” tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.

İyun 14, 2016 12:34

Təcili tibbi yardım xidməti xüsusi iş rejimində çalışacaq

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışı zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi briqada ayrılıb. Bu briqadalar yolboyu xüsusi döngələrdə, təhlükəli zonalarda fəaliyyət göstərəcəklər. Bu barədə Azərtac-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən ayrı-ayrı ixtisaslaşmış tibb müəssisələrindən 11 həkim ayrılıb ki, onlar zəruri hallarda, hər hansı hadisə baş verərsə, yarış məkanına daxil ola biləcəklər. Dəniz vağzalının yaxınlığında isə beynəlxalq tələblərə uyğun klinika açılıb. Burada 30-a yaxın tibb işçisi çalışacaq. Bu tibbi heyət ən yüksək hazırlıqlı cərrahlar, travmatoloqlar və rentgenoloqlardan ibarət olacaq. “Tamaşaçılara və qonaqlara 6 səyyar tibbi briqada xidmət edəcək. Bundan əlavə, 9 məntəqədə həkim və feldşerlər növbə çəkəcək. Azərbaycan Tibb Universitetinin 75 könüllüsü də tamaşaçılar arasında olmaqla, bizə yaxından kömək edəcəklər”, - deyə R.Nağıyev bildirib. Baş həkim deyib ki, zərurət olduqda Klinik Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tamaşaçılar arasında, Mərkəzi Neftçilər Xəstəxanası isə idmançılar arasında zərərçəkənlərə yardım edəcək. R.Nağıyev bildirib ki, təcili tibbi yardım heyəti belə tədbirlərin keçirilməsinə tam hazırdır. Onlar Avropa Oyunları ərəfəsində xüsusi təlimlərdə olub, xarici dil kursları keçiblər.

İyun 13, 2016 12:35

Laparoskopik cərrahiyyə üzrə təlimə başlanılıb

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə təlimə başlanılıb. ADHTİ-dən Azərtac-a verilən məlumata görə, təlimi giriş sözü ilə açan rektor, professor Nazim Qasımov cərrahiyyədə laparoskopik diaqnostik və müalicə metodlarının üstünlüklərindən danışıb. “Son illərdə Səhiyyə Nazirliyi bu metodikaları yüksək səviyyədə mənimsəmiş kadrların hazırlanmasını vacib məsələ kimi qarşımıza qoyub. İndiyədək hazırladığımız həkim-mütəxəssislər yerlərdə bu tip əməliyyatları müvəffəqiyyətlə yerinə yetirirlər. Onlar laparoskopik metodları məhz xarici ölkələrdə deyil, bilavasitə ADHTİ-nin bazasında son üç ildə təşkil olunmuş ixtisasartırma kursları və treninqlər vasitəsilə mənimsəyiblər. Tələbatın böyük olduğunu nəzərə alaraq bu gün ümumi cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə təlim təşkil etmişik. Təlimin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb”, - deyə N.Qasımov bildirib. Təlim öz işini plenar iclaslarla davam etdirib. “İxtisaslaşmış cərrahiyyədə laparoskopiyanın yeri və perspektivləri”, “Laparoskopik cərrahiyyənin dünəni, bu günü və sabahı: reallıqlar və perspektivlər”, ”Urologiyada laparoskopiyanın yeri” mövzularında məruzələr dinlənilib, suallar cavablandırılıb. Sonra təlim iştirakçıları üçün təcrübi məşğələlər təşkil olunub və onlara laparoskopik cərrahiyyənin əsasları çatdırılıb. Növbəti günlərdə təlim iştirakçıları laparoskopik cərrahiyyənin aktual məsələlərinə həsr olunmuş açıq mühazirələrlə yanaşı, videomühazirələr dınləyəcək, təcrübi məşğələlərdə cərrahi texnikalar haqqında məlumat alacaqlar. Təlimin axırıncı günü – iyunun 10-da isə bütün iştirakçılar üçün canlı əməliyyatlar nümayiş olunacaq. Xüsusi hazırlanmış metodla təlimçilərin təlim və didaktiv qabiliyyətləri qiymətləndiriləcək. Eyni zamanda, rezidentlərin də təcrübi vərdişləri və nəzəri baza biliklərinin səviyyəsi müəyyən ediləcək. Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.xeber100.com

