IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub

İmtahanda iştirak edənlərdən 7,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. “Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb”. Bunu Təhsil Nazirliyindən bildiriblər. Verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən, ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınıb. Ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılıb. IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib. IX sinif buraxılış imtahanlarının nəticələrinin illər üzrə dinamikası aşağıdakı qrafikdə göstərilib. Təhsil nazirinin “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” əmrinə əsasən 2015-2016-cı tədris ilində Ağcabədi, Astara, Cəlilabad, Masallı, Saatlı və Sabirabad rayonlarında inkişafyönlü tədbirlər həyata keçirilib. Ötən il ilə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib. Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala, və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb. Buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub. Buraxılış imtahanlarının nəticələri hər il olduğu kimi, müxtəlif parametrlər üzrə təhlil ediləcək və nəticələr ictimaiyyətə çatdırılacaq.xeber100.com

İyul 4, 2016 1:44

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Sonuncu buraxılış imtahanından 36 şagird xaric edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan verilən məlumata görə, imtahanlar Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilib.9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 24 268 şagirddən 399 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. Onlar imtahan binasına mobil telefon keçirtməyə, sual kitabçalarını və cavab kartlarını dəyişdirməyə, nizam-intizam qaydalarının pozmağa cəhd ediblər. İştirakçılardan 30 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.11-ci sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 20 954 şagirddən 356 nəfəri imtahana gəlməyib. 34 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. Onlar imtahan binasına mobil telefon keçirtməyə, sual kitabçalarını və cavab kartlarını dəyişdirməyə, nizam-intizam qaydalarının pozmağa cəhd ediblər. İştirakçılardan 41 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.xeber100.com

İyul 2, 2016 12:51

Magistraturaya qeydiyyat davam edir

Azərbaycan Universitetinin magistraturasına iyunun 29–dan qeydiyyat başlanıb. Universitetdən Azərtac-a bildiriblər ki, qeydiyyat iyulun 11-dək bu ali məktəbin birinci tədris binasında (Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr.-72) aparılacaq. Qeydiyyat üçün diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiqlənmiş surəti, cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən məzun olduqlarına dair arayış, şəxsiyyət vəsiqəsinin əsli və surəti, sağlamlıq haqqında tibbi arayış, hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iş nömrəsi və şifrəsi, 3X4 ölçüdə dörd ədəd fotoşəkil (son altı ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə), təhsil haqqının ödənildiyinə dair bank qəbzi tələb olunur. Qeydiyyat həftə içi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək aparılır. Ödənişli əsaslarla təhsil alanlar - hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları olan tələbələr qeyd olunan faktları təsdiqləyən sənədlərin əslini və surətini universitetə təqdim etməlidirlər.xeber100.com

İyul 1, 2016 1:11

TQDK mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlarda ümumilikdə 45171 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 24237, XI sinif üzrə 20934).IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 55 imtahan mərkəzi ayrılıb. Həmin gün 24237 (Gəncədə 3231, Daşkəsəndə 287, Şəmkirdə 2461, Göygöldə 862, Samuxda 686, Gədəbəydə 936, Qazaxda 930, Ağstafada 966, Tovuzda 1999, Şamaxıda 963, Qobustanda 445, Mingəçevirdə 1203, Naftalanda 70, Goranboyda 1293, Şəkidə 1995, Zaqatalada 1403, Balakəndə 1011, Qəbələdə 1372, Qaxda 628, Oğuzda 567, İsmayıllıda 929) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 55 imtahan mərkəzi ayrılıb. Həmin gün 20934 (Gəncədə 2993, Daşkəsəndə 281, Şəmkirdə 2065, Göygöldə 765, Samuxda 546, Gədəbəydə 785, Qazaxda 846, Ağstafada 740, Tovuzda 1700, Şamaxıda 613, Qobustanda 363, Mingəçevirdə 961, Naftalanda 35, Goranboyda 1159, Şəkidə 1810, Zaqatalada 1160, Balakəndə 778, Qəbələdə 1423, Qaxda 482, Oğuzda 508, İsmayıllıda 921) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı gözlənilir. İmtahanların idarə olunmasına ümumilikdə 214 imtahan rəhbəri, 2172 nəzarətçi-müəllim ayrılıb.xeber100.com

İyun 30, 2016 1:30

“Məzun günü” təntənəli qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Məzun günü” təntənəli qeyd olunub. Azərtac xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ADİU-ya gəlişindən bəhs edən videoçarx nümayiş olunub. Sonra isə ADİU-ya həsr edilən videoçarx göstərilib. ADİU-nun rektoru, professor Ədalət Muradov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksək ixtisaslı kadrlara böyük ehtiyac olduğunu söyləyib. Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan Ə.Muradov bildirib ki, ADİU-da 10 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır. Universitetdə 1000-dək müəllim, o cümlədən 80-dən yuxarı elmlər doktoru, professor, 600-dək fəlsəfə doktoru çalışır. ADİU-da dünyanın 12 ölkəsindən 850-dən çox tələbə və magistr təhsil alır. Sonra ADİU-nun fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ADİU-nun qazandığı nailiyyətlərdən danışıb. Ölkənin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayan nazir məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. ADİU-nun Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənov, valideynlər və digər çıxış edənlər məzunları təbrik edib, tövsiyələrini veriblər. Məzunlar ADİU-da onların keyfiyyətli təhsili üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, müəllimlərini və doğma universiteti unutmayacaqlarını söyləyiblər. Mərasimdə universitetin ən yüksək bal toplayan məzunu Sevinc Əliyevaya hədiyyə təqdim olunub. Universitet himninin sədaları altında bütün məzunlara rəmzi diplomlar təqdim edilib. Sonra məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib. Tədbir bədii proqramla davam etdirilib.xeber100.com

