Buraxılış imtahanları iyunun 21-də keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərindəki orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-dan Azərtac-a bildiriblər ki, həmin gün ümumilikdə 47 min 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26 min 72, XI sinif üzrə 21 min 188). İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 7-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməlidirlər. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər. 16 yaşı bu il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışla imtahana buraxılacaqlar (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 26 min 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün isə 66 imtahan mərkəzi ayrılıb. Bu imtahanda isə 21 min 188 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir. İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2 min 273 nəzarətçi-müəllim ayrılıb.xeber100.com

İyun 18, 2016 5:22

“Elm haqqında” qanun layihəsi qəbul edilib

İyunun 14-də Milli Məclisin növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir. Bildirilib ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir. Komitə sədri qeyd edib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər. Qanun layihəsinə əsasən Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm yaradılacaq. Layihənin 34-cü maddəsinin 11-ci bəndinə əsasən, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradır”. Bildirilib ki, qanun layihəsində dövlət büdcəsindən maliyyələşmə ilə bərabər, proqram maliyyələşməsi, qrantlar, sahibkarlıq maliyyələşməsi və digər bir sıra maliyyələşdirmə mexanizmləri də əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.xeber100.com

İyun 14, 2016 3:51

Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib. Azərtac xəbər verir ki, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə təşkil olunan tədbirdə akademiyanın kollektivi, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimizin, müstəqilliyimizin tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu söyləyib. Ümummilli lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən bəhs edən rektor bildirib ki, xalqımızın xilaskar kimi Ulu Öndərə üz tutması düzgün tarixi seçimdir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən danışan U.Ələkbərov diqqətə çatdırıb ki, son illərdə ölkəmizin əldə etdiyi uğurlar dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və iqtisadi potensialı gündən-günə artmaqdadır. Milli Məclisin deputatları - DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov, akademiyanın dövlət quruculuğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə məruzələrində Ulu Öndərin xilaskarlıq missiyasından danışıb, Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.xeber100.com

İyun 14, 2016 12:24