Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatı…

Azərbaycanda ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Apa-ya verilən məlumata görə, imtahan respublikanın11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 55 binada aparılıb.İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər sənədlərini gətirmədikləri üçün imtahana buraxılmayıblar. Həmçinin imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. İyulun 24-dən etibarən komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.xeber100.com

İyul 23, 2016 11:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə…

Xəbər verdiyimiz kimi, iyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının iştirakı ilə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Azərtac xəbər verir ki, Xaçmaz şəhərində keçiriləcək qəbul imtahanlarında şimal bölgəsindən olan 1006 məzunun iştirakı nəzərdə tutulub. İmtahanlar iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində təşkil olunacaq. TQDK-nın Xaçmaz Regional Bölməsindən bildirilib ki, imtahanlara 97 nəzarətçi müəllim, o cümlədən 4 imtahan rəhbəri cəlb ediləcək. Hər iki mərkəzdə imtahanların keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 55 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni götürməlidirlər. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.xeber100.com

İyul 22, 2016 3:45

“Tədqiqat metodları”na dair təlim başa çatıb

Təhsil Nazirliyi və “ADA” Universitetinin birgə təşkil etdiyi “Tədqiqat metodları”na dair təlim başa çatıb. Bakı Dövlət Universitetindən (BDU) Azərtac-a bildiriblər ki, 4 ay davam edən təlim zamanı yeni tədris metodları və tədqiqat üsulları tədris olunub. Təlimə BDU, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Bakı Slavyan universitetlərindən və digər ali təhsil müəssisələrindən 40 müəllim, elmi işçi və doktorant cəlb edilib. İki mərhələdə təşkil edilən təlimdə BDU-nun tarix, jurnalistika, filologiya, sosial elmlər və psixologiya fakültələrindən 12 əməkdaş iştirak edib. İlk üç ayda tədqiqat metodları, strukturu, akademik yazı və sosial tədqiqatların aparılma qaydaları, elmi materialların axtarışı və digər mövzularda təlimlər keçirilib. Yekun imtahan ilə təlimin birinci mərhələsi başa çatıb. İkinci mərhələdə yüksək nəticə göstərən 20 nəfərdən ibarət işçi qrup seçilib. Qrupa on gündə yeni təlim metodları və “Tədqiqat üsulları” fənninə dair fənn proqramının hazırlanması barədə əlavə təlim keçirilib. Bunun üçün iştirakçılar ixtisaslar üzrə işçi qruplara bölünüb. Müxtəlif ali məktəblərdən olan mütəxəssislər tərəfindən tarix, dilçilik, jurnalistika, iqtisadiyyat, sosial elmlər, kimya, musiqişünaslıq ixtisaslarının tədqiqat metodlarına dair fənn proqramları hazırlanıb. BDU-nun əməkdaşları bu təlim kursunu uğurla başa vurublar. Yekun tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, “ADA” Universitetinin dekanı Vəfa Kazdal, bu ali məktəbin tədris işləri üzrə prorektor müavini Anar Vəliyev, proqram rəhbəri Səidə Nəbiyevə kursun əhəmiyyəti, prosesin gözlənilən nəticələri barədə çıxış ediblər. Sonda iştirakçılara sertifikatlar verilib. “Tədqiqat üsulları” fənninin bütün ali məktəblərin magistratura pilləsində tədrisi nəzərdə tutulur.xeber100.com

İyul 20, 2016 10:39

BANM-in tələbələri istehsalat təcrübəsi keçəcək

Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib. BANM-dən Azərtac-a bildiriblər ki, bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov “Petkim” şirkətində istehsalat təcrübəsi keçmək imkanı qazanan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rektor tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il ali məktəbin tələbələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bütün idarə və istehsalat müəssisələrinə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsi keçmək üçün göndərildiklərini qeyd edib. Bu nəhəng şirkətdə təcrübə keçmək imkanı qazanan tələbələrin şanslı olduğunu vurğulayan E.Qasımov diqqətə çatdırıb ki, onlar iş prosesini yaxından izləmək, istismarda olan hər bir qurğunu, avadanlığı, texnoloji prosesləri və reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə birgə işləmək kimi imkanlar qazanacaqlar. Sonda fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb. Qeyd edək ki, BANM və “Petkim” şirkəti arasında əldə olunan razılaşmaya əsasən, bu ali məktəbin tələbələri iyulun 18-dən avqustun 29-dək bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər.xeber100.com

İyul 20, 2016 10:26

“Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universiteti keçiriləcək

Təhsil naziri M.Cabbarov “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universitetinin keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, əmrə əsasən 24 iyul – 7 avqust tarixlərində Bakı və Quba şəhərlərində “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universiteti keçiriləcək. Elm, ali və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, Bakı Slavyan Universiteti və digər ali təhsil müəssisələrindən Azərbaycan reallıqlarının yay universiteti iştirakçılarına çatdırılması üçün zəngin multikultural dəyərlər barədə məlumat vermək məqsədilə mühazirəçiləri cəlb etsin, Beynəlxalq əməkdaşlıq şöbəsi yay universitetinin yüksək səviyyədə keçirilməsi məqsədilə təşkilati məsələləri, Maliyyə şöbəsi təqdim olunmuş sənədlər əsasında yay universitetinin təşkili ilə bağlı müvafiq xərclərin ödənilməsi ilə əlaqədar tədbirlərin görülməsini, İctimaiyyətlə əlaqələr sektoru yay universitetinin gedişatının kütləvi-informasiya vasitələrində işıqlandırılmasını təmin etsin. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə həvalə edilib.xeber100.com

İyul 19, 2016 10:51