Dövlət İmtahan Mərkəzi tərəfindən test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 3-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, bu imtahanda martın 15-də keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər (76 nəfər), həmçinin iyulun 21-dən 30-dək imtahana yazılan 21 nəfər də iştirak edəcək.İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.İmtahanda iştirak etmək üçün AA qrupu üzrə 5, AB qrupu üzrə 23, AC qrupu üzrə 69 olmaqla, ümumilikdə 97 namizəd qeydiyyatdan keçib.İmtahan keçirilən gün sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, namizədlərin imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Namizədlər imtahana tibbi maska ilə gəlməli və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.xeber100.com

Avqust 1, 2020 4:55

Növbəti buraxılış (qəbul) imtahanları keçirilib

İyulun 30-da 10 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.İmtahanların təşkil edilməsi üçün ümumilikdə 64 imtahan binası, 1107 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 64 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1443 nəzarətçi–müəllim, 128 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi cəlb edilib.Bu gün keçirilən imtahanlarda 14255 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.İlkin məlumatlara əsasən, bir nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. İki nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.xeber100.com    

İyul 30, 2020 6:47

Dövlət İmtahan Mərkəzi tərəfindən apelyasiya prosesi təşkil ediləcək

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.Bu barədə Azərtac-a DİM-dən məlumat verilib. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin bu tip müraciətlərinə baxılmayacaq.Apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 29-dan 31-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.Qeyd edək ki, əvvəlki illərin məzunları üçün 10 iyul 2020-ci il tarixində keçirilmiş qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.xeber100.com

İyul 27, 2020 6:14