İyun 9, 2016 4:08

Vitaminlərin qəbulu orqanizmdə fəsadlar yarada bilər

İnsanlarda çox zaman dərmanların əlavə təsirlərini venadaxili, inyeksiya şəklində qəbul edilən dərmanlar yaradır. Bunu Trend-ə Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, dərmanların əlavə təsirləri ilə əlaqədar yalnız may ayında 11 nəfər müraciət edib. Onlardan 7-si xəstəxanaya yerləşdirilib. Həkim qeyd edib ki, dərmanların əlavə təsirləri ilə əlaqədar xəstəxanaya müraciət edənlər daha çox yaşı 45-dək olan insanlardır. Toksikoloqun sözlərinə görə, müraciət edənlər, əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.Vitaminlərin qəbulu ilə əlaqədar insanları diqqətli olmağa çağıran A.Maqsudovun sözlərinə görə, bədənin həssaslığı, müqaviməti pozulduqda da vitaminlərin qəbulu nəticəsində əlavə təsirlərin yaranması mümkündür. O qeyd edib ki, uşaqlara həkim məsləhəti olmadan verilən vitaminlərin qəbulu onların səhhəti üçün ciddi təhlükələr yaratmasa da, orqanizmdə fəsadlar yarada bilər. Bu fəsadlar isə özünü allergik reaksiya formasında göstərə bilər.Toksikoloq dərmanın əlavə təsirlərinin qeydə alınması ilə dərmandan zəhərlənmə arasında fərqlərin olduğunu deyib. Onun sözlərinə görə, çox zaman xəstəni dərman zəhərlənməsi adı ilə xəstəxanalara gətirirlər, amma bu da əksər hallarda təsdiqlənmir. Belə hallarda xəstənin vəziyyəti pisə doğru dəyişsə də, müayinə zamanı dərman zəhərlənməsinin əlamətləri müşahidə edilmir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldığı üçün tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir.A.Maqsudov deyib ki, dərmanın əlavə təsirləri özünü allergik reaksiya kimi büruzə verir. Bu zaman dəridə qızarma olur, başgicəllənməsi yaranır: “Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyini və hansı tip dərmandan baş verdiyi təsdiqlənir”.xeber100.com

İyun 6, 2016 2:17

II beynəlxalq konqres keçiriləcək

İyunun 1-dən 3-dək Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyi (TDTD) birgə orqan və toxumaların köçürülməsinin aktual problemlərinə dair II beynəlxalq konqres keçirəcək. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. TDTD 2014–cü ildə Türkiyə, Azərbaycan, Orta Asiya dövlətlərinin transplantoloqları, nefroloqları, cərrahları daxil olmaqla dünya şöhrətli alim, Türkiyə Transplantasiya Cəmiyyətinin sədri professor Mehmet Haberal tərəfindən yaradılıb. Qurumun ilk konqresi ötən il mayın 20-dən 22-dək Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirilib. Bakıda keçiriləcək konqresdə Azərbaycanla yanaşı, ABŞ, İngiltərə, Avstraliya, Kanada, Livan, İordaniya, Misir, İran, Türkiyə və Orta Asiya ölkələrindən 500-ə qədər nümayəndənin iştirakı gözlənilir. Həmçinin Dünya Transplantasiya Cəmiyyətinin sədri professor Filipp O´ Conelli (Avstraliya) və digər görkəmli alimlər tədbirə dəvət olunublar. Konqresdə transplantologiyanın müxtəlif problemləri ilə bağlı çıxışlar dinləniləcək, plenar iclaslarda diskussiyalar aparılacaq, elmi-praktiki seminarlar keçiriləcək. Konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verməklə, kadrların və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması (meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaq.xeber100.com

