Xalq artisti Amaliya Pənahovanın dünyasını dəyişməsindən beş il ötür

“ Əgər Rahib Hüseynov mənim üçün vaxtından tez institutun qapılarını açmasaydı, əgər Tofiq Kazımov məni görüb baş rola dəvət etməsəydi, qismətimə İlyas Əfəndiyev kimi dramaturq çıxmasaydı, əgər Bakı Bələdiyyə Teatrını yaratmasaydım, bu teatrla cəbhə bölgələrində olmasaydım, on altı xarici ölkədə qastrolda olmasaydım, teatr mükafatları almasaydım, o qədər fərqli rollarla səhnəyə çıxmasaydım, kinoya çəkilməsəydim, sənətşünaslıq doktoru elmi dərəcəsi almasaydım və məni mən edən hadisələr olmasaydı, buna uğurlu sənət taleyi demək olardımı? Yox! Odur ki, mən həm ömrümboyu göstərdiyim əzmkarlığıma, həm də şanslı olmağıma “əhsən” deyirəm” deyən, zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş, lirik-psixoloji üslublu aktyor məktəbinin yaradıcılarından biri olan, ictimai xadim, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, 1964-cü ildən ömrünün axırına qədər teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradan, ilk sənət addımlarını atdığı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində onlarla səhnə ekranında maraqlı obrazlarla çıxış edən aktrisanın oynadığı bütün rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Amaliya Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, oynadığı obrazların daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçılar üçün daha da aydın etdi. Onun oynadığı obrazlar – (Nərmin (“Unuda bilmirəm”), Nargilə (“Sən həmişə mənimləsən”), Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”), Təhminə (“Təhminə və Zaur”) və b.) yaratdığı qadın personajları faciə və komediyanın vəhdətində formalaşır, bir yenilikçi kimi dünyaya müraciət edir. Ən önəmlisi isə Amaliya xanımın qadın personajları öz məğrurluğu ilə seçilir və hər birinin cəmiyyətdə öz mövqeyi var. Aktrisanın qəhrəmanları -Xurşidbanu Natəvan, Tomris, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya və b. Bir-birindən kəskin şəkildə fərqlənir, ancaq hər birində mübarizə ruhu var. Azərbaycan səhnəsində ilk dəfə Medeyanı oynayarkən, onun Medeyasını görüb səhnəyə gələnlər çoxluq təşkil edirdi. Xalq yazıçısı Elçin 1982-ci ildə “Qobustan” jurnalında fransız dramaturqu J.Anuyun “Medeya” pyesi əsasında rejissor Mərahim Fərzəlibəyovun eyniadlı tamaşasına dair “Təzadların faciəsi” məqaləsində yazırdı ki, Amaliya Pənahova Medeyanın təbiəti və taleyindəki layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır… Amaliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb, bir o qədər filmi isə məlahətli səs tembri ilə səsləndirib.Bir qədər haşiyə çıxaq. SSRİ dövründə Azərbycan kino sənəti nə qədər çox inkişaf edirdisə, dublyaj redaksiyasnın fəaliyyətinə də bir o qədər diqqət yetirilirdi. Kinosevərlər o illərdə dublyaj olunan filmlərin səviyyəsini heç bir vaxt unutmurlar. Çünki məhz həmin illərdə filmlərimizdən tanıdığımız, sevdiyimiz ifaların əksəriyyətinin səs imkanlarını dublyaj olunan filmlərdə də görürük və çox vaxt bu səs sahiblərinin səsinin ahənginə yığışırıq. O da təsadüfi deyil ki, 1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas götürüldüyündən peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürü Azərbaycanın çətin bir dövründə siyası və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Bələdiyyə Teatrını yaratması və teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoyması isə  yaxın keçmişdə baş verdi. Artıq Bakı Bələdiyyə Teatrı artıq 31-ci ilinə qədəm qoyub və dəst-xəttilə diqqət mərkəzindədir... O, aktrisa olmaq üçün dünyaya gəlmişdi, gəldi, rolunu oynadı və getdi, ancaq unudulmadı... Vəfatının 5-ci ildönümündə sənət kraliçasını böyük ehtiramla yad edirik!xeber100.com

