“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi”…

Bakıda keçirilən “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans işini Bakı Dövlət Universitetində (BDU) davam etdirir. Azərtac xəbər verir ki, müxtəlif ölkələrdən olan nümayəndələrin iştirak etdikləri tədbirdə BDU-nun prorektoru, professor Aydın Kazımzadə universitetin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, BDU-nun 17 fakültəsində ümumilikdə 20 minədək tələbə təhsil alır. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində reallaşdırılan tədbirlərdən bəhs edən A.Kazımzadə konfransın əhəmiyyətini diqqətə çatdırıb. Sonra müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. Konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziya Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə keçirilir.xeber100.com

Oktyabr 13, 2016 11:05

Baku Ekspo Mərkəzində təhsil sərgisi açılıb

Oktyabrın 7-də Baku Ekspo Mərkəzində 10-cu Azərbaycan Beynəlxalq təhsil sərgisi açılıb. Azərtac xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə onuncu dəfə təşkil edilən sərginin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bugünkü yubiley tədbiri Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. Sərgidə Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri və ölkəmizin digər ali məktəbləri stendləri ilə təmsil olunur. Həmçinin “EduGuide” Azer-baijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Təhsil Nazirliyinin stendlərində “Maarifçi”, “SABAH”, “Azərbaycan üçün öyrət” və “Bir könüllü” layihələri barədə məlumat verilir. Bu il təhsil sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ali təhsil müəssisələrinin, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri tədbir iştirakçılarını təhsil proqramları ilə tanış edəcəklər. Qeyd olunub ki, sərgidə milli stendlərlə Türkiyə (Study in Turkey), Polşa (“Go Poland”) və Litva (“Study in Lithuania”) çıxış edəcək. Sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramları təqdim olunub. Təhsil sərgisi oktyabrın 9-dək davam edəcək.xeber100.com

Oktyabr 7, 2016 11:57

Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Sabah “Baku Expo” Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - 10-cu Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayır. Apa-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bu sərgi nazirliyin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan yeganə tədbirdir. O deyib ki, ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. C. Valehov qeyd edib ki, ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar. “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə sərgidə 14 ölkədən 118 müəssisənin iştirak edəcəyini söyləyib: “Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər”. Qeyd edək ki, XX Beynəlxalq Təhsil Sərgisi 7-9 oktyabr tarixlərində “Baku Expo” Mərkəzində keçiriləcək.

Oktyabr 6, 2016 11:06