Dövlət İmtahan Mərkəzi: Attestasiya imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilmiş yekun qiymətləndirmə (attestasiya) imtahanlarında iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün respublikanın 15 şəhər və rayonunda buraxılış imtahanları təşkil olunub.DİM-dən Azərtac-a bildirilib ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi cəlb edilib.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının, cavab kartları və vərəqlərinin emalına başlanılacaq.On birinci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.Doqquzuncu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olunacaq.

Sentyabr 10, 2020 3:24

Dövlət İmtahan Mərkəzi: Abituriyentlərin ixtisas seçimi davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) abituriyentlərin ixtisas seçimi davam edir.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, ixtisas seçimi sentyabrın 13-dək internet vasitəsilə həyata keçiriləcək. Bu gün saat 10:55-ə olan məlumata görə, 3735 abituriyent (Azərbaycan bölməsi - 3653; rus bölməsi -82) ixtisas seçimi edib.Xatırladaq ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.2020/2021-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.xeber100.com

Sentyabr 5, 2020 7:26

Dövlət İmtahan Mərkəzi: Qabiliyyət imtahanları keçiriləcək

Bu gündən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanları keçiriləcək.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları mərkəzləşdirilmiş qaydada təşkil olunacaq.İmtahanlar Bakı və Naxçıvan şəhərlərində 8 binada keçiriləcək. Xüsusi qabiliyyət imtahanları təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti və memarlıq istiqamətləri üzrə keçiriləcək.Abituriyentlərin (subbakalavrların) tapşırıqlarını qiymətləndirmək üçün 34 Qabiliyyət İmtahanı Komissiyası (QİK) təşkil ediləcək. QİK-lərə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının, digər təşkilat, komitə və birliklərin nümayəndələri və DİM-in əməkdaşları daxil edilirlər.Avqustun 24-dən başlayaraq abituriyentlər (subbakalavrlar) bəzi komissiyalar üzrə qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə bilirlər. Digər komissiyalar üzrə buraxılış vərəqələri avqustun 28-dən başlayaraq Mərkəzin saytına yerləşdiriləcək.Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.53-cü komissiyanı (xoreoqrafiya sənəti) seçən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və özləri ilə rəqs paltarı gətirməlidirlər.xeber100.com

Avqust 27, 2020 11:23