Sərhəd yoxlamalarının müddəti uzadılacaq

Norveç hökuməti Şengen sazişinə qoşulmuş ölkələrlə sərhəd yoxlamalarının müddətinin 2016-cı il noyabrın 11-dək uzadılması haqda qərarını elan edib. Norveç KİV-ləri bu haqda krallığın Ədliyyə Nazirliyi tərəfindən yayılmış informasiyaya istinadla xəbər verirlər. Nazirlikdə qeyd edilib ki, yoxlama tədbirlərinin müddəti Avropa İttifaqının qərarına uyğun olaraq uzadılır. Xatırladaq ki, Aİ Avstriya, Almaniya və İsveçin, habelə Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan Norveçin hakimiyyət orqanlarına tövsiyə edib ki, miqrasiya böhranı ilə əlaqədar Şengen zonası daxilində sərhədlərin ayrı-ayrı hissələrində nəzarət tədbirlərinin müddəti yarım il artırılsın. Bu halda həmin ölkələrin hökumətləri cari vəziyyət barədə hər ay Aİ-yə məlumat verəcəklər. Danimarka və İsveçin hakimiyyət orqanları Aİ-nin bu məsləhətinə daha əvvəl əməl edərək öz sərhədlərində nəzarət tədbirlərinin müddətini uzadıblar. Norveçin ədliyyə naziri Anders Anundsen bu məsələni şərh edərək, Aİ-də sərhəd nəzarəti üzrə işlərin müddətinin uzadılmasının zəruri olduğunu anlamalarına görə məmnunluğunu bildirib. Vəziyyəti tənzimləmək məqsədilə 2015-ci ilin noyabr ayından etibarən Norveçə gələn insanların sənədləri yoxlanılır. İndiyə qədər hakimiyyət orqanları hər ay nəzarət tədbirlərinin müddətinin uzadılması barədə qərar qəbul edirdi. Cari ilə aid məlumatlar göstərir ki, həm Norveçdə, həm də qonşu İsveçdə və Danimarkada sərhəd yoxlamaları aparılması səmərəli nəticələr verir, çünki bu ölkələrə gələn qaçqınların sayı nəzərəçarpacaq dərəcədə azalıb.xeber100.com

İyun 11, 2016 2:20

Pilotlar tətilə başlayır

“Skandinaviya Hava Yolları” (SAS) aviaşirkətinin rəhbərliyi həmkarlar ittifaqının pilotlar üçün tələb etdiyi yay məzuniyyətləri cədvəlindəki dəyişikliklərlə əlaqədar problemi məqbul şəkildə həll edə bilməyib. İsveç KİV-lərinin yaydığı xəbərə görə, buna cavab olaraq SAS-ın Norveç bölməsinin əməkdaşları iyunun 9-dan tətilə başlayacaqları barədə xəbərdarlıq ediblər. Tərəflər arasında razılıq əldə olunmasa, 435 norveçli pilot bu gündən etibarən işini dayandıracaq. Verilən məlumata görə, bu pilotlar əsas etibarilə yaxın və orta məsafəli aviareyslərdə çalışırlar. İsveçin də 400 aviasiya pilotu norveçli həmkarlarına qoşulmağa hazır olduqlarını bildiriblər. Artıq bir həftədir ki, onlar iş vaxtından çox çalışmaqdan imtina ediblər, iyunun 10-dan isə tətilə başlayacaqları ilə hədələyirlər. Yerli KİV-lərin yazdığına görə, pilotların tətili həm daxili, həm də beynəlxalq aviareyslərə təsir göstərə bilər. SAS-ın Norveç və İsveç bölmələri pilotlarının tətili Danimarka ilə aviareyslərə də müəyyən təsir göstərəcək. Amma SAS-ın bu ölkədəki bölməsinin pilotları qonşu ölkələrdəki həmkarlarının aksiyasını dəstəkləmək niyyətində deyillər. SAS şirkətinin nümayəndəsi Anna Vibeke Nilsen jurnalistlərə müsahibəsində bildirib ki, aviaşirkətin rəhbərliyi tətilin qarşısının alınacağına ümid bəsləyir. O deyib: “Hazırda Norveç pilotlarının iki həmkarlar ittifaqı ilə danışıqlar aparılır. Biz vasitəçilərin köməyi ilə razılaşma əldə etməyə ümid bəsləyirik”. Qeyd edək ki, SAS şirkəti Skandinaviyanın ən iri və aparıcı aviaşirkətidir. Onun səhmdarları həm özəl şirkətlər, həm də Danimarka, Norveç və İsveç hökumətləridir.xeber100.com

İyun 9, 2016 3:14