Meksika-Azərbaycan dostluq qrupunun inauqurasiyası mərasimi keçirilib

Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika - Azərbaycan parlamentlərarası dostluq qrupunun inauqurasiyası mərasimi keçirilib.Ölkəmizin Meksikadakı səfirliyindən Azərtac-a bildiriblər ki, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan - Meksika dostluq qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, parlamentin Beynəlxalq əlaqələr komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, digər deputatlar, Meksika Xarici İşlər Nazirliyinin, QHT və KİV nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən deputat M.A.Peres Navarrete Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. O, Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat verən deputat bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu bildirib. O, dostluq qrupunun bu münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Deputat, həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoyulduğunu və nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini xüsusi vurğulayıb, hazırda Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində işğaldan azad edilmiş ərazilərdə intensiv minatəmizləmə və quruculuq işlərinin həyata keçirildiyini bildirib.Ölkəmizin Meksikadakı səfiri M.Talıbov çıxış edərək parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Diplomatik münasibətlərin 30 illik müddəti ərzində ikitərəfli əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini, parlamentlərarası əlaqələrin hər zaman nümunəvi olduğunu, hər iki qanunverici orqandakı parlamentlərarası dostluq qrupları arasında ənənəvi görüşlərin keçirildiyini qeyd edib. Meksika Konqresinin Azərbaycan üçün həssas məsələlərdə həmişə ədalətli mövqe nümayiş etdirdiyini qeyd edən səfir münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib. Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.xeber100.com  

Mart 17, 2022 2:34

Avropa İttifaqına üzv ölkələrin Zirvə görüşü davam edir

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının Fransa paytaxtındakı Versal sarayında keçirilən Zirvə görüşü davam edir.Sammit İttifaqın uzunmüddətli büdcə siyasətinin müzakirə edilməsi üçün bir neçə müddət əvvəl təyin olunub. Ancaq Ukrayna münaqişəsi Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarını tələsdirdi. Münaqişənin baha başa gələcəyi söylənilir. Buna görə də Fransa ikinci Avropa bərpa planı fərziyyəsini irəli sürür. Ukraynada münaqişə fonunda İttifaqın enerji asılılığından çıxması yolları və 27 ölkənin ordusunun modernləşdirilməsi sammitin əsas müzakirə obyekti olub.Sammitin ilk günündə Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı “sürətli prosedur”un olmadığı bildirilib. Niderlandın Baş naziri Mark Rutte xatırladıb ki, Ukraynanın Aİ-yə daxil olması üçün “sürətli prosedur” yoxdur. Rəsmi Kiyev isə vaxt məhdudiyyəti olmadan İttifaqa üzv olmaq üçün müraciət edib.“Biz bir daha təsdiqləyəcəyik ki, Ukrayna ilə intensiv işləmək istəyirik. Müharibədə olan bir ölkə ilə üzvlük prosedurunu aça bilərikmi? Mən belə düşünmürəm. Qapını bağlayıb “heç vaxt” deməliyikmi? Bu da ədalətsizlik olardı” deyən Fransa Prezidenti Emmanuel Makron bildirib ki, indiki böhranlı vəziyyət daha suveren Avropaya ehtiyac olduğunu göstərir.Enerji sahəsində qərarların vacibliyini diqqətə çatdıran Fransa Prezidenti martın sonunda keçirilməsi planlaşdırılan növbəti sammitdə bu istiqamətdə təkliflərin veriləcəyinə ümid etdiyini bildirib. E.Makron tərəfləri, həmçinin may ayında müdafiə sahəsində də xüsusi təkliflər verməyə çağırıb. Soyuq müharibə dövrünün sonundan Avropa İttifaqının 27 ölkəsinin müdafiə büdcəsini son dərəcə azaltdığı qeyd edilib.Versal sarayında Zirvə görüşü bu gün sona çatacaq.xeber100.com

Mart 11, 2022 3:36