İqtisad Universitetində Elmi şuranın növbəti iclası keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.Bu barədə Azərtac-a UNEC-dən məlumat verilib.Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-də 2020-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri və qarşıda duran vəzifələr haqqında çıxış edib. Beynəlxalq indeksləşmiş jurnallarda çap olunma tempinin yüksəldiyini bildirən prorektor fakültə və kafedralar üzrə “Web of Science”, “Scopus” elmmetrik bazalardakı nəşrlərin sayını açıqlayıb. Hesabatda UNEC Kitabxana-İnformasiya Mərkəzinə 7000-ə yaxın yerli və xarici nəşrlərin daxil olduğu, müəllim və tələbələrə “IPR Books”, EBSCO, “Web of Science” və bir sıra digər beynəlxalq elektron resurslara çıxış imkanının yaradıldığı qeyd olunub. Sonda UNEC-in tədqiqat universiteti statusu alması istiqamətində təkliflər səsləndirilib.Sonra UNEC İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev 2020/2021-ci tədris ilinin yaz semestri üzrə III modul imtahanlarının təşkili və keçirilməsi ilə bağlı görülmüş işlər barədə çıxış edib. O, yaz semestrinin III modulu üzrə əyani bakalavriat və magistratura imtahanlarının keçirilmə müddətinin aprelin 8-dən 23-dək müəyyən edildiyini, texniki və texnoloji ixtisaslar üzrə xüsusi qabiliyyət tələb edən fənlər istisna olmaqla, qalan fənlər üzrə imtahanların distant formada proktorinq tətbiq edilməklə test üsulu ilə keçiriləcəyini bildirib. S.İsayev distant imtahanların təşkili və keçirilməsi ilə bağlı təkliflər verib.Şurada çıxış edən rektor, professor Ədalət Muradov modul sisteminə keçidlə bağlı dərslərin keyfiyyətli təşkil olunduğunu, müəllimlərin dərslərin tədrisini, eləcə də imtahanların təşkilini layiqincə yerinə yetirdiklərini bildirib. Rektor UNEC-in elmi tədqiqat yönümlü universitetə çevrilməsi istiqamətində görüləcək işlərdən, eləcə də kitabxana ilə bağlı hədəflərdən danışıb. O, UNEC-də rəqəmsal iqtisadiyyat və IV Sənaye İnqilabı sahəsində yüksək səviyyədə kitabxana qurulmasının nəzərdə tutulduğunu deyib.  

Aprel 8, 2021 3:10

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Dövlət orqanlarında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə fevralın 1-dən başlanan ümumi müsahibə davam edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 14, Hesablama Palatasında 3, Dövlət Statistika Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Energetika Nazirliyində 2, Təhsil Nazirliyində 1, Şəki Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Ümumi müsahibədə iştirak üçün ümumilikdə 229 nəfər müraciət edib. Bu günə olan məlumata görə, 6 nəfər Dövlət Statistika Komitəsində, 3 nəfər Hesablama Palatasında, 2 nəfər Təhsil Nazirliyində, 2 nəfər Dövlət Turizm Agentliyində, 2 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1 nəfər isə Energetika Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.Müsahibələr martın 15-də yekunlaşacaq.Qeyd edək ki, ötən il dekabrın 10-da 7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan olunub. Sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmini, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.xeber100.com

Mart 6, 2021 11:19

X respublika müsabiqəsinin bağlanış mərasimi keçiriləcək

Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, müsabiqədə 14 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 208 şagird 123 elmi layihə ilə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-si fərdi, 86-sı isə kollektiv layihədir. Şagirdlər müsabiqəyə riyaziyyat üzrə 14, fizika, astronomiya üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya, ətraf mühitin idarə olunması üzrə 20, kompüter elmləri üzrə 10, mühəndislik üzrə 17 layihə ilə qatılıblar.Layihələri qiymətləndirmək məqsədilə alimlərdən ibarət münsiflər heyəti yaradılıb. Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün 7 layihə seçiləcək.Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.Müsabiqənin məqsədi IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.xeber100.com

Mart 1, 2021 2:14

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir.DİM-dən Azərtac-a bildirilib ki, magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 9-dan 19-dək aparılıb. İmtahanda iştirak üçün 19 min 885 bakalavr ərizə təqdim edib. Onlardan 18 min 139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10 min 530-u cari ilin, 9 min 355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2002-ci il, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri, 1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.xeber100.com

Fevral 28, 2021 1:37