2017-ci il sosial-iqtisadi inkişafının yekunları…

Bu ilin doqquz ayında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 186 milyon manat olub. Məhsul buraxılışının 13,1 milyon manatını sənaye, 75,7 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. Əsas kapitala 56,8 milyon manat investisiya yönəldilib, 55,1 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyalar 2,5 dəfə, tikinti-quraşdırma işləri 2,6 dəfə artıb.Azərtac xəbər verir ki, bu barədə Beyləqan rayon Heydər Əliyev Mərkəzində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, sahibkarlığın inkişafı rayonda prioritet məsələ kimi daim nəzarətdə saxlanılıb, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 12 layihə üzrə 129 min 955 manat kredit ayrılıb.Diqqətə çatdırılıb ki, bu il 8550 hektar sahədə pambıq əkilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Hazırda tarlalarda pambıq yığımı davam edir. Cari ildə 8181 ton şəkər çuğunduru, 11 min 796 ton qarğıdalı, 20 min 438 ton tərəvəz, 6226 ton bostan məhsulları istehsal olunub. Hesabat dövründə iribuynuzlu heyvanların sayı 204 baş artaraq, 58 min 24-ə, xırdabuynuzluların sayı 3639 baş artaraq, 300 min 868-ə çatıb. 6,4 min ton ət, 30 min ton süd, 589 ton yun istehsal edilib.Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də ətraflı bəhs olunub.Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.xeber100.com

Oktyabr 12, 2017 1:50

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Tərtər" filialının yenilənmiş ofisini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Tərtər şəhəri, E.Hüseynov küçəsi, 9 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər."Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən "Tərtər" filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə "Buzovna", "Dəmiryol" və "Lökbatan" şöbələri, region üzrə "Masallı" şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı", "Göyçay", "Qobustan" və "Beyləqan" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.xeber100.com  

Oktyabr 12, 2017 1:45

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev oktyabrın 13-də saat 10:30-da Şəki şəhərindəki Olimpiya İdman Kompleksində bu bölgədən olan vətəndaşları qəbul edəcək.Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən - Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Fərmana uyğun olaraq, "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.xeber100.com  

Oktyabr 9, 2017 3:12