Pilotlar tətilə başlayır

“Skandinaviya Hava Yolları” (SAS) aviaşirkətinin rəhbərliyi həmkarlar ittifaqının pilotlar üçün tələb etdiyi yay məzuniyyətləri cədvəlindəki dəyişikliklərlə əlaqədar problemi məqbul şəkildə həll edə bilməyib. İsveç KİV-lərinin yaydığı xəbərə görə, buna cavab olaraq SAS-ın Norveç bölməsinin əməkdaşları iyunun 9-dan tətilə başlayacaqları barədə xəbərdarlıq ediblər. Tərəflər arasında razılıq əldə olunmasa, 435 norveçli pilot bu gündən etibarən işini dayandıracaq. Verilən məlumata görə, bu pilotlar əsas etibarilə yaxın və orta məsafəli aviareyslərdə çalışırlar. İsveçin də 400 aviasiya pilotu norveçli həmkarlarına qoşulmağa hazır olduqlarını bildiriblər. Artıq bir həftədir ki, onlar iş vaxtından çox çalışmaqdan imtina ediblər, iyunun 10-dan isə tətilə başlayacaqları ilə hədələyirlər. Yerli KİV-lərin yazdığına görə, pilotların tətili həm daxili, həm də beynəlxalq aviareyslərə təsir göstərə bilər. SAS-ın Norveç və İsveç bölmələri pilotlarının tətili Danimarka ilə aviareyslərə də müəyyən təsir göstərəcək. Amma SAS-ın bu ölkədəki bölməsinin pilotları qonşu ölkələrdəki həmkarlarının aksiyasını dəstəkləmək niyyətində deyillər. SAS şirkətinin nümayəndəsi Anna Vibeke Nilsen jurnalistlərə müsahibəsində bildirib ki, aviaşirkətin rəhbərliyi tətilin qarşısının alınacağına ümid bəsləyir. O deyib: “Hazırda Norveç pilotlarının iki həmkarlar ittifaqı ilə danışıqlar aparılır. Biz vasitəçilərin köməyi ilə razılaşma əldə etməyə ümid bəsləyirik”. Qeyd edək ki, SAS şirkəti Skandinaviyanın ən iri və aparıcı aviaşirkətidir. Onun səhmdarları həm özəl şirkətlər, həm də Danimarka, Norveç və İsveç hökumətləridir.xeber100.com

İyun 9, 2016 3:14

NATO təlimlərə başlayır

Bu gün Polşada bu respublikanın tarixində ən genişmiqyaslı hərbi təlimlər – NATO-nun “Anakonda” təlimləri başlanır. Manevrlərin rəsmi açılış mərasimi Polşa paytaxtındakı Milli Müdafiə Akademiyasında keçiriləcək. Polşa Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Anakonda-16” təlimlərində rekord sayda dövlət və əsgər iştirak edəcək. Manevrlərə 24 ölkədən 31 min əsgər, o cümlədən Polşadan 12 min, ABŞ-dan 10 min, Böyük Britaniyadan minə yaxın hərbi qulluqçu cəlb ediləcək. Təlimlərdə 3 min vahid hərbi texnika, o cümlədən tanklar və zirehli transportyorlar, yüzdən artıq təyyarə və helikopter, 12 gəmi tətbiq olunacaq. Manevrlər Polşanın bütün poliqonlarında keçiriləcək. Polşa Müdafiə Nazirliyi bildirib: “Bu təlimlərin məqsədi qarışıq təhdidlər yaranması şəraitində birgə müdafiə əməliyyatı çərçivəsində milli komandanlıqla koalisiya komandanlıqlarının qarşılıqlı fəaliyyətini möhkəmlətməkdir”. “Anakonda” təlimləri çərçivəsində planlaşdırılan “Çevik cavab” (Swift Response) manevrləri zamanı ABŞ-dan Avropaya desant endiriləcək. Amerikanın Şimali Karolina ştatından olan hərbçilər Olştın və Torun yaxınlığındakı Polşa poliqonlarında yerə enəcək, sonra isə Polşada və qonşu ölkələrdə təlim vəzifələrini yerinə yetirməyə başlayacaqlar.xeber100.com

İyun 6, 2016 3:33

Norveç bütün növlərdən olan qazıntı yanacağını qadağan edəcək

Norveç gələn onillikdə bütün növlərdən olan qazıntı yanacağını qadağan edəcək və planetin ən mütərəqqi ölkəsinə çevriləcək. BBC  xəbər verir ki, siyasi spektrin hər iki tərəfində olan partiyalar 2025-ci ildək Norveçdəki maşınların 100 faizinin yaşıl enerjiyə keçəcəyi barədə razılığa gəliblər. Norveçin Dagens Naeringsliv qəzetinin ölkənin sağ təmayüllü populist Framstegspartiet partiyasına (Tərəqqi Partiyası) istinadən yazır ki, gələn onillikdə bütün benzin işlədən maşınlar yığışdırılacaq. Siyasətçilər deyirlər ki, bu qərar Norveç üçün xüsusi onəm daşıyır, beləki ölkənin əsas maliyyə fondları neft sənayesinə söykənir. Bu hesabatdan əvvəl verilmiş başqa bir bəyanatda isə deyilirdi ki, Norveç meşə qırılmasını sıfır həddinə endirəcək ilk ölkə olmağa hazırlaşır. Norveçdə 2025-ci ilədək benzinlə işləyən maşınların ləğv olunacağı barədə xəbəri sevinclə qarşılayanlardan biri də ABŞ elektrik avtomobilləri istehsalçısı Tesla Motorsun baş icraçı direktoru Elon Musk olub. “Elə indicə eşitdim ki, Norveç 2025-ci ilədək bütün benzin avtomobillərini qadağan edəcək. Necə də ecazkar bir ölkədir. Siz qiyamətsiniz, uşaqlar!” – yazır Musk. Bununla belə, Demokratik və Liberal partiyalar bildiriblər ki, qəbul olunmuş qərarın təfərrüatları hələ də Tərəqqi Partiyası ilə müzakirə olunur. Norveç 2025-dək qazıntı yanacağını qadağan edəcək Britaniya da bu istiqamətdədir. Əgər bu qərar tam qəbul olunsa, bu hətta Leyborist Partiyasının 2030-cu ildək dizel və benzinlə işləyən maşınların satışını dayandırmaq planından da daha ambisiyalı addım olacaq, yazır “The İndependent”. Norveçi bərabər təmsilçilikdə idarə edən dörd siyasi partiya habelə elektrik enerjisinə yeni “iqlim vergisinin” qoyulması barədə razılığa gəliblər. “The İndependent” yazır ki, Norveçdə hazırda avtomobillərin 24 faizi elektriklə işləyir. Bundan başqa Norveçdə elektrik enerjisinin 99 faizini su-elektrik stansiyaları istehsal edir. Üstəlik, Norveç 2020-ci ilədək külək enerjisinin həcmini 3 dəfə artırmağı planlaşdırır. Bu məqsədlə bu sahəyə 2013-cü ildə qəbul edilmiş sənədə əsasən 3 milyard dollar vəsait ayrılıb. Bu arada Britaniyada hakim Mühafizəkar Partiya yaşıl enerji növlərinə “sədaqət andı içsə də” ölkənin enerji problemini şist neftinin və nüvə stansiyalarının hesabına həll etməyə can atmasına görə tənqid olunur. Buna baxmayaraq Britaniyada bərpa olunan enerji istehsalına yatırımlar ötən il 25 faiz artırılıb (BBC).xeber100.com

İyun 6, 2016 3:26