İyun 30, 2016 9:31

2016-2017-ci tədris ilindən etibarən…

Fransa-Azərbaycan Universitetində təhsil alan tələbələrə hər iki ölkənin diplomu veriləcək. Azərtac xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2016-2017-ci tədris ilindən etibarən Fransa-Azərbaycan Universitetində (UFAZ) 4 ixtisas - kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə tədris başlanacaq. Həmin universiteti bitirən tələbələr həm Strasburq Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu alacaqlar. Universitetdə tədrisin ingilis dilində olmasına aydınlıq gətirən nazir müavini qeyd edib ki, yeni yaradılan Fransa-Azərbaycan Universitetində (UFAZ) tədrisin ingilis dilində təşkil olunmasına səbəb Azərbaycanda ingilis dilində yüksək səviyyədə ali təhsilə cəlb olunan tələbələrin sayının daha çox olmasıdır. C.Bayramovun sözlərinə görə, bu ali məktəbdə tədris Fransa tərəfindən tərəfdaş olan Strasburq Universitetinin proqramları əsasında olacaq. Dünyanın ən aparıcı ali məktəblərindən biri olan Strasburq Universiteti Avropanın ən yüksək səviyyəli təhsil verən, yüksək akademik nəticələri olan universitetlərindən biridir. Məhz bu təcrübədən faydalanmaq üçün xarici dildən istifadə etmək daha uyğundur və fransız, ya da ingilis dili arasında seçim aparılarkən məlum olub ki, Azərbaycanda ingilis dilində yüksək səviyyədə ali təhsilə cəlb olunan tələbələrin sayı daha çoxdur. “Məktəblərimizdə xarici dil tədris olunan zaman şagirdlər xarici dillər arasından ən çox ingilis dilini seçirlər. Buna görə də tədris ilk olaraq, ingilis dilindən başlanılır. Ancaq o da istisna deyil ki, sonrakı mərhələdə bu ixtisaslarda, ya da digər ixtisaslarda fransız dilində tədris təşkil olunsun”, - deyə C.Bayramov vurğulayıb.xeber100.com

İyun 28, 2016 9:54

“Gələcəyin işgüzar səfirləri” təlim proqramı keçirilib

Paris Sorbon Universiteti (Əbu-Dabi) və Fransanın Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin və Bakı şəhər məktəblərinin VI-X sinif şagirdləri üçün “Gələcəyin işgüzar səfirləri” adlı 5 günlük təlim proqramı keçirilib. Layihənin əsas məqsədi şagirdlərin məktəbdə və təhsil ocağını bitirdikdən sonra ictimai-sosial, eləcə də işgüzar həyatda fəal vətəndaş olaraq biznes və menecment sahələrində işgüzar iş adamları kimi yetişməsinə dəstək verməkdir. Həmçinin layihə məktəblinin aktiv şagird, fəal vətəndaş, sosial düşüncəyə sahib menecer, məsul və zamanı düzgün dəyərləndirən rəhbər, səlis işgüzar yazışmaları həyata keçirən şəxs və çoxmədəniyyətli mühitdə çalışmağı bacaran şəxsiyyət kimi yetişməsinə dəstək vermək məqsədi daşıyır. Proqramın tədris dili ingilis dili olub və bu, şagirdlərə gələcəkdə ingilis dili bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, beynəlxalq səviyyədə tanınmış universitet heyətindən bilik əldə etmək imkanı verib. Proqrama Sorbon Universitetinin professoru Florent Pratlonq rəhbərlik edib və təlim 5 modul üzrə keçirilib: Beynəlxalq iqtisadi əlaqələr, strateji planlaşdırma və sosial təsir; Məktəb portfoliosunun hazırlanması və universitet həyatı, təqaüd imkanları, ərizələrin doldurulması və yazışma üslubları; Sosial iqtisadi proqramlar, fərdi İKT bacarıqlarının inkişaf etdirilməsi, müştəri münasibətlərində idarəetmə, vaxtın idarə edilməsi; Özünüqiymətləndirmə və özünəinam bacarığı, təqdimatların və çıxışların hazırlanması; Komanda fəaliyyəti, çoxmədəniyyətli iş mühiti, tolerantlıq, layihəyə rəhbərlik. Proqramda Avropa Azərbaycan Məktəbinin 31 şagirdi, eləcə də Bakı İstedadlar Təhsil Kompleksinin, Z.Əliyeva adına Liseyin, Bakı Avropa Liseyinin və N.Tusi adına Gimnaziyanın 16 şagirdi də iştirak edib. Proqramın sonunda Avropa Azərbaycan Məktəbinin Badamdardakı orta təhsil binasında bütün iştirakçılara Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Paris Sorbon Universitetinin (Əbu-Dabi) sertifikatları təqdim olunub. Tədbirdə Avropa Azərbaycan Məktəbinin rəhbərliyi, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer və Paris Sorbon Universitetinin (Əbu-Dabi) MDB və Türkiyə üzrə məsləhətçisi İmran Muxtarov da iştirak ediblər.xeber100.com

İyun 28, 2016 9:44