“Ağıllı ev” sisteminin inkişaf etdirilməsi planlaşdırılır

Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets jurnalistlərə bildirib ki, respublika paytaxtında “Ağıllı ev” sisteminin inkişaf etdirilməsi planlaşdırılır. BELTA agentliyi xəbər verir ki, 2016-2020-ci illər üçün Belarusun sosial-iqtisadi inkişafı proqramının layihəsində “Ağıllı ev” sisteminin yeni evlər və mənzillər üçün standart qismində tətbiq edilməsi nəzərdə tutulur. “Ağıllı ev” – idarəedici qurğular, simsiz ölçü cihazları (temperaturun, rütubətin, tüstünün ölçülməsi, qapı və ya pəncərələrin açılması və s.), habelə videomüşahidə qurğuları sistemidir. Bu xidmət kompyuter, planşet, mobil telefon və başqa qurğuların köməyi ilə informasiyanın toplanmasını, ötürülməsini və saxlanmasını təmin edir. İstifadəçi sistemi öz istədiyi kimi elə sazlaya bilər ki, o, həm qurğuların işə düşməsi barədə məlumat versin, həm də qurğular müəyyən hərəkətləri yerinə yetirsin (məsələn, hərəkət ölçmə qurğusu işə düşdükdə müşahidə kamerasının yazma funksiyası fəallaşır). Hadisə barədə müştəriyə push-bildiriş (mobil qurğuda proqram məlumatı), göstərilmiş telefon nömrələrinə SMS göndəriləcək və ya elektron poçt ünvanlarına elektron məktub vasitəsilə məlumat veriləcək. Videokameralar baş verən hadisələrdən real vaxt rejimində xəbər tutmağa, video yazmağa və ya təsviri sonradan baxmaq üçün saxlamağa imkan verəcək.xeber100.com

İyun 18, 2016 8:42

BMG tədqiqat mərkəzinin keçirdiyi sorğuya əsasən…

Birləşmiş Krallığın Avropa İttifaqında üzvlüyünün gələcək aqibəti barədə təşviqat yarışında Böyük Britaniyanın Aİ-dən çıxmasının əleyhdarları avroskeptikləri geridə qoymağı bacarıb. Bu barədə məlumat BMG tədqiqat mərkəzinin Şotlandiyanın “Herald” qəzetinin sifarişi ilə keçirdiyi telefon sorğusunun nəticələrində yer alıb. Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqata əsasən sorğuda iştirak edənlərin 46 faizi Böyük Britaniyanın Avropa İttifaqındakı statusunun saxlanılmasının tərəfdarıdır. Ölkənin Aİ üzvlüyündən çıxmasını isə respondentlərin 43 faizi dəstəkləyib. Fikirlərini tam olaraq müəyyən edə bilməyən vətəndaşların sayı əvvəlki kimi çoxluq təşkil edir – 11 faiz. İctimai rəy sorğusu iyunun 11-15-də, Britaniya parlamentinin deputatı Co Koksun rezonans doğuran qətlindən və bu hadisə ilə əlaqədar hər iki düşərgənin təşviqat kampaniyasını dayandırmaq barədə qərarından əvvəl 1064 respondentin iştirakı ilə keçirilib. Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında sonrakı aqibəti barədə referendum iyunun 23-də keçirilməlidir. Bu, Birləşmiş Krallığın tarixi ərzində üçüncü ümummilli plebisitdir. 1975-ci ildə britaniyalılar referendumda ölkələrinin Avropa İqtisadi Cəmiyyətində üzvlüyünü dəstəkləmiş, 2011-ci ildə isə milli seçki sistemindəki dəyişiklikləri rədd etmişdilər.xeber100.com

