Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı 1 iyul tarixinə 56 539 nəfər təşkil edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Apa-Economics”ə verilən məlumata görə, həmin şəxslərdən 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslərdir (həmin şəxslərdən həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir). Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 19 699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 097-si şəhid ailələridir. Həmçinin 20 yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. 394 nəfərə isə Prezidentin fərdi təqaüdü verilir. Fəxri ad almış 2 365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19 923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 nəfər hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər. Digər sosial ödənişlər kimi, Prezidentin aylıq təqaüdünün məbləği də mütəmadi olaraq artırılır. Cari ilin yanvar ayında dövlət başçısının imzaladığı fərmanlarla və sərəncamla Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95%-ə qədərinin təqaüdlərinin növbəti dəfə artırılması təmin olunub.xeber100.com

İyul 29, 2016 4:01

Nazirlər Kabinetinin qərarına əsasən…

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında reallaşdırılan “Pilot layihə” çərçivəsində yararsız vəziyyətə düşmüş 1 000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, 1 mln. kv. metrə yaxın yaşayış sahəsi tikilməlidir. Bunu Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib. A.Ələsgərovun sözlərinə görə, Komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb və bu iş gündəlik olaraq aparılır. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahat olduğunu bildirib. Komitə sədrinin sözlərinə görə, Qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyələrinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda məsuliyyətini artırıb: “Bu günə qədər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer olunub. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı doğrultmaq üçün fəal işləmək lazımdır”. Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir. Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran Komitə sədri bu qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarına bildirib.xeber100.com  

İyul 27, 2016 1:44

Aztəminatlı ailələrin sosial müdafiəsinə həsr olunmuş müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili, onların özünüməşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Məlumata görə, nazirliyin məşğulluq orqanlarının iştirakı ilə keçən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cari ildə dünya iqtisadiyyatında böhranın bir qədər də kəskinləşməsinə baxmayaraq,  ölkəmizdə sosial-iqtisadi inkişafın davam etməsinə şərait yaratdığını vurğulayıb. Nazir cari ilin ilk yarımilində iqtisadiyyatın qeyri-neft sektorunda artımın əldə edildiyini, qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artımın qeydə alındığını, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulduğunu, əhalinin gəlirlərinin də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxaldığını diqqətə çatdırıb. Müşavirədə aktiv məşğulluq tədbirlərinin icra vəziyyəti nəzərdən keçirilərək, aztəminatlı ailələrlə bağlı özünüməşğulluq proqramının praktik icrası sahəsində görüləcək işlər, məşğulluq orqanlarının bu sahədə üzərinə düşən vəzifələr diqqətə çatdırılıb, aidiyyəti üzrə konkret tapşırıqlar verilib.xeber100.com

İyul 26, 2016 11:03

Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Gecə 22-26° isti, gündüz 28-33° isti olacaq. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil və Şıxda 25-26° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20° isti, gündüz 20-25° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 18-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 22-24° isti, gündüz 30-34° isti, dağlarda gecə 17-22° isti, gündüz 22-27° isti olacaq.xeber100.com

İyul 22, 2016 12:19