Azərbaycan-İran münasibətləri müzakirə edilib

Mayın 6-da Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.Səfir deyib ki, son üç ildə Azərbaycan və İran prezidentləri səkkiz dəfə görüşüblər. Ötən il ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrində 70 faiz artım müşahidə olunub. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyıb. Həyata keçirilən birgə iqtisadi layihələrdən konkret nəticələr əldə olunub. 2017-ci il mart ayının əvvəllərində İran sərhədinədək inşa edilmiş Azərbaycan Respublikasının dəmir yolu artıq İran ərazisinə daxil olub. Hazırda İranın Astara şəhərində yük terminalının tikintisi sürətlə davam etdirilir. Ölkələrimiz arasında dəmir yolunun birləşdirilməsi hər iki dövlətin, eləcə də regionun iqtisadi inkişafına öz töhfəsini verəcək. Bütün bunlar qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunələridir. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir və belə əlaqələr turizm sənayesinin inkişafına böyük təkan verir, həmçinin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İranın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını yazılı şəkildə pisləyən ilk dövlətlərdən olduğunu vurğulayıb və Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini bildirib.İki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını müsbət qiymətləndirən müşavir Azərbaycan-İran münasibətlərinin bundan sonrakı inkişafına hər zaman töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.xeber100.com  

May 7, 2017 2:42

ATƏT-in Daimi Şurasının növbəti iclasında…

ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında bu təşkilatın Yerevan ofisinin mandatının uzadılması məsələsinə baxılıb. İclasda ATƏT-in Daimi Şurasının sədri, Avstriyanın bu qurum yanında daimi nümayəndəsi Klemens Koya qeyd edib ki, ATƏT-in Yerevan ofisinin mandatını uzatmaqla bağlı bütün imkanlar artıq tükənib, aparılan danışıqlar səmərəsiz qalıb. Tərəfləri razı salacaq təkliflərin qəbul olunmaması nəzərə alınaraq, ATƏT-in Yerevan ofisinin bağlanmasına qərar verilib. İclasda ATƏT-in baş katibinə göstəriş verilib ki, ofisin bağlanması üçün tələb olunan proseslərin həyata keçirilməsini təmin etsin. Həmçinin qeyd edilib ki, ofisin bağlanması üçün texniki prosedurlar üç ay ərzində başa çatdırılmalıdır.Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq, ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini qaldırıb. Ötən üç il ərzində müxtəlif imkan və proseslərdən istifadə edilməsinə cəhd göstərilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ucbatından məsələyə həll yolunun tapılması mümkün olmayıb.xeber100.com

May 5, 2017 3:45