Noyabr 8, 2023 9:24

Azərbaycan Mədəniyyəti və poeziyası həftəliyi” tədbirlərinə start verilib

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli ensiklopedik nəşr layihəsinin təqdimatı və azərbaycanlı sənət adamlarının iştirakı ilə böyük konsert-tədbir təşkil edilib. Tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfindən sözügedən universitetdə yaradılmış Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzini ziyarət ediblər. Həmçinin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş Ümummilli Lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın parlaq Zəfərinə, mədəniyyətinə, ədəbiyyatına həsr edilmiş foto və kitab sərgisi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru Elmar Şermanov iki qardaş ölkə arasında mədəni əlaqələrin tarixdə ən yüksək səviyyədə olduğunu vurğulayaraq bu işdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolu olduğunu qeyd edib. Yaxın günlərdə Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda iştirakından söz açan rektor, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın Türk dünyasının mədəniyyətindəki mühüm rolundan söz açıb. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ərsə gətirilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də danışan rektor bu nəşri yüksək qiymətləndirərək sözügedən ensiklopediya sayəsində Azərbaycanın mədəniyyət incisi olan Şuşa haqqında beş dildə müfəssəl məlumatlar almağın əlçatan olduğunu vurğulayıb. Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mövcud mədəni əlaqələrdən söz açaraq bu işdə ölkə başçılarının böyük zəhmət və iradə nümayiş etdirdiklərini qeyd edib. Samir Abbasov Şuşanın Türk dünyası mədəniyyətində bir körpü rolunu oynadığını söyləyərək Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda Şuşa ilə bağlı həyata keçirilən layihələrlə bağlı məlumat verib. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də söz açan Samir Abbasov bu nəşrin “Şuşa İli”nə və Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir töhfə olduğunu qeyd edib. Tədbirdə çıxış edən ədəbiyyatşünas alim, tərcüməçi Babaxan Şərif də Şuşanın bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq sözügedən nəşrin Şuşa haqqında ilkin informativ məlumat bazası baxımından çox dəyərli bir mənbə olduğunu və eyni zamanda nəşrin beş dildə olmasını yüksək qiymətləndirib. Tədbirdə çıxış edən Azərbaycanın xalq şairi Vahid Əziz Özbəkistan Yazıçılar Birliyinin dəvətilə Özbəkistanda olmasından və poeziyasevərlərlə görüşündən çox böyük məmnunluq hissi keçirdiyini bildirib. Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kəmalə Nəbiyevanın ifasında milli muğamlarımız, tanınmış azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında oyun havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının ifasında isə milli rəqslərimiz tamaşaçılara təqdim edilib.xeber100.com

Oktyabr 27, 2023 2:57

“Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə oktyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçiriləcək. Mədəniyyət Mərkəzindən bildirilib ki, həftə çərçivəsində oktyabrın 23-də Özbəkistan Yazıçılar Birliyində Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş təşkil olunacaq, həmçinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda müzakirələr aparılacaq. Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda oktyabrın 24-də Azərbaycan poeziyası və musiqisinə həsr olunacaq ədəbi-bədii tədbirdə Xalq şairi Vahid Əzizin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələrimiz Mirələm Mirələmov və Kamilə Nəbiyeva muğamlarımızı səsləndirəcəklər. Eyni zamanda, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımızı, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi təqdim edəcək. Oktyabrın 25-də Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili proqram nümayiş olunacaq. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı yazıçı, ictimai xadim, 1938-40-cı illərdə Urgənc Dövlət Universitetinin müəllimi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı sözügedən təhsil ocağında əbədiləşdiriləcək. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılıb və Xarəzm vilayətində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziya həftəsi” çərçivəsində sözügedən mərkəzin açılışı nəzərdə tutulur. Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcəkdir. Tədbirlər çərçivəsində Urgənc Dövlət Universitetində “Heydər Əliyev İli” münasibətilə dahi şəxsiyyətə həsr olunmuş kitab və fotosərgi açılacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 3 dildə (Azərbaycan, özbək və türk) çapdan çıxan “Heydər Əliyev – 100 kəlam” adlı kitabın, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin təqdimatları da keçiriləcək.xeber100.com  

Oktyabr 20, 2023 2:22