Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına əsasən…

2016/2017-ci tədris ili üçün respublikamızın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul cari il martın 6-da və iyunun 5-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Azərtac-a bildiriblər ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə təşkil olunan müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün cari il avqustun 8-də saat 10:00-dan avqustun 14-də saat 23:59-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının altıncı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Bakalavrlar TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının altıncı nömrəsinin elektron versiyasını  da əldə edə bilərlər.xeber100.com

Avqust 8, 2016 10:46

“UNEC Biznes Məktəbi”nin akkreditasiya prosesinə başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Biznes Məktəbi” ölkəmizdə ilk dəfə Amerikanın nüfuzlu AACSB təşkilatının (Universitet Biznes Məktəblərinin İnkişafı üzrə Assosiasiya) üzvü olub. UNEC-dən AZƏRTAC-a bildirilib ki, AACSB-də artıq “UNEC Biznes Məktəbi”nin akkreditasiya prosesinə başlanılıb. AACSB-yə üzvlük “UNEC Biznes Məktəbi”nin marketinq baxımından imicinin artmasına dəstək verməklə ona digər biznes məktəbləri ilə əməkdaşlıq etməyə şərait yaradacaq. Təşkilat vasitəsilə “UNEC Biznes Məktəbi” çoxvektorlu beynəlxalq tədbirlərə qatılmaq, təhsilin idarəedilməsi sahəsində beynəlxalq əmək bazarında müstəsna iş imkanı qazanacaq. Təşkilatın üzvü olmaq güzəştli şərtlər daxilində iş elanları yerləşdirməyə imkan verir. Bu da məktəbin fakültə üzvlərinin səmərəli yerləşdirilməsinə şərait yaradır. Eləcə də “UNEC Biznes Məktəbi” ödənişsiz və məhdudiyyətsiz olmaqla, daha rasional qərarlar qəbul etmək üçün aparıcı təhsil işçilərinin beynəlxalq əməkhaqqı və təminatı barədə informasiya bazasına çıxış əldə edir. Biznes məktəbinin tədqiqat bazalarına limitsiz giriş hüququ, peşəkar və biznes təhsilinin davamlı inkişafı ilə bağlı seminar, konfrans və vebinarlarda iştirak etmək imkanı da nüfuzlu təşkilata üzv olmağın üstünlüklərindəndir.xeber100.com

Avqust 6, 2016 6:07