Xurşidbanu Natəvan, Tomris, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi obrazların əvəzsiz ifaçısı, Dövlət mükafatları laureatı, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Amaliya Pənahovanın doğulduğu gündür, 80 yaşı tamam olur.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Amaliya Pənahova 15 iyun 1945-ci ildə dünyaya göz açıb.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb. Tələbə vaxtlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan aktrisa bu sənət ocağında 28 il çalışıb. İlk dəfə Milli Dram Teatrının səhnəsində görkəmli yazıçı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə rolunda çıxış edən aktrisa burada çalışdığı illər ərzində onlarla maraqlı və rənfarəng obrazlara imza atıb, ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib.
O, 1964-cü ildən ömrünün sonunadək teatrda, kinoda, televiziya tamaşalarında 500-dən artıq müxtəlif səpkili, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaratdı.
Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş görkəmli aktrisa lirik-psixoloji üslublu aktyor məktəbinin yaradıcılarından biri idi. Və səhnəyə ilk gəlişində lirik-psixoloji üslubda fəaliyyət göstərməyə başlasa da, sonralar romantik faciə, dramatik-psixolojiv rolları ifa edərək də uğurlar qazanıb.
Aktrisa Azərbaycan səhnəsində ilk dəfə Medeya oynadı. Onun Medeyasını görüb səhnəyə gələnlər çoxluq təşkil edirdi.
Xalq yazıçısı Elçin 1982-ci ildə “Qobustan” jurnalında fransız dramaturqu J.Anuyun “Medeya” pyesi əsasında rejissor Mərahim Fərzəlibəyovun eyniadlı tamaşasına dair “Təzadların faciəsi” məqaləsində yazırdı ki, Amaliya Pənahova Medeyanın təbiəti və taleyindəki layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır…
A.Pənahovanın rejissor kimi quruluş verdiyi Şıxəli Qurbanovun “Sənsiz”i ötən əsrin 80-ci illərinin sonunda başlanan Azərbaycan xalqının milli-azadlıq mücadiləsi ərəfəsində sanki dövrün tələbi üzərində qurulmuşdu, hadisələri bir qədər qabaqlayırdı. Tamaşada Sevincin (Amaliya Pənahova) və Tərlanın (Füzuli Hüseynov) timsalında dünyada repressiyaya məruz qalmış bütün ailələlərin faciəsi öz əksini tapıb.
Amaliya xanımın həm rejissor kimi, həm də əsas obrazda olan ifası zərgər dəqiqiliyi tələb edirdi ki, aktrisa da bunun öhdəsindən məharətlə gələ bilmişdi. Əslində belə mövzular məharətlə yanaşı, cəsarət də tələb edirdi və aktrisa məhz bu məsuliyyəti öz üzərinə göptürməyi bacarırdı.
O, eyni zamanda cəsarəti ilə, vətənpərvər ruhu ilə seçilən incəsənət xadimi idi. Məhz bu xüsusiyyəti, özünü xalqımızın ən ağır vaxtlarında göstərdi. 90-cı illərdə ölkəmizin haqq səsini dünyaya çatdırmağa böyük səy göstərdi.
A.Pənahova ictimai işlərlə fəal məşğul olmuş, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri kimi fəaliyyət göstərib.
Yaradıcı fəaliyyəti ilə daima diqqətdə dayanan aktrisa, xarakter baxımından da həmkarlarından seçilirdi, haqsızlığa biganə qala bilmirdi. Azərbaycanın çətin bir dövründə siyası və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Bələdiyyə Teatrını yaratması və teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoyması yaxın keçmişdə baş verdi.
Teatrla bərabər, eyni vaxtda kinoda da müxtəlif xarakterləri canlandırıb, 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb. “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb.
Aktrisa olmaq üçün dünyaya gələn, sənət taleyi hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunan görkəmli aktrisamızı 80 illiyində böyük sevgi, hörmət və ehtiramla yad edirik!
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…