“QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında”…

Sentyabrın 20-də Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Azərtac xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə 2016-cı il yaz sessiyası dövründə görülən işlər üzrə hesabat və həmin ilin payız sessiyasının qanunvericilik işləri barədə məlumat verib. Daha sonra isə “QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Komitə sədri “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklərin təklif edildiyini bildirib. Qanun layihəsinə əsasən sənədin 1-ci maddəsinə “ekvivalent dərman vasitələri – təsiredici maddəsi (maddələri), farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri” məzmunlu 1.0.18-ci, “oxşar dərman vasitələri – təsiredici maddəsi farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri” məzmunlu 1.09.19-cu və “bioloji fəallığa malik qida əlavələri – qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan. Mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar” məzmunlu 1.0.20-ci maddələr əlavə ediləcək. Qanuna, həmçinin 4-7-ci, 16-4-cü və 14-1-ci maddələr əlavə edilməsi nəzərdə tutulur. Bu əlavələrə əsasən dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar. Həmçinin dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır. Müzakirələr zamanı deputatlar sənədlə bağlı təkliflərini səsləndiriblər. Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclaslına tövsiyə edilib.xeber100.com

Sentyabr 21, 2016 12:22

Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılıb

Sentyabrın 19-da Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2016”) açılıb. “BIHE-2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur. Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim edəcəklər. Xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru da maraq doğurur. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alır. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir. “BIHE-2016” sərgisi ilə paralel daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq stomatologiya sərgisi (“Stomatology Azerbaijan-2016”) və 10-cu Yubiley Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisi (“Beauty Azerbaijan-2016”) keçirilir.xeber100.com

Sentyabr 19, 2016 11:10

“Gündüz sağlamlıq klubu” təşkil olunub

“Sağlamlıq sahəsi” poliklinikasına müraciət edən və ərazi poliklinikalarından göndərilən ahıl insanlar ixtisaslaşdırılmış heriatrik müalicəyə cəlb olunur. Poliklinikaya dərman təchizatını Səhiyyə Nazirliyi həyata keçirir. Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, ilkin müraciətlərin sayı il ərzində ən azı 2 min nəfər təşkil edir ki, onlardan da qeydiyyata götürülən xəstələrin 65-67 faizini herontoloji yaş həddində olan xəstələr təşkil edir. İl ərzində poliklinikada orta hesabla 65 mindən çox xəstə gəlişi (ilk və növbəti gəliş) qeydə alınır. Müayinə və müalicə olunan ahıl xəstələr ildə iki dəfə bütün müayinələrdən keçmək və müalicə kursu almaq üçün xüsusi çağırış vərəqəsi ilə “Sağlamlıq sahəsi”nə dəvət olunurlar. Hər il herontologiya sahəsində görülən işin həcmini genişləndirmək məqsədilə mütəmadi olaraq əvvəlcədən şəhər poliklinikalarında elan verməklə "Açıq qapı" aylığı keçirilir. Bir ay ərzində ərazi poliklinikalarından "Sağlamlıq sahəsi" poliklinikasına ixtisaslaşmış tibbi xidmət almaq məqsədilə orta hesabla 5 minə yaxın xəstə müraciət edir. Poliklinikada həssas psixologiyası olan tənha ahıllar üçün “Gündüz sağlamlıq klubu” təşkil olunub. Burada ahıllar üçün müalicə və müayinələrlə yanaşı, xüsusi tədbirlər (musiqi terapiyası, fitoterapiya, katerlə dəniz gəzintisi və s.) keçirilir. Həmçinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinin bütün sakinləri ildə iki dəfə ixtisaslaşmış həkimlər tərəfindən müayinə olunurlar.xeber100.com  

