Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir…

Dünyada təxminən 400 milyon nəfər hepatit virusuna yoluxub, lakin bunu hər 20 nəfərdən yalnız biri bilir. Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, statistikaya görə, hepatitə yoluxanların üçdə birində xərçəng və qaraciyər xəstəlikləri inkişaf edir. Bu səbəbdən isə hər il 1,45 milyon nəfər həlak olur. Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edir ki, orqanizmə düşən virus on illərlə özünü göstərməyə bilər. “Məhz bu səbəbdən çoxları bu xəstəliyə diqqət yetirmir. Əgər siz hepatit B-yə uşaqlıqda, yaxud 16 yaşında inyeksiya nəticəsində yoluxmusunuzsa, sizdə sirroz 40, 50 və ya 60 yaşında inkişaf edə bilər. Buna qədər isə siz xəstəlik barədə şübhələnmirsiniz”, - deyə DST-dən Stefan Viktor bildirib. Hepatit C isə inyeksion narkotik qəbulu zamanı və ya bədən döyməsindən sonra ötürülə bilər. Yoluxma varlı dövlətlərdə əsasən narkotik istifadəçiləri arasında baş verir. Sanitariya normalarına əməl etməyən tibb müəssisələrində də hepatit virusuna yoluxma halları olur. DST dünyanın bütün ölkələrini milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. Bu çağırış iyulun 28-də qeyd olunacaq Ümumdünya Hepatit Günü ərəfəsində səslənib. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış davamlı inkişaf məqsədlərinə uyğun olaraq hepatitə yoluxanların sayını 2030-cu ilədək 90 faiz azaltmaq lazımdır.

İyul 22, 2016 12:24

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən…

Ölkələr qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə öhdəlikləri necə yerinə yetirir? Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) yeni məruzəsi bu sualın cavabına həsr olunub. Söhbət ürək-damar, onkoloji, xroniki respirator xəstəlikləri və şəkərli diabetlə mübarizədən gedir. Bu xəstəliklər dünyada 70 yaşdan aşağı insanların ölümünün əsas səbəbidir. Məruzədə bildirilir ki, bir çox ölkələr siqaret və həddindən artıq spirtli içkilərin istehlakı səviyyəsinin azaldılması, fəal həyat tərzinin təbliği, sağlam qidalanma üzrə tədbirlər hesabına böyük uğurlara nail ola bilib. Bəzi yerlərdə tütün məmulatları üçün verginin artırılması sayəsində ictimai səhiyyə sisteminin maliyyələşdirilməsi möhkəmlənib. “Bir çox dövlətlər, o cümlədən bəzi yoxsul ölkələr sübut edir ki, irəliləyişə nail olmaq və qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarını azaltmaq tamamilə realdır. Amma bu uğurlar orta və aşağı gəliri olan dövlətlərdə kifayət deyil və dəyişkən xarakter daşıyır”, - deyə DST-nin baş direktorunun köməkçisi Oleq Çestnov bildirib. DST-nin məlumatına görə, Yer üzündə bütün ölüm hallarının 60 faizi xroniki xəstəliklərlə əlaqədardır. Təkcə 2012-ci ildə qeyri-yoluxucu xəstəliklər dünyada 38 milyon insanın həyatına son qoyub. BMT Baş Assambleyasının 2011-ci ildə keçirilən yüksək səviyyəli ilk iclası qeyri-yoluxucu xəstəliklər probleminə həsr edilib. Bunun nəticəsi olan siyasi bəyannamədə bu xəstəliklərin profilaktikası və nəzarəti məsələləri prioritet olub. Bu problemlə bağlı ikinci iclas 2014-cü ildə keçirilib. Nəticə olaraq xroniki xəstəliklərlə mübarizə sahəsində BMT-yə üzv ölkələrə milli məqsədlər hazırlamaq tapşırılıb. Baş Assambleya üçüncü yüksək səviyyəli iclasını 2018-ci ildə keçirməyi planlaşdırır. İclasda 2025-ci ilədək dövrdə milli məqsədlərin yerinə yetirilməsində irəliləyişin qiymətləndirilməsi nəzərdə tutulur.xeber100.com  

İyul 20, 2016 10:18