Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb.DİM-dən Azərtac-a bildirilib ki, müsahibələr Bakı şəhəri, həmçinin Gəncə, Şəki, Şirvan, Lənkəran regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 15 müxtəlif yerdə təşkil edilib. Digər üç bölgədə (Mingəçevir, Göyçay və Bərdə) yaxın günlərdə müsahibələrə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə tutulan 107 müsahibədən 65-i keçirilib, 42 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən təxirə salınıb. Müsahibədə iştirak etmiş namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab olunub, bir nəfərin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası”nın 5.6-cı hissəsinə əsasən etibarsız sayılıb.Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Müsahibələr ilk dəfə regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə bir gün qalmış, səhər saat 10:00-dək müraciətlərini ləğv etməlidirlər.Martın 16-dək keçiriləcək müsahibələrin qrafiki ilə DİM-in internet saytından tanış olmaq mümkündür.xeber100.com

Fevral 22, 2018 3:35

“Tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib

Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən müəyyən dəyişikliklər edilib.DİM-dən Azərtac-a bildirilib ki, dəyişikliyə əsasən, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyentlər hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər. Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Abituriyentə yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etməyə icazə veriləcək. Həmçinin abituriyent əvvəllər olduğu kimi, eyni ixtisas qrupu üzrə hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qaydaya görə abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi.I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyentin V ixtisas qrupu üzrə imtahanda iştirak etmək qaydası da qüvvədə qalır.Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.Bundan əlavə, “Qaydalar”ın 1 nömrəli əlavəsində birinci ixtisas qrupu üzrə 5.1.1. “42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub. Birinci ixtisas qrupu üzrə siyahıya informasiya texnologiyaları, sistem mühəndisliyi, sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalma və şərabçılıq, ikinci ixtisas qrupuna davamlı inkişafın idarə edilməsi və idman menecmenti və kommunikasiya, dördüncü ixtisas qrupuna bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, bədən tərbiyəsi və idmanda reabilitasiya, beşinci ixtisas qrupuna məşqçi (idman növü üzrə) və rəqs müəllimliyi ixtisasları əlavə edilib.xeber100.com  

Fevral 15, 2018 1:49

Dövlət İmtahan Mərkəzinin açıqlamasında…

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi ilə bağlı açıqlama verib.DİM-dən Azərtac-a bildirilib ki, dövlət orqanlarında olan vakant vəzifələr mərkəzə təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq həmin vəzifələrin tutulması üçün müsahibələr elan edilir. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Dövlət qulluğuna qəbul imtahanlarının test mərhələsi isə ayda bir dəfə elektron və ya kağız daşıyıcılar vastəsilə həyata keçirilir.İndiyədək DİM tərəfindən müsabiqənin müsahibə mərhələsi üzrə beş elan verilib. İki müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq başa çatıb. Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.Xatırladaq ki, hazırda yanvarın 26-da və fevralın 7-8-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq fevralın 23-nə kimi və martın 8-9-dək davam edəcək.Yanvarın 26-da elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, fevralın 7-də elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, fevralın 8-də elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunub. Sertifikat əldə etmiş, həmçinin fevralın 18-də keçiriləcək dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur qazananlar müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.Fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanada iştirak etmək üçün BB vəzifə qrupu üzrə 1174, BA vəzifə qrupu üzrə isə 363 namizəd olmaqla ümumilikdə 1537 nəfər qeydiyyatdan keçib.xeber100.com

Fevral 13, 2018 2:55