XXI Beynəlxalq İqtisadi Forum işə başlayıb

İyunun 1-də Rusiyanın Sankt-Peterburq şəhərində XXI Beynəlxalq İqtisadi Forum işə başlayıb.AZƏRTAC xəbər verir ki, Foruma 133 ölkədən 12 min iştirakçı qatılıb. Tədbirdə 39 ölkənin nazirləri, 1000-ə yaxın şirkət təmsil olunur. Forumda əsasən qlobal iqtisadi vəziyyət, texnoloji yeniliklər, insan kapitalı, energetika məsələləri müzakirə olunur.Forum çərçivəsində Rusiyanın TASS agentliyi tərəfindən təşkil olunan “Yalan, ya doğru informasiya : müasir informasiya dünyasına çağırış” mövzusunda dünyanın aparıcı xəbər agentlikləri rəhbərlərinin Sammiti keçiriləcək. İyunun 2-də işə başlayacaq Sammitdə Associated Press, Reuters, Press Association, Anadolu, Bloomberg, ANSA, DPA, Sinxua, İRNA, Kyodo, Yonhap, Frans-Press və digər agentliklərin rəhbərləri və nümayəndələri müzakirələr aparacaqlar. Azərbaycanı bu Sammitdə Azərtac-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov təmsil edəcək.İştirakçı agentliklərin rəhbərləri və nümayəndələri əsas diqqəti müasir texnologiyaların inkişafı fonunda “feyk” xəbərlərin yayılmasının jurnalistika üçün ciddi problemlər yaratmasına, ondan qorunmaq yollarının axtarışına yönəldəcəklər. Sammitə TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbone moderatorluq edəcəklər.xeber100.com

İyun 1, 2017 4:43

Azərbaycanın Respublika Gününə dair qətnamə qəbul edilib

ABŞ-ın Kaliforniya Ştat Senatının üzvü, senator Cef Ston və Ştat Assambleyasının deputatı Roki Çavez tərəfindən Azərbaycanın Respublika Gününə dair qətnamə qəbul edilib.Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan Azərtac-a bildiriblər ki, qanunvericilərin birgə imzası ilə qəbul edilən və Los-Ancelesdəki baş konsulluğumuza göndərilmiş bu sənəddə Azərbaycanın 1918-ci il mayın 28-də İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurduğu vurğulanır.Qətnamədə qeyd olunur ki, həmin illərdə Azərbaycanın dövlət müstəqilliyi qısa dövrü əhatə etsə də, gender bərabərliyi, qadın və kişilərə bərabər seçki hüquqlarının verilməsi, eləcə də dini və milli azadlıqlar sahəsində böyük nailiyyətlər əldə olunub.Sənəddə, həmçinin bolşevik işğalı nəticəsində 1920-ci ildə Azərbaycanın dövlət müstəqilliyinə son qoyulduğu vurğulanaraq, 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi ifadə olunur. Bildirilir ki, Azərbaycan keçən 26 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirərək, böyük önəm kəsb edən Xəzər regionunda ABŞ-ın etibarlı müttəfiqinə və strateji tərəfdaşına çevrilə bilib.Vurğulanır ki, 99 ildən bəri hər il dünyanın müxtəlif ölkələrində milyonlarla, eləcə də ABŞ-da yaşayan on minlərlə azərbaycanlı 28 may tarixini qeyd edir, öz əcdadlarının vaxtı ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasındakı töhfələrini yad edirlər.Sənədin sonunda hər iki qanunverici – senator C.Ston və Assambleya üzvü R.Çavez Kaliforniya ştatında yaşayan azərbaycanlıların bu ştatın ictimai zənginliyinə, mədəniyyətlərarası harmoniyasına, eləcə də əmin-amanlıq və rifahına verdiyi töhfələri yüksək qiymətləndirdiklərini bildirərək, 28 may 2017-ci il tarixini Azərbaycan Milli Günü kimi tanıdıqlarını bəyan edirlər.xeeber100.com

May 29, 2017 12:02