2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində

Avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb.Azərtac xəbər verir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu avqustun 1-dən 22-dək “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində sənəd qəbulu komissiyalarında aparılacaq. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul “ASAN xidmət” tərəfindən aparılacaq. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə qəbul “ASAN xidmət” mərkəzləri ilə yanaşı, ilk peşə-ixtisas təhsil müəssisələri tərəfindən də həyata keçiriləcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdirlər. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir. Sənəd qəbulu komissiyalarında müraciət edənlərin sərbəst seçimi əsasında ilk peşə-ixtisas təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir.xeber100.com

Avqust 1, 2017 11:28

Təhsil Nazirliyinin məlumatı

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – 2017” yay məktəbi layihəsi başa çatıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, iyulun 24-dən başlayan layihə çərçivəsində Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Quba, Masallı, Sabirabad, Zaqatala və İsmayıllı rayonlarında tələbələr üçün yay məktəbləri təşkil olunub. Yay məktəblərində 200-ə yaxın tələbə iştirak edib. Tələbələr “Biznesə necə başlamalı?”, “İKT karyerası”, “My Future is STEAM”, "Sığortalanan gələcək” adlı təlimlərdə iştirak ediblər, həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyununa qatılıblar.Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası,“ARB TV”, “ASAN xidmət”, “Bir” tələbə-könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.xeber100.com

Avqust 1, 2017 11:24

2017/2018-ci tədris ili üçün elektron qeydiyyatı başlayacaq

Avqustun 1-dən etibarən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq.Azərtac xəbər verir ki, bunu paytaxtın ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.İ.Abdullayeva diqqətə çatdırıb ki, elektron qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. O deyib: “Bu proses avqustun 1-dən sentyabrın 18-dək elektron sistemdə ərizələrin online qeydiyyatı vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək. BŞTİ-nin tabeliyində 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Yeni tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 25 mindən çox uşağın cəlb olunması nəzərdə tutulur”.xeber100.com

İyul 31, 2017 11:01

Ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi başlayıb

İyulun 29-dan ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi başlayıb. Avqustun 10-dək davam edəcək bu prosesdə qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının dördüncü nömrəsində təqdim olunub.Azərtac xəbər verir ki, ixtisas seçiminə kömək məqsədilə I və IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap olunub. Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim edilib. Çap olunmuş vəsaitlərdə, həmçinin müəyyən kənd təsərrüfatı və digər ixtisaslar üzrə ixtisas seçiminə qoyulan minimal tələblərlə tanış olmaq mümkündür.Müsabiqə şərtlərinə əsasən, I və IV ixtisas qrupları üzrə ixtisas seçimində ümumi balı 200-dən hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250‑dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.Xatırladaq ki, 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.xeber100.com

İyul 29, 2017 10:07