Azərbaycana dəstək aksiyası davam edir

Gürcüstan ali məktəblərində təhsil alan Azərbaycan və Gürcüstan vətəndaşları olan azərbaycanlı tələbələr Azərbaycanın Tiflisdəki səfirliyi qarşısında dəstək aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 60-dan çox tələbə əllərində müxtəlif şüarlar Tiflisin küçələrindən keçiblər. Onlar “Dağlıq Qarabağ Azərbaycan torpağıdır!”, “Gəl de, gələk! Öl de, ölək!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndiriblər. Tələbələr əllərində Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqlarını tutaraq ermənilər tərəfindən işğal olunan torpaqların azad olunmasına həmişə hazır olduqlarını bildiriblər. Azərbaycanlı tələbələr Gürcüstan ali məktəblərində təhsil alan gürcü gənclərinin də onların bu arzusunu dəstəklədiklərini, Gürcüstanın da 20 faiz torpaqlarının işğal olunduğunu bildiriblər. Tələbələr Ermənistanın təcavüzkar siyasətini pisləyiblər. Əksəriyyəti Gürcüstan vətəndaşları olan azərbaycanlı gənclər ürəklərinin Azərbaycanla döyündüklərini bildiriblər. Azərbaycan səfirliyi qarşısında keçirilən dəstək aksiyasında gəncləri səfirliyin rəsmilərindən İlyas Məmmədov və Samirə Ağayeva dəstəkləyiblər, onlara minnətdarlıqlarını bildiriblər. Azərbaycan səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri S. Ağayeva azərbaycanlı tələbələrin həmrəyliyini alqışladığını bildirib. Onun sözlərinə görə, indiki vaxtda belə bir birlik və həmrəylik bizi daha güclü edir. “Bu, ağır günlərimizdə böyük dəstəkdir. Güclü dövlət həm də bilikli və bacarıqlı tələbələri ilə fəxr edir. Bizə hərtərəfli dəstək verdiyiniz üçün səfirlik adından minnətdarlığımızı bildiririk”, - deyə o vurğulayıb.  

Aprel 4, 2016 3:43

Azərbaycan mühüm tərəfdaşdır

Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır. APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bəyan edib. “Azərbaycan sammitdə iştirak etmiş bir çox ölkə kimi artıq bir sıra addımlar atıb. Bəzi ölkələrin yüksək zənginləşdirilmiş uran ehtiyatı var, onlar onu azaltmaq barədə qərara gəliblər. Digər ölkələrdə mülki nüvə obyektləri var, lakin vacib təhlükəsizlik təcrübəsi yoxdur və onlar daha yaxşı təhlükəsizlik praktikasını qəbul ediblər. Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər. Onlar sərhəd məntəqələrində və nüvə materiallarının müəyyən edilməsində bizimlə birgə işləyiblər. Özünün coğrafi  mövqeyinə görə Azərbaycan bu  prosesdə mühüm tərəfdaşdır”, deyə B.Obama bildirib. O, əlavə edib ki, bütün dövlətlər ümumi təhlükənin qarşısının alınması üçün öz töhfələrini əsirgəmirlər. B.Obama bildirib ki, Nüvə Təhlükəsizliyi Sammitinin iştirakçıları təmas qrupunun yaradılmasına dair qərar qəbul ediblər: “Bu qrup birgə səyləri əlaqələndirəcək və bu sahədə ümumi planların icrasına nəzarət edəcək. Təmas qrupuna 30-dan çox ölkənin ekspertləri daxil olacaq. Onlar qərarlarımızın gerçəkləşməsi və əlaqələrimizi qorumaq üçün mütəmadi olaraq görüşəcəklər”. Qeyd edək ki, Vaşinqtonda keçirilən sammit Nüvə Təhlükəsizliyi üzrə son zirvə görüşü olub.

Aprel 2, 2016 6:03