Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına əsasən…

Qazaxıstanda bir qrup yüksək vəzifəli məmur və hərbçi hakimiyyəti ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanılıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Şübhəli şəxslər arasında Qazaxıstan baş prokurorunun sabiq birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi general-mayor Doskaliyevin adı var.Saxlanılan şəxslər istintaq təcridxanasına aparılıb. Hazırda araşdırma gedir.Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktı zamanı ölənlərin sayı isə 17 nəfərə çatıb. Daxili İşlər Nazirliyinin dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevin məlumata görə, onlardan üçü yerli sakin, üçü hərbçi, 11 nəfər isə ekstremistdir.O bildirib ki, ekstremistlər əvvəlcə silah mağazasına hücum ediblər. Onlar satıcını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Sonra orada Milli Qvardiyanın döyüşçüləri ilə döyüş olub. Atışma zamanı 3 hərbçi ölüb.xeber100.com

İyun 6, 2016 3:00

“Avstraliya təcrübəsi”nin tətbiqi…

Avstriya xarici işlər naziri Sebastyan Kurts Avropada sığınacaq axtaran miqrantları qitəyə buraxmaq əvəzində adalarda saxlamağın daha yaxşı olduğunu bəyan edib.Apa-nın məlumatına görə, S. Kurts Avstriyanın “Die Presse” miqrantların Avropaya təhlükəli səfərinin qarşısının alınması üçün “Avstraliya təcrübəsi”ni tətbiq etməyi təkli edib. Avstraliya qayıqlarla gəlməyə çalışan miqrantları Naur və Papua-Yeni Qvineya adalarındakı düşərgələrə göndərir və qaçqın statusu alana qədər onları qeyri-müəyyən müddətdə həmin yerlərdə saxlayır. Bu müddət ərzində hətta onlar qaçqın statusu alsalar da, Avstraliyada məskunlaşmaları qadağan edilir. S. Kurts deyib ki, Avstraliya modeli tam tətbiq olunmasa da, bu prinsiplərdən Avropada istifadə etmək olar: "Mən bir müddət əvvəl Avropa İttifaqı ilə Türkiyə arasında imzalanan miqrant sazişinə skeptik yanaşıram. Avropa İttifaqı qətnamə qəbul etməlidir ki, Avropaya qanunsuz yolla gələnlər sığınacaq istəmək hüququnu itirirlər”. Qeyd edək ki, Avropa İkinci Dünya Müharibəsindən sonra ən ciddi miqrasiya böhranı yaşayır. Yaxın Şərq və Şimali Afrikadan 2015-ci il ərzində 1,8 milyon miqrant Avropaya gəlib. Bu ilin əvvəlindən isə Avropaya 194 min 611 miqrant gəlib, 1475 miqrant isə dəniz yolu ilə təhlükəli səfər zamanı itkin düşüb, ölüb. Avropa İttifaqı və Türkiyə arasında miqrant sazişi isə bu il martın 20-də qüvvəyə minib. Sazişə əsasən martın 20-dən qeyri-leqal yolla Türkiyədən Yunanıstana gələn miqrantlar Türkiyəyə geri qaytarılır. Bunun əvəzində Avropa İttifaqı Türkiyədən eyni sayda miqrantı qəbul edir.xeber100.com

İyun 5, 2016 3:50