“Skandinaviya Hava Yolları” (SAS) aviaşirkətinin rəhbərliyi həmkarlar ittifaqının pilotlar üçün tələb etdiyi yay məzuniyyətləri cədvəlindəki dəyişikliklərlə əlaqədar problemi məqbul şəkildə həll edə bilməyib. İsveç KİV-lərinin yaydığı xəbərə görə, buna cavab olaraq SAS-ın Norveç bölməsinin əməkdaşları iyunun 9-dan tətilə başlayacaqları barədə xəbərdarlıq ediblər. Tərəflər arasında razılıq əldə olunmasa, 435 norveçli pilot bu gündən etibarən işini dayandıracaq. Verilən məlumata görə, bu pilotlar əsas etibarilə yaxın və orta məsafəli aviareyslərdə çalışırlar. İsveçin də 400 aviasiya pilotu norveçli həmkarlarına qoşulmağa hazır olduqlarını bildiriblər. Artıq bir həftədir ki, onlar iş vaxtından çox çalışmaqdan imtina ediblər, iyunun 10-dan isə tətilə başlayacaqları ilə hədələyirlər. Yerli KİV-lərin yazdığına görə, pilotların tətili həm daxili, həm də beynəlxalq aviareyslərə təsir göstərə bilər. SAS-ın Norveç və İsveç bölmələri pilotlarının tətili Danimarka ilə aviareyslərə də müəyyən təsir göstərəcək. Amma SAS-ın bu ölkədəki bölməsinin pilotları qonşu ölkələrdəki həmkarlarının aksiyasını dəstəkləmək niyyətində deyillər. SAS şirkətinin nümayəndəsi Anna Vibeke Nilsen jurnalistlərə müsahibəsində bildirib ki, aviaşirkətin rəhbərliyi tətilin qarşısının alınacağına ümid bəsləyir. O deyib: “Hazırda Norveç pilotlarının iki həmkarlar ittifaqı ilə danışıqlar aparılır. Biz vasitəçilərin köməyi ilə razılaşma əldə etməyə ümid bəsləyirik”. Qeyd edək ki, SAS şirkəti Skandinaviyanın ən iri və aparıcı aviaşirkətidir. Onun səhmdarları həm özəl şirkətlər, həm də Danimarka, Norveç və İsveç hökumətləridir.xeber100.com