“Məktəblinin dostu” layihəsinə start verilib

Yeni tədris ilindən Bakı məktəblərində Təhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar Agentliyinin birgə həyata keçiridiyi “Məktəblinin dostu” layihəsinə start verilib. Layihənin koordinatoru Rüstəm Ağayev Apa-ya açıqlamasında deyib ki, ilkin olaraq paytaxtda icra olunacaq pilot layihənin məqsədi tədris prosesinin sağam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır. Onun sözlərinə görə, ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəblinin dostu" layihəsi dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostu olmaq üçün 21-30 yaşa kimi ali təhsilli hər bir insan müraciət edə bilər: “Onlar məktəbdə iş vaxtının əvvəlindən sonuna kimi məktəb ərazisinə nəzarət edəcək. İş dinamik olduğuna görə, burada cavanların olması məsləhətdir. Məktəblinin dostunun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir. Məktəblilərin dostu gülərüz, uşaqların məsləhətçiləri, böyük qardaş və bacıları olacaqlar”.xeber100.com    

Sentyabr 3, 2016 9:16

Təhsil Nazirliyinin məlumatına görə…

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin avqustunda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən Azərtac-a bildiriblər ki, qeyd olunan müddət ərzində vətəndaşlarla iş bölməsinə 23 min 891 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 min 746 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,2, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 min 145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1587 sənəd (1013 ərizə, 491 məktub, 83 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.xeber100.com

Sentyabr 2, 2016 2:41

İxtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb

“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, bu qurum ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi avqustun 11-dən 26-dək pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb. “ASAN peşə” layihəsi üzrə 4 min 66 nəfər müraciət edib. Onlardan 3 min 245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri avqustun 27-dən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: təhsil haqqında sənədin əsli; tibbi arayış; şəxsiyyət vəsiqəsi (surəti); 3x4 sm. ölçüdə dörd ədəd fotoşəkil; hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər). Boş qalan yerlərə əlavə ixtisas seçimi sentyabrın 1-dən 6-dək Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı Təhsil Nazirliyinin internet saytında yerləşdirilib.xeber100.com

Avqust 27, 2016 8:20