May 28, 2016 2:58

Xəstəliklərin profilaktikasında peyvəndin vacibliyi…

Bu ilin 4 ayı ərzində ölkəmizdə yenidoğulmuşların 96,9 faizi vərəm əleyhinə (BCG) peyvəndi, 98,8 faizi hepatit B (HepB) peyvəndi, 97,0 faizi poliomielit (OPV3) peyvəndi ilə əhatə olunub. Bir yaşadək uşaqların 95,1 faizi göyöskürək, beşvalentli GDTHibHepB3 peyvəndi, 96,5 faizi OPV3 peyvəndi, 95,0 faizi pnevmokok əleyhinə (Pk) peyvəndi alıb. Azərtac xəbər verir ki, bu barədə mayın 23-də Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ölkəmizdə uşaqların peyvənd olunması ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verilib. İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev bildirib ki, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlillik hallarının azaldılması tədbirlərində uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər ölkəmizdə dayanıqlı epidemioloji sabitliyi təmin edib. Qeyd olunub ki, aprelin 25-dən 30-dək keçirilən immunlaşdırma həftəsi ərzində uşaqlarla yanaşı, peyvənd almayan yaşlı insanlar arasında da immunlaşdırma işləri aparılıb. Onlardan 119 nəfər qızılca və məxmərək əleyhinə QM peyvəndi alıb. Baş pediatr deyib ki, Azərbaycanda uşaqlara yeni peyvəndlərin vurulması ilə bağlı daim iş aparılır. Ölkədə gələcəkdə suçiçəyinə, meningit və rotavirusa qarşı peyvəndlərin vurulması nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, Azərbaycanda bu gün peyvənd çatışmazlığı yoxdur və bütün peyvəndləmə işi tamamilə dövlət hesabına aparılır. Mətbuat konfransında uşaqların peyvəndlərə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva bu ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanıldığını xatırladıb. Qeyd edib ki, ötən dövr ərzində ölkə üzrə bu vaksinlə əhatə olunma 85 faiz təşkil edib.xeber100.com

May 23, 2016 3:33

Milli Oftalmologiya Mərkəzinin filialı açılıb

Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb. Azərtac xəbər verir ki, açılış mərasimində Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin direktoru, əməkdar elm xadimi Elmar Qasımov, şəhər səhiyyə idarəsinin rəisi professor Əlikram Məmmədov, tibb müəssisələrinin əməkdaşları, eləcə də bir sıra xarici qonaqlar iştirak ediblər. Oftalmologiya Mərkəzi ilə tanış olan qonaqlara məlumat verilib ki, yeni yaradılan tibb müəssisəsi üçün şəhərin mərkəzi hissəsinə yaxın, tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Mərkəzdə 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanacaq. Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb. Mərkəzin Gəncə filialında göz almasının anadangəlmə patologiya və zədə nəticəsində yarana anatomik pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv, tor qişanın qopması və görmə üzvünün yeni törəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də həyata keçiriləcək. Tədbir iştirakçıları Oftalmologiya Mərkəzinin Gəncə filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokluna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər. Səhiyyə ocağının açılışı münasibətilə Heydər Əliyev Mərkəzində elmi konfrans keçirilib. Konfransda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov görkəmli alimin həyatı və elmi-ictimai fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, Zərifə xanım Əliyeva nəinki Azərbaycanda, eləcə də keçmiş MDB məkanında oftalmologiya sahəsinin inkişafına sanballı töhfələr verib. Onun monoqrafiyaları, elmi məqalələri bu gün də öz aktuallığını saxlayır və tədris vəsaiti kimi istifadə olunur. Konfransda “Azərbaycanda qlaukomalı xəstələrin dispanserizasiyası”, “Yerli steroid preparatlarının uzun müddət istifadəsi nəticəsində buynuz qişasının travmatik zədələnmələrinin fəsadları”, “Bizim təcrübəmizdə arxa polyar kataraktanın cərrahi müalicəsi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.xeber100.com  

May 16, 2016 2:40

Psixoloqların ümumrespublika forumu keçirilib

“ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Gənc Psixoloqlar” İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Psixoloqlarının I ümumrespublika forumu keçirilib. Forum “Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu” və “Psixologiya elminin tətbiqi sferalarının inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işlərin təhlili” mövzuları üzrə iki paneldən ibarət olub. İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan “Gənc Psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruczadə forumun keçirilmə məqsədi barədə iştirakçılara məlumat verib. Forumun birinci panelində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək tədbirin əhəmiyyətindən və bu gün ölkəmizdə psixi sağlamlığın qorunması istiqamətində aparılan işlərdən danışıb, forum iştirakçıları tərəfindən verilən suallar cavablandırıblar. İkinci paneldə isə psixoterapevt Nisə Abdullayeva, Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Səyyarə Yusubova, “Gənc Psixoloqlar” İctimai Birliyinin nümayəndələri Aidə Səlim, Aytac Abbasbəyli, “İstək” liseyinin psixoloqu Sevda Cəlilzadə psixologiyanın müxtəlif problemlərinə dair məruzələrlə çıxışlar ediblər. Tədbirin sonunda “Gənc Psixoloqlar” İctimai Birliyi və “ASAN” Könüllüləri Gənclər Təşkilatı arasında psixi sağlamlıq istiqamətində tədbirlərin həyata keçirilməsini və gənc mütəxəssislərin formalaşdırılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb  

Aprel 29, 2016 3:37