9-cu Ümumərəb Konfransı işə başlayıb

Əmmanda keçmiş Sovet İttifaqı respublikalarının ali məktəblərində ərəb ölkələrindən təhsil almış məzunların 9-cu Ümumərəb Konfransı işə başlayıb.Azərbaycanın İordaniyadakı səfirliyindən Azərtac-a bildirilib ki, görüş xarakteri daşıyan konfransda iordaniyalı məzunlarla yanaşı, müxtəlif ərəb ölkələrindən, o cümlədən Fələstin, Livan, Mərakeş, Yəmən, İraq və Misirdən gəlmiş məzunlar da iştirak edir. Konfransın açılış mərasimi İordaniyanın Baş nazirinin himayədarlığı ilə Kral Hüseyn Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə İordaniyanın dövlət qurumlarının nümayəndələri, bir sıra ölkələrin Əmmandakı səfirləri, Rusiya və İordaniya ali məktəblərinin rəhbərləri, elmi təşkilatların və tələbə cəmiyyətlərinin təmsilçiləri iştirak edib. Tədbirdə keçmiş Sovet İttifaqı respublikalarının ali məktəblərində təhsil almış məzunların Ərəb Birliyinin sədri F.ər-Rubai, keçmiş Sovet İttifaqı respublikalarının ali məktəblərində təhsil almış iordaniyalı məzunların “İbn Sina” klubunun sədri S.Tivalə, Rusiyanın Əmmandakı səfiri B.Bolotin və başqaları çıxış ediblər. Tədbir məzunların və onların ailələrinin ərəb və rus dillərində təqdim etdikləri konsert proqramı ilə başa çatıb. Konfrans işini noyabrın 17-dək davam etdirəcək.xeber100.com

Noyabr 14, 2016 10:13