Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb.DİM-dən Azərtac-a bildirilib ki, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub. Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb.Bəzi vəzifələr üzrə müsabiqə vəziyyəti çox yüksəkdir. Bu da həmin vəzifələrin tutulmasında rəqabətin yüksək olacağını göstərir. Mingəçevir regional “Asan xidmət” mərkəzində aparıcı məsləhətçi, Quba “Asan xidmət” mərkəzində aparıcı məsləhətçi, Mingəçevir regional “Asan xidmət” mərkəzində böyük məsləhətçi, Quba “Asan xidmət” mərkəzində böyük məsləhətçi, İqtisadiyyat Nazirliyində məsləhətçi, Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi vəzifələrinin hər biri üçün 30-dan yuxarı müraciət qeydə alınıb.Lakin 77 dövlət orqanından 31-də vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib. Müsahibəyə ən çox vakansiya təqdim etmiş Kənd Təsərrüfatı Nazirliyində də vəzifələr üzrə müsabiqə vəziyyəti aşağıdır.Namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri DİM-in internet portalında elan ediləcək. Müraciət olunmayan vakant vəzifələrin, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək. Artıq sertifikat əldə edən, həmçinin fevralın 18-də dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur qazananlar bu müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə biləcəklər.xeber100.com

Fevral 12, 2018 3:14

İqtisad Universitetinin məlumatı əsasında…

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış məktəbi başa çatıb.UNEC-dən Azərtac-a bildiriblər ki, akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə keçirilən qış məktəbində universitetin ictimai nəzarət şurasının üzvi, professor Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” və “Ekonofizika” mövzusunda məruzələrlə çıxış edib.Məruzələrdə biliyin qiymətləndirilməsinin mahiyyətini açıqlanıb, Avropa ölkələrində ekonofizikanın bir fənn kimi tədris edildiyi vurğulanıb. Qış məktəbinin təşkilini yüksək qiymətləndirən professor deyib ki, bu bir çox cəhətdən faydalı olub. Dünyanın çox nüfuzlu alimləri burada maraqlı mövzularla çıxış ediblər. UNEC-in yüzdən çox müəlliminin qatıldığı təlimlər birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mütəxəssis hazırlığına xidmət edir.Müzakirədə fəal iştirak edən müəllimlərə Ş.Əsgərovun “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə olunub.Qış məktəbində təlimçi qismində çıxış edən ABŞ-ın Lehi Universitetinin professoru Cill Sperandio UNEC-in akademik heyəti ilə fikir mübadiləsinin çox faydalı olduğunu diqqətə çatdırıb.Fransanın Lion Universitetinin müəllimi Cennifer Veylon da öz təəssüratlarını bölüşüb. “Azərbaycanda, UNEC-də keçirdiyim bir həftə tədris təcrübəm üçün ən dəyərli günlər idi”, - deyən C.Veylon qış məktəbində böyük təcrübə keçdiyini bildirib. O, yenidən bu kollektivlə bir araya gələcəyi günü səbirsizliklə gözlədiyini, UNEC-lə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacağını söyləyib.Qış məktəbində UNEC ictimai nəzarət şurasının üzvləri də iştirak ediblər.xeber100.com

Fevral 12, 2018 3:10

Bakı Ali Neft Məktəbinin məlumatı

Bakı Ali Neft Məktəbində (BANM) cari ildən etibarən biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistratura proqramı tədris olunacaq.BANM-dən Azərtac-a bildirilib ki, hazırda magistratura pilləsində neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislər hazırlayan BANM 2018/2019-cu tədris ili üçün MBA proqramı və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üçün də qəbul elan edib.Qeyd edək ki, bu ali məktəb MBA proqramı üzrə qəbula cəmi 30 yer ayırıb. Proqram işləyən mütəxəssislər üçün də çox əlverişlidir. Belə ki, dərslər axşam saatlarında keçiriləcək. İkiillik MBA proqramı BANM-in digər ixtisaslarında olduğu kimi ingilis dilində tədris ediləcək. Tədris BANM-in yüksəkixtisaslı yerli və əcnəbi müəllimləri tərəfindən aparılacaq. MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub.Mühəndislik sahəsində ixtisasları və kadr hazırlığı beynəlxalq səviyyədə qəbul olunan, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədrisdə ən son texnoloji nailiyyətləri həyata keçirən BANM-də MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.xeber100.com

Fevral 8, 2018 1:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” əmr imzalanıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, müvafiq əmr ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur.Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar hazırlanacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Xocalı soyqırımından bəhs edən, elmi kitabların və nəşrlərin sərgisi, divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.Təhsil müəssisələrinin internet resurslarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdiriləcək, keçirilən tədbirlər kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılacaq.Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırımı şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.Ümumtəhsil müəssisələrində tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəsildə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.xeber100.com

Fevral 7, 2018 12:52