Sentyabr 7, 2016 11:36

Alimlərin araşdırmasına əsasən…

Helsinki Universitetinin alimləri bildirirlər ki, xarici dil öyrənmək insan beyninin elastikliyini və onun informasiyanı kodlaşdırmaq qabiliyyətini artırır. Tədqiqatda qeyd edilir ki, insan nə qədər çox xarici dil öyrənsə, onun beyni öyrənmə prosesində toplanmış məlumata bir o qədər çevik reaksiya verir və həmin informasiya ilə bir o qədər səmərəli işləyə bilir. healthvesti.com saytına istinadla bildirir ki, finlandiyalı mütəxəssislər 22 tələbə (10 kişi və 12 qadın) arasında eksperiment apararaq elektroensefaloqrafiyanın köməyi ilə onların beyninin elektrik fəallığını qiymətləndiriblər. Başlarına elektrodlar yerləşdirilmiş eksperiment iştirakçıları müxtəlif sözlərin həm öz ana dilində, həm də xarici dillərdə lent yazılarını dinləyiblər. Tələbələr onlara məlum olan və ya tanış olmayan sözləri eşidəndə beynin fəallığında baş verən dəyişikliklər müşahidə olunub və tədqiqatçılar tanış olmayan sözlərin qiymətləndirilməsi üçün beynin öz fəallığını hansı sürətlə təshih etməsinə fikir veriblər. Eksperiment göstərib ki, bəzi xarici dillərlə tanış olan sınaq iştirakçılarının beyninin elektrik fəallığı daha yüksək olub. İnsan nə qədər çox dil bilirsə, onun beynində təzə sözlər haqqında informasiyanı kodlaşdıran neyron şəbəkəsi bir o qədər sürətlə formalaşır. Deməli, bu yeni məlumatlar beynin fiziologiyasının təkmilləşməsinə stimul yaradır və beyində çoxlu yeni biliklər formalaşır. Ekspertlər hesab edirlər ki, bu halda beynin elastikliyi artır. Alimlər bildirirlər ki, neyron şəbəkələrinin yaranması və möhkəmlənməsi prinsipləri barədə daha tam təsəvvür yarandıqda onlar bu mexanizmlərdən təlim prosesinin sürətləndirilməsi və yaxşılaşması üçün istifadə edə biləcəklər.xeber100.com

Sentyabr 6, 2016 12:14

Səhiyyə Nazirliyinin məlumatına əsasən…

Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların 40 faizi sinir sistemi xəstəliklərindən, 30 faizi dayaq hərəkət sistemi xəstəliklərindən, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10 faizi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu barədə Azərtac-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2015-ci ildə mərkəzə ilk dəfə müraciət etmiş 98 xəstə daxil olub. Bu ilin ilk 6 ayında isə bu göstərici 88 nəfər təşkil edib. Mərkəzə daxil olmuş xəstələr qeydiyyata götürülərək hər iki aydan bir müalicə kursu keçirlər. Ötən ilin yanvar-iyun aylarında mərkəzə 19661 gəliş qeydə alınıbsa, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 20612-yə çatıb. Səhiyyə Nazirliyinin 2014–2020-ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində mərkəzə daxil olan 1 yaşına qədər uşaqların sayının əvvəlki illə müqayisədə 40 faiz artması müşahidə olunur. Uşaq Bərpa Müalicə Mərkəzində uşaqlar xüsusi prinsiplərlə müalicə kursu keçirlər. Hər bir xəstənin yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı olan xəstəlikləri nəzərə alınır. Mərkəzdə xəstələr il ərzində 3-6 mərhələdə bərpa-müalicə kursu keçirlər. Burada valideynlərlə də iş aparılır. Belə tədbirlərdən biri kimi Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Bərpa Müalicə Mərkəzində keçirilən “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsini qeyd etmək olar. Layihədə mərkəzdə müalicə olunan sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynlərı iştirak ediblər. Uşaq Bərpa Müalicə Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, bu uşaqların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da önəm verilir. Belə ki, mərkəzdə təşkil olunmuş rəsm terapiyası kursu keçən xəstələr Azərbaycan Rəssamlıq Akademiyasında “Mənim rəngli dünyam” adlı sərgidə iştirak ediblər. Əlində fırça tuta bilməyən xəstələr barmaqlarını rəngə batıraraq yaratdıqları rəsmlərdə öz arzularını ifadə ediblər. Bundan əlavə, Səhiyyə Nazirliyinin və Azərbaycan Uşaq Paralimpiya Komitəsinin dəstəyi ilə mərkəzdə boçço oyunu üzrə dərnək təşkil edilib.xeber100.com

Sentyabr 1, 2016 11:29