“Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb

Oktyabrın 22-də Bakıda “British Council-Azərbaycan” təşkilatı tərəfindən yeddinci “Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb. Azərtac  xəbər verir ki, sərginin açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətindən danışıb. Böyük Britaniyanın universitetləri, digər təhsil ocaqları barədə məlumat verən K.Krofts dünyanın ən nüfuzlu təhsil müəssisələri arasında onların layiqli yer tutduğunu diqqətə çatdırıb. Səfir Böyük Britaniya universitetlərində müxtəlif ölkələrdən olan gənclərlə yanaşı, azərbaycanlı tələbələrin də təhsil aldıqlarını söyləyib. Qeyd edilib ki, hər il təxminən 600 min gənc ingilis dilini mükəmməl öyrənmək üçün Böyük Britaniyaya gəlir. “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt xaricdə təhsil imkanlarının ilbəil artdığını diqqətə çatdırıb. E.Vayt tədbirin keçirilməsinin məqsədi və əhəmiyyətindən bəhs edib. Oktyabrın 23-də başa çatacaq sərgidə Birləşmiş Krallığın 17 universitet, məktəb və kolleci iştirak edir. Təhsil müəssisələrinin nümayəndələri Böyük Britaniyada ali təhsil pillələri, kollec və orta məktəb təhsili, qısa və uzunmüddətli ingilis dili kursları, yay məktəbləri barədə iştirakçılara məlumat veriblər.xeber100.com

Oktyabr 23, 2016 7:45