“Açıq qapı günü” keçirilib

Sentyabrın 9-da Azərbaycan Dövlət Dəniz Akademiyasında “Açıq qapı günü” – yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. Azərtac xəbər verir ki, görüşdə gəmiçiliyin rəhbər işçiləri, donanma rəisləri, gəmi təmiri zavodlarının direktorları, Bakı Gəmiqayırma Zavodunun və gəmiçiliyin alyans tərəfdaşı olan “Caspian Marine Services” şirkətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, 2016-2017-ci tədris ili üçün müəyyən edilmiş qəbul planında nəzərdə tutulan 370 yerə 309 abituriyent daxil olub. İlk dəfə olaraq onların arasında 600-dən yuxarı bal toplayanlar da var. Hazırda Dəniz Akademiyasında 1200-ə yaxın tələbə təhsil alır. Son iki ildə onların müvəffəqiyyət göstəricilər 67,5 faizdən 80,45 faizə, keyfiyyət göstəriciləri isə 13,5 faizdən 36,7 faizə yüksəlib. Bu gün akademiyada 63 tələbə əlaçı, 305 nəfər isə əla və yaxşı oxuyanlardır. Ç.Əliyevin sözlərinə görə, Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələri genişlənir. Artıq 10 ölkədən 17 ali məktəb ilə əməkdaşlıq edilir. Onların arasında Rusiya, Türkiyə, Polşa, Ukrayna, Latviya, Bolqarıstan və sair ölkələrin aparıcı dənizçilik universitetləri və akademiyaları var.xeber100.com

Sentyabr 9, 2016 2:58