“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi

15 Aprel 2016 11:17

Xəbər 3717 dəfə oxunub

Bakı Uşaq Teatrı “Canlı abidə” adlı ayda bir gün milli geyim günü layihəsinə start verib. 18 apreldən başlayan həmin gün şəhərimizin küçələrində teatrın kollektivini milli geyimdə görə biləcəksiniz. Teatrdan verilən məlumata görə, məqsəd mədəniyyətimizin bir qolu olan milli geyimlərimizə diqqət çəkmək, bayağı geyimlərin milli geyimlərimizi sıxışdırmasına imkan verməməkdir.
Xatırladaq ki, Bakı Uşaq Teatrının kollektivi hər ayın bir gününü milli geyimdə olacaqlarına qərar veriblər. Könüllülər gələn aydan etibarən qatıla bilər və 055 327 32 35 nömrəsinə zəng vurub qeydiyyata düşə bilərlər.xeber100.com

 

Muğam Mərkəzi karantin günlərində onlayn layihələrə start verib

Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərində yeni onlayn layihələrə start verib.Azərtac xəbər verir ki, mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərəcək.Bu günlərdə Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliği istiqamətində bir çox yeni onlayn layihələrin reallaşdırılmasını həyata keçirib. Nazirlik tərəfindən bir neçə yeni layihələr təqdim edilib. Bütün bu addımlar səmərəli mədəni aktivliyə və yaradıcı ruhun davamlılığına xidmət edir.Beynəlxalq Muğam Mərkəzi də öz növbəsində karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışacaq.BMM-nin təqdim edəcəyi ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv çağırışlardan ibarətdir. İkinci layihədə əvvəlcədən elan edilməklə qısa olaraq muğam saatı konsertləri təşkil ediləcək. Üçüncü layihə isə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunacaq.Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin “Facebook” və “Instagram” səhifələrində veriləcək.xeber100.com

Aprel 2, 2020 21:55

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Aprelin 1-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.Milli Məclisin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, iclası açan komitə sədri Qənirə Paşayeva bildirdi ki, gündəliyə iki məsələ - “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sənəd birinci oxunuşda daxil edilib.Birinci məsələ ilə bağlı qeyd edildi ki, adları çəkilən qanunlara nəzərdə tutulan dəyişikliklər “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” tərəfindən dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasını təmin etmək, Azərbaycan Respublikasının dövlət dilinin hüquqi statusunu, onun işlənməsi və inkişafı üçün zəruri olan tədbirlərin görülməsi, televiziya və radio kanallarında, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması hallarının, habelə leksik və qrammatik qaydalara riayət edilməməsinin, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaq məqsədi daşıyır.Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinə isə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı yeni 533-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söylədilər.Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Aprel 1, 2020 22:11

“Zoroaster Award” İtaliya-Azərbaycan beynəlxalq film festivalında

Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Zoroaster Award” İtaliya-Azərbaycan beynəlxalq film festivalında bir gündə iki filmim - “Şollerin arxivi” bədii filmi “Ən yaxşı bədii film” və “Stalinin qaranlıq keçmişi” sənədli filmi isə “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə qalib oldu.Bunu Azərtac-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.O bildirib: “Biz Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Son bir ildə 104-cü mükafatı qazanmışıq. Bu, təkcə bizim deyil, eyni zamanda, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir”.“Şollerin arxivi” filmini Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir ekran əsəri kimi dəyərləndirən rejissor vurğulayıb: “Çəkdiyim filmlər dünya film bazarında özünə layiqli yet tutdu. Dünya mediasında bu ekran əsəri ilə bağlı geniş informasiyalar yazıldı. Biz daha böyük uğurlar əldə edə, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıda bilərik”.Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmində isə “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı dövrlər lentə alınıb.xeber100.com

Mart 15, 2020 15:08

Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışı olub

Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub.Azərtac xəbər verir ki, tədbirdə Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Muzeyimizin ziyarətçiləri öz evlərindən bizi izləyə bilərlər”.Mərasimdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev çıxış edərək Milli Xalça Muzeyində mütəmadi təşkil edilən sərgilərin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, muzeydə milli mədəniyyətimizin qiymətli nümunələri nümayiş olunur. Tədbirdə, həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumatlar yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.Qeyd edək ki, sərgi martın 26-dək davam edəcək.xeber100.com

Mart 5, 2020 15:01