“Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”…

Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib. Apa-nın məlumatına görə, bu Nümunəvi Əsasnamə Azərbaycan ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyir. Ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur. Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur. Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır. Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Kitabxananın fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat, universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər), dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir), müəllim üçün metodik vəsaitlər, elektron resurslar və digərləri daxildir. Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir. Kitabxananın kadr təminatında peşə üzrə ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda, müvafiq peşə-ixtisas təhsili olmayan, lakin yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər. Kitabxananın oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ var. Kitabxananın vəzifələri sırasında isə “informasiya günü”, “müəllim günü”, “sinif günü” adlı tədbirləri təşkil etmək və ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək də yer alıb. Nümunəvi Əsasnaməyə əsasən kitabxananın fonduna daxil olan çap və informasiya resurslarından istifadə qaydaları da müəyyənləşdirilib. Abonement vasitəsilə kitabxananın çap resursları evdə istifadə etmək üçün götürülə bilər. Evə götürülən resurslardan istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir: - dərslik, dərs vəsaiti – bir tədris ili; -elmi-populyar və bədii ədəbiyyat – bir ay; - dövri və çox istifadə olunan nəşrlər – 15 gün; Oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından yalnız kitabxana daxilində istifadə edilir. Bir kompüterdə eyni zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir. İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə verilmir.xeber100.com

İyul 10, 2016 9:32

Kolleclərə ixtisas seçimi başlayıb

Bu gündən Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlayıb və proses iyulun 18-dək davam edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Apa-ya verilən xəbərə görə, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərşivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən bu təhsil pilləsinə 2015-ci ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.xeber100.com        

İyul 8, 2016 9:26

Təhsil Nazirliyinə 16 min 655 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyununda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən Azərtac-a bildiriblər ki, qeyd olunan müddətdə 16 min 655 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 min 683 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 dəfə çox, 2014-cü illə müqayisədə 1,8 dəfə çox, 2015-ci illə müqayisədə 1,7 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 972 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1168 sənəd (519 məktub, 476 ərizə, 173 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (2954 zəng) və çərşənbə axşamı (2769 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (957 müraciət), çərşənbə axşamı (792 müraciət) və cümə (791 müraciət) günləri, əsasən, saat 10:00-dan 15:00-dək müraciət edilib.xeber100.com

İyul 5, 2016 9:36

IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub

İmtahanda iştirak edənlərdən 7,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. “Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb”. Bunu Təhsil Nazirliyindən bildiriblər. Verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən, ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınıb. Ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılıb. IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib. IX sinif buraxılış imtahanlarının nəticələrinin illər üzrə dinamikası aşağıdakı qrafikdə göstərilib. Təhsil nazirinin “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” əmrinə əsasən 2015-2016-cı tədris ilində Ağcabədi, Astara, Cəlilabad, Masallı, Saatlı və Sabirabad rayonlarında inkişafyönlü tədbirlər həyata keçirilib. Ötən il ilə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib. Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala, və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb. Buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub. Buraxılış imtahanlarının nəticələri hər il olduğu kimi, müxtəlif parametrlər üzrə təhlil ediləcək və nəticələr ictimaiyyətə çatdırılacaq.xeber100.com

İyul 4, 2016 1:44