İyun 18, 2016 8:35

Donald Trampla Hillari Klinton arasında olan fərq azalıb

Respublika partiyasından ABŞ-ın prezidenti postuna namizədliyini təmin edən milyarder Donald Tramp amerikalı seçicilər arasında populyarlığına görə seçki kampaniyasındakı əsas rəqibi – demokrat Hillari Klinton ilə arasında olan fərqi azaldıb. Bu məlumat iyunun 17-də dərc olunan “Ipsos” beynəlxalq sosioloji mərkəzi ilə “Reuters” agentliyinin müştərək keçirdikləri yeni ümummilli sorğunun nəticələrində əksini tapıb. Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əldə olan məlumata əsasən bu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkidə rəyi soruşulanların 34,8 faizi Trampa, 45,5 faizi Klintona səs verməyə hazırdır. Sorğuda iştirak edən respondentlərin 19,7 faizi isə hələ fikirlərini tam olaraq müəyyən etmədiklərini bildirib. Beləliklə də hazırda namizədlər arasında populyarlıq fərqi 10,7 faiz təşkil edir. Halbuki bir həftə əvvəl bu göstərici 14,3 faiz olmuşdu. Sorğunu təşkil edən mütəxəssislərin fikrincə, son həftə ərzində Trampın populyarlığının artmasına Orlando ştatında 49 nəfərin öldürülməsi ilə nəticələnən hücuma sərt reaksiya səbəb ola bilər. “Gecə klubuna hücumdan sonra Tramp milli təhlükəsizlik barədə çıxışlarının tonunu yüksəldərək seçkilərdə qələbə qazanacağı təqdirdə ABŞ və onun müttəfiqlərinə qarşı “terror tarixi sübut olunan” bütün ölkələrdən miqrasiyanı qadağan edəcəyini bildirib”, - deyə “Reuters” agentliyi yazır. Son sorğunun nəticəsinə əsasən respondentlərin 45 faizi milyarderin müsəlmanların ABŞ-a daxil olmasını qadağan etmək barədə təklifini (keçən həftə bu göstərici 41,9 faiz təşkil edirdi), 70 faizi isə ölkədə silah dövriyyəsinin məhdudlaşdırılması ideyasını dəstəkləyib ki, bu da 2014-cü illə müqayisədə 10 faiz artıqdır.

İyun 18, 2016 8:09

“Boeing-777” təyyarəsinin axtarışları davam edir

2014-cü ilin martında itmiş “Malayziya Hava Yolları”na məxsus “Boeing-777-200” sərnişin təyyarəsinin axtarışları çox güman ki, avqustda başa çatacaq. Bu barədə məlumat verən Avstraliya Nəqliyyatda Təhlükəsizlik Agentliyinin (ANTA) nümayəndəsi bildirib ki, axtarış zonasında qış qasırğalarının başlanması işə ciddi mənfi təsir göstərəcək. ANTA-nın nümayəndəsi deyib: “İndiyədək ümumi sahəsi 120 min kvadratkilometr olan axtarış zonasının 105 min kvadratkilometri artıq təhqiq olunub. Əvvəlcə işin ilin birinci yarısında başa çatdırılması planlaşdırılsa da, hava şəraitini nəzərə alaraq, axtarışları avqustadək uzatmağı nəzərdə tuturuq. Bununla yanaşı, havanın yaxın zamanlarda pisləşəcəyini də unutmaq olmaz. Avstraliya, Malayziya və Çinin əldə etdiyi razılığa əsasən, təyyarənin dəqiq yerinin müəyyən edilməsi barədə hər hansı informasiya olmayacağı təqdirdə, hazırkı axtarış zonası genişləndirilməyəcək”. Hava şəraiti nəzərə alınmaqla “Fugro Discovery” və “Dong Hai Jiu 101” gəmiləri axtarış zonasında dənizin dibini tədqiq etməkdə davam edəcək. “Fugro Equator” gəmisi isə iyunun 16-da Frimentl limanını tərk edərək, axtarış zonasına qayıdacaq. ANTA-nın əməkdaşı, həmçinin ötən həftə Madaqaskar və Avstraliyanın Kenquru adası sahillərində itmiş təyyarəyə məxsus olduğu güman edilən yeni parçalar barədə də məlumat verib. Həmin parçaların Kanberradakı laboratoriyada tədqiq olunması barədə razılıq əldə olunub.xeber100.com

İyun 16, 